Sen
2022
13:14
50
15
1405
Virtual karabakh

EBRD rəhbəri: “SGC-nin ötürücülük qabiliyyətinin genişləndirilməsində Azərbaycanla əməkdaşlığa hazırıq”

9 Sen, 2022
13:14
1405

EBRD rəhbəri: “SGC-nin ötürücülük qabiliyyətinin genişləndirilməsində Azərbaycanla əməkdaşlığa hazırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirak edən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ölkəmizin uzunmüddətli tərəfdaşıdır. EBRD prezidenti Odil Reno-Bassonun sentyabrın 11-dən 13-dək Azərbaycana səfər edəcəyi gözlənilir.

Bununla bağlı “Report” EBRD rəhbəri ilə müsahibə hazırlayıb.

Həmin müsahibəni təqdim edirik:

- EBRD Azərbaycandan və böyük Xəzər regionundan enerji resurslarının Avropa bazarına tədarükünün genişləndirilməsinə necə kömək edə bilər?

- Biz, təxminən, 30 ildir Azərbaycan ilə tərəfdaşlıq edirik və ölkənin Energetika Nazirliyi ilə çox yaxşı əlaqələr qurmuşuq. Bank bundan əvvəl “Şahdəniz II”, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri vasitəsilə Cənub Qaz Dəhlizi (SGC) layihəsinə 1,7 milyard avro maliyyə vəsaiti ayırıb.

Biz başa düşürük ki, SGC-nin imkanları genişləndirilə bilər və bu barədə qərar qəbul olunarsa, biz Azərbaycanla əməkdaşlıqdan məmnun olarıq. Amma bir bankın layihəni maliyyələşdirməsi üçün o, Paris sazişinin məqsədlərinə və bankın yer altından çıxarılan yanacaqlara yanaşmasına uyğun olmalıdır.

Bundan əlavə, biz Azərbaycanın bərpa olunan enerji sektorunu da dəstəkləyirik. Bu il biz ölkənin Ələt qəsəbəsi yaxınlığında yerləşən ilk özəl günəş elektrik stansiyasına investisiya yatırdıq. Biz həmçinin Abşeron yarımadasında ilk külək elektrik stansiyasına investisiya yatırmaq niyyətindəyik və gələcəkdə bu sektora əlavə dəstək verməyə hazırıq.

- EBRD Azərbaycanın Abşeron rayonunda yerləşən və quraşdırma gücü 240 MVt olan külək elektrik stansiyasının işlənib hazırlanması, tikintisi və istismarı üçün uzunmüddətli kredit ayırıb. Yaxın gələcəkdə bərpa olunan enerji mənbələri sahəsində hər hansı yeni kreditlər gözləyə bilərikmi? EBRD gələcək layihələri nəzərdən keçirərkən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin potensialını nəzərə alırmı?

- Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun imzalanmasından və təsdiqindən sonra bir il ərzində Qaradağda ilk özəl günəş elektrik stansiyasına 21,4 milyon avro sərmayə yatırmışıq. Bu ilin sonunda Abşeronda yerləşən külək elektrik stansiyasına investisiya yatırmağa davam etməyə hazırlaşırıq. Bununla belə, qeyd etmək lazımdır ki, layihə hələ hazırlıq mərhələsindədir.

Azərbaycanın bərpa olunan enerji mənbələri sektoru ilə fəal əməkdaşlığımız Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçid proqramına dəstək verməyə hazır olduğumuzu göstərir. Bərpa olunan enerji mənbələri burada bizim əsas strateji prioritetlərimizdən biridir. Buna görə də, biz Azərbaycanda gələcək investisiya imkanlarını araşdırmaqda davam edəcəyik və onların coğrafi mövqeyi hər bir layihə üzrə ayrı-ayrılıqda qiymətləndiriləcəkdir.

- EBRD Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidini dəstəkləmək üçün daha hansı addımları atır?

- EBRD Azərbaycana qeyri-neft sektorunun daha da inkişafı və “yaşıl iqtisadiyyat”a investisiyaların artırılması sahəsində kömək etməyə hazırdır. Bərpa olunan enerji mənbələri ilə yanaşı, biz enerji səmərəliliyinin artırılması, daha təmiz nəqliyyat və dayanıqlı infrastruktur layihələrini də maliyyələşdiririk.

Gələn həftə baş tutacaq səfərim zamanı Gəncənin işıqlandırma sisteminin müasirləşdirilməsinə dəstəklə bağlı müqavilə imzalayacaq. Maliyyə və iqtisadiyyat nazirlərinə, Nazirlər Kabinetinin digər üzvlərinə və Gəncə rəhbərliyinə “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilən layihələrə davamlı dəstəyə görə təşəkkür etmək istərdik.

Layihə “Yaşıl Şəhərlər” proqramına qoşulan ilk Azərbaycan şəhəri olan Gəncədə bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına əvvəlki investisiyalarımızdan sonra həyata keçirilir. Səmimi qəlbdən ümid edirəm ki, bu, Azərbaycanda yaşıl infrastrukturla bağlı çoxsaylı investisiyalarından biri olacaqdır.

- EBRD-nin 2023-cü ildə Azərbaycanda əsas fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

- Biz 2023-cü ildə Azərbaycan üçün əsas strateji prioritetlərimizi saxlamaq niyyətindəyik ki, bu da əsas diqqətin əvvəlki kimi ölkənin qeyri-neft sektorunun inkişafına, yerli kreditorların gücləndirilməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına və regional əlaqələrə yönəldilməsi deməkdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri