Okt
2022
16:50
47
73
1029
Virtual karabakh

Aqrar sığorta sistemi əhatə dairəsini genişləndirir: Növbəti filial Cəlilabadda fəaliyyətə başladı - FOTO

6 Okt, 2022
16:50
1029

Aqrar sığorta sistemi əhatə dairəsini genişləndirir: Növbəti filial Cəlilabadda fəaliyyətə başladı - FOTO

Lənkəran-Astara iqtisadi rayonunda fermerlərin dövlət dəstəkli aqrar sığorta xidmətlərindən istifadəsini asanlaşdırmaq məqsədilə növbəti filial Cəlilabad şəhərində fəaliyyətə başlayıb.

Qeyd edək ki, ölkənin cənubunda yerləşən bu iqtisadi rayona Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları daxildir. Kənd təsərrüfatında faraş tərəvəzçilik, kartofçuluq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. 

Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Lənkəran-Astara iqtisadi rayonunda bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 1918 aqrar sığorta müqaviləsi üzrə 10333 hektar əkin sahəsi sığortalanıb. Buraya buğda, arpa, çəltik, çay, ərik, limon, naringi, noxud, pambıq, qarğıdalı sahələri, iri və xırda buynuzlu heyvan təsərrüfatları daxildir.

Gəlirlərini qorumaq, fəaliyyətlərinin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Cəlilabad şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, payızlıq əkin mövsümünün başlaması ilə əlaqədar aqrar sığorta ilə bağlı müraciətlər artıq başlayıb. Dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Getdikcə daha çox fermer Fonda güvənir və başa düşür ki, problem yarandıqda onlara köməklik göstəriləcək və problemlərlə tək qalmayacaqlar. Fəaliyyətə başladığı qısa müddətdə Fond gözləniləndən artıq fermer və təsərrüfat sahələrini əhatə edə bilib. Bu gün açılışı olan Cəlilabad filialı da fermerlərə daha yaxın olmaq, onları maraqlandıran məsələlərlə bağlı operativ kömək etmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq.  

Açılışda iştirak edən Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara iqtisadi rayonu Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışından məmnun olduqlarını, bundan sonra təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.

Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, onlara daha əlçatan olmaq məqsədilə ilin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur.  

Bundan əlavə Aqrar Sığorta Fondu ölkədə kənd təsərrüfatı məhsullarının əlçatanlığının təmin edilməsi və sistemin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bölgələrdə müşavirələr keçirir ki, bunlardan biri də ötən gün Cəlilabad rayonunda baş tutub. 

Cəlilabadda keçirilən təbirdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, fermerlər, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub.

Açılış nitqi ilə çıxış edən Cəlilabad Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazim Şükürov rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan taxılçılıq, faraş tərəvəzçilik, kartofçuluq, üzümçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, rayonda aqrar sahənin inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Nazim Şükürov ötən il və bu ilin martında Cəlilabadda fermerlərin üzləşdiyi problemləri xatırladıb. Onun sözlərinə görə, ardıcıl yağan yağışlar, sel-subasma nəticəsində çiyələk və kartof sahələrinə ciddi zərər dəymiş amma məhsul sığortalanmadığı üçün fermerlər böyük itkilərlə üzləşmişdilər. Bu səbəbdən də fermerlərin öz gəlirlərini qorumaq məqsədilə aqrar sığorta xidmətlərindən istifadə etməsi önəmlidir və bunun üçün də hər bir imkan yaradılıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ni əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.

Onun sözlərinə görə, dövlət dəstəkli aqrar sığorta Prezident İlham Əliyevin fermerlərə xüsusi qayğısının bariz nümunəsidir. Dövlət fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Fermerlərin bu xidmətlərdən istifadə edə bilməsi üçün hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Buna görə də biz fermerlərə səslənirik ki, onlar bu xidmətdən faydalansınlar və öz məhsullarını qorusunlar. Artıq payızlıq əkinlərin dövrü başlayıb. Ölkədə 1 milyon 900 min hektar əkin ərazimiz var. Onun 1 milyonu payızlıq əkinlərdir. Fermerlərimizə çağırış edirik ki, məhsullarını vaxtında sığortalasınlar ki, hadisə baş verdikdə zərərə məruz qalmasınlar. Fuad Sadıqov Yardımlıda, Lerikdə mart ayında qar, davamlı yağışların yağması, qarın əriməsi nəticəsində Neftçala rayonu ərazisində olan su hövzələrinin, bəndlərin daşdığını, bütün əkin sahələrinin su altında qaldığını, fermerlərin 100 minlərlə manat məbləğində ziyan çəkdiyini bildirib. Qeyd edib ki, sahələrini sığortalayan fermerlər öz əkin ərazilərinə uyğun olaraq təzminat aldılar və yenidən fəaliyyətlərini davam etdirə bildilər. Açıq səma altında bir istehsalı təbiət hadisələrindən qorumaq mümkün deyil. Ciddi bir hadisə zamanı fermerlər nəinki gözlədikləri gəlirləri, yatırımlarını da itirirlər. Bu hallarda onlara dəstək olmaq, fermerlərin investisiya və qazanclarının etibarlı qorunması məqsədilə dövlət tərəfindən yaradılmış mexanizm artıq 2 ildir fəaliyyətə başlayıb. Cəlilabadda aqrar sığorta regional nümayəndəliyinin açılmasında əsas məqsədimiz fermerlərə daha yaxın olmaq, xidmətlərin əlçatanlığını təmin etməkdir.

Aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerlər 1651 qısa nömrəsi ilə də əlaqə saxlaya bilərlər. Bütün aqrar sığorta müqavilələrinin elektron qaydada həyata keçirildiyini vurğulayan Fuad Sadıqov qeyd edib ki, hazırda fermerlər 48 növ məhsulu sığortalaya bilərlər. 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır.

ASF kommersiya məqsədi daşımayan və könüllülük prinsipi əsasında fəaliyyət göstərən bir mexanizmdir. Fermerlər əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” və “Heyvandarlıq kalkulyatoru” bölmələrində hesablaya bilərlər.

DAİM rəhbəri çıxışında qeyd edib ki, ölkənin regionlarında aqrar sığortanın tətbiqinə başlanılmasından bu günə kimi bu sahədə mühüm uğurlar qazanılıb. Aqrar sığortanın əhatə dairəsinin genişlənməsi bu sırada xüsusi yer tutur. Bununla yanaşı aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı da genişləndirilib Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı şəkildə qorunub.

Toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri