Noy
2022
11:42
20
135
6066
Virtual karabakh

Dolların bahalaşması fonunda manat sabit qalacaqmı?

5 Noy, 2022
11:42
6066

Dolların bahalaşması fonunda manat sabit qalacaqmı?

Pərviz Heydərov yazır...

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) dolları bahalaşdırmaqda davam edir. Məlum olduğu kimi adıçəkilən qurum noyabr iclasında bu il ərzində artıq, dördüncü dəfə olaraq uçot faizini 75 baza bənd (0,75%) üzrə artıraraq 3,75-4% aralığına çatdırdı. Buna qədər isə 3-3,25% təşkil edirdi. İlin sonunadək bu rəqəmin 5%-ə yaxınlaşdırılacağı gözlənilir. Sonuncu iclasda da (sentyabrın 22-si) uçot dərəcəsi 0,75% artırılmışdı.

Ümumiyyətlə, noyabrda da 75 baza bəndlik faiz artımının olacağı qabaqcadan məlum idi. Bu tendensiyanın məğzi ABŞ valyutasının dəyərini yüksəltməkdən ibarət olduğu üçün enerjidaşıyıcılarının qlobal qiymətlərini ucuzlaşdıracağı, inflyasiyanın qarşısını alacağı hələ ki, bəlli deyil. Reallıq isə bundan ibarətdir ki, dünyanın digər aparıcı valyutaları ABŞ dollarına nəzərən ucuzlaşmaqdadır. Bu faktorun isə əslində, ABŞ-yə idxalı stimullaşdrıdığı, ixracısa məhdudlaşdırdığı bəlli məsələdir.

FES-in dolları bahalaşdırma siyasətinin ABŞ-nin özü üçün nə dərəcədə effektli olacağı hələ bəlli deyil. Lakin əsas məqsədin məşğulluğu artırmaq, inflyasiyanı 2%-ə endirmək olduğu aydındır. Çünki pandemiyanın nəticələri, ərzaq və enerjidaşıyıcılarının baha olması, Ukrayna ətrafında vəziyyət bütün sahələrdə tələb ilə təklifin nisbətini pozub.

Bizə gəldikdə isə, Azərbaycan manatı birbaşa dollara bağlı olduğu üçün dollar bahalaşdıqca milli pul vahidimiz də digər valyutalara görə bahalaşmağa davam edir.

Yeri gəlmişkən, bahalaşdırma siyasətini təkcə ABŞ mərkəzi bankı yürütmür, digər ölkələrin mərkəzi bankları da milli pul vahidlərinin dəyərini artırmağa cəhd göstərirlər. O cümlədən, Azərbaycan Mərkəzi Bankı da... Yəni, bütün ölkələrdə mərkəzi banklar tərəfindən uçot dərəcələri qaldırılır. Bu, həm ABŞ dollarına münasibətə görə belə edilir, həm də eyni tendensiyaların - inflyasiya və bahalaşma prosesini məhdudlaşdırmaq üçün...

Amma hələ ki heç bir effekt əldə edilmir.

Diqqət yetirmək kifayətdir ki, adi FES-in sonuncu qərarından sonra dollar bahalaşmadı, əksinə ucuzlaşma nümayiş etdirdi. Düzdür, bu müvəqqətidir, dünyanın bütün aparıcı valyutaları ABŞ valyutasına nəzərən ucuzlaşmaqdadır.

Bəs, manatın dollara nəzərən sabit məzənnədə qalması hansı fəsadlar törədə bilər? Və ümumiyyətlə, bunun xeyri var, yoxsa ziyanı?

Manatın dəyəri sərbəst üzən məzənnə rejimi əsasında təşəkkül tapmır, Mərkəzi Bank (AMB) tərəfindən inzibati yolla tənzimlənir ki, bu artıq, illərdir belədir və bunda iqtisadiyyatı bütün idarəetmə orqanları maraqlı görünür.

“Maliyyə Nazirliyi manatın məzənnəsinin sabit qalmasında maraqlıdır”, - deyə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Eyni zamanda, AMB-nin sədri Taleh Kazımov da qeyd edib ki, məzənnənin sabit qalması makroiqtisadi dayanaqlıq üçün vacib şərtdir. Odur ki, növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb ki, bu, milli valyutanın 2018-ci il martın 7-sindən bəri dəyişməyən məzənnəsidir.

Xatırladım ki, neftin dünya bazar qiymətlərinin düşməsi nəticəsində 2015-ci ildə iki dəfə devalvasiya həyata keçirildikdən sonra 2016-cı ildə də manatın məzənnəsi sanki üzən məzənnə rejimi əsasında fəaliyyət göstərirmiş kimi 14% ucuzlaşdı. Amma 2017-ci ildən cüzi geri dönüş edərək sabitləşdi.

Manatın məzənnəsini sabit saxlamaq elə-belə başa gəlmir. Ötən şərhlərimin birində də qeyd etdim ki, valyuta gəlirlərimiz çoxşaxəli mənbələr əsasında formalaşmadığından ölkəmizin dövlət gəlirləri neft dollarlarına bağlıdır. Başqa sözlə, neftin ixrac, yəni dünya bazar qiymətlərinə... Odur ki, manatın məzənnəsi də əsas etibarı ilə məhz bundan asılıdır.

Ancaq ABŞ dollarına nəzərən manatın bahalaşması sözsüz ki, ölkə iqtisadiyyatına ziyandır, iqtisadi artım tempinə buxov sayılmaqla, ixracı zəiflədir, idxalı stimullaşdırır və sair. Üstəlik inflyasiya faktoru ilə əlaqədar ölkədə sərt pul-kredit siyasəti həyata keçirilir ki, bütün bunlar da idxal mallarının daxili bazarda dominant rol oynaması üçün təminat yaradır.

Belə şəraitdə isə yerli istehsalçıların “əl-qolu” bağlanır.

İnflyasiyada ciddi artım var, ərzaq inflyasiyası 20%-i keçib. Digər tərəfdən, bu gün bütün inkişaf etmiş ölkələrdə sərt pul-kredit siyasəti həyata keçirilir - mərkəzi banklar yuxarıda qeyd etdiyim kimi uçot dərəcəsini artırırlar. 

Başqa çıxış yolu varmı?!

Xeyr, yoxdur... Hazırkı şəraitdə bazarı qorumaq deyil, tənzimləmək daha məqbul sayılır ki, ilk növbədə məhz bunun öhdəsindən gəlmək tələb olunur. Hansı ki, ixracı stimullaşdırmaq müvəqqəti olaraq arxa plana keçməlidir. Bəli, dollar bahalaşır. Ancaq eyni zamanda, ölkəyə bahalı dollar kütlələri daxil olur. Söhbət, neftin ixrac qiymətindən gedir.

Manatı ABŞ dolları qarşısında məzənnə baxımından sərbəst buraxmaq olar. Ancaq bu, istənilən effekti verməyəcək və verə də bilməz. Ölkəyə real olaraq bahalı dollar kütlələrinin daxil olmasına baxmayaraq, manat bəlkə də ucuzlaşacaq, o səbəbdən ki, ölkədə ABŞ dollarını satan yeganə qurum Dövlət Neft Fondudur.

Odur ki, tələbin çoxşaxəli təklifin isə alternativsiz olduğu yerdə inzibati üsul idarəetmədə bu, istər-istəməz yeganə metod sayılır və sayılmalıdır da. Ümumiyyətlə, makroiqtisadi dayanıqlığı qoruyub saxlamaq baxımından manatın məzənnəsinin hələ uzun müddət sabit qalması vacib sayılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri