16 
Noy
2022
10:58
13
80
599
Virtual karabakh

Elmin inkişafı büdcədən nə dərəcədə asılıdır?

16 Noy, 2022
10:58
599

Elmin inkişafı büdcədən nə dərəcədə asılıdır?

Pərviz Heydərov yazır...

Ölkəmizdə dövlət büdcəsindən elmə və təhsilə ayrılan xərclər hər il artır. Yəni, Azərbaycanda elm və təhsilə az vəsait sərf olunur iddiasına qarşı bu, ən mühüm faktordur.

Növbəti il üzrə dövlət büdcəsi layihəsində təhsilə 4 milyard 423 milyon 100 min manat vəsait ayırmaq proqnozlaşdırılıb ki, bu da cari ildəki ilə müqayisədə 536 milyon 500 min manat (13,8%), 2021-ci ilin icra göstəricilərinə əsasən isə 1 milyard 330 milyon 900 min manat (43,0%) çox deməkdir.

Ümumiyyətlə, son 5 il (2019-2023-cü illər) ərzində təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 4,2%, mütləq ifadədə isə 2 milyard 227 milyon 400 min manat, yəni 2 dəfə artdığı nəzərə alınmalıdır.

Elmə gəldikdə isə gələn ilin dövlət büdcəsi layihəsində ölkədə elmin inkişafına 228 milyon 500 min manat vəsait ayrılıb ki, bu da cari ildəkindən 23,5 milyon manat və ya 11,5%, ötən ilin icra göstəricisindən isə 76 milyon 700 min manat və ya 50,5% çoxdur.
Yeri gəlmişkən, elm ilə təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə ölkədə bu il müəyyən dəyişikliklərə də gedildi.

Belə ki, Prezidentin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının AMEA) strukturuna daxil 66 elm müəssisəsindən (Rəyasət heyətinin, Naxçıvan və Gəncə bölmələrinin aparatı nəzərə alınmaqla) 37-si Elm və Təhsil Nazirliyinin, 3-ü isə Mədəniyyət Nazirliyinin tabeliyinə verilməklə birincinin strukturunda cəmi 26-sı saxlandı.

Bununla əlaqədar olaraq da növbəti ilin dövlət büdcəsinin xərclər strukturunda dəyişikliklər baş verib. Elmə ayrılan xərclərin 48,6 milyon manatı (21,3%-i) AMEA-nın, 114,9 milyon manatı (50,3%-i) bir sıra dövlət orqanlarının tabeliyində olan elm müəssisələrinin, o cümlədən 75,6 milyon manatı Elm və Təhsil Nazirliyinin, 17,1 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin, 9,0 milyon manatı Ədliyyə Nazirliyinin, 6,0 milyon manatı Mədəniyyət Nazirliyinin, 4,1 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun, 3,1 milyon manatısa elm sahəsində digər tədbirlərin payına düşür.

Maliyyə naziri Samir Şərifov bildirib ki, elmə ayrılan xərclərin az olmasına səbəb struktur problemləridir. O cümlədən, əlavə edib ki, sadəcə, əməkhaqqılarını artırmaq yolu ilə elmdən nəsə gözləməyə dəyməz.

Nazirin sözlərində həqiqət var, hər şeydən əvvəl o baxımdan ki, iqtisadiyyatdan tələb olmasa, elmin inkişafı mümkün deyil. Elm və təhsil elə sahələrdir ki, iqtisadiyyatla qarşılıqlı əlaqədə mövcud olmalı və fəaliyyət göstərərək inkişaf etməlidir.

Yəni, təhsilin səviyyəsi və burada əldə olunan nəticələr bilavasitə iqtisadi inkişafa xidmət göstərməlidir. İqtisadi inkişaf da təhsilin tərəqqisi üçün tələb yaratmalıdır.

İnkişaf etmiş ölkələrdə elmi-texniki səviyyə niyə yüksəkdir? Çünki elm və təhsil xərcləri o ölkələrdə yüksəkdir. Nəyə görə yüksəkdir? Ona görə ki, onların iqtisadiyyatlarının inkişaf səviyyəsi də yüksəkdir.

Elm və təhsilin inkişafını iqtisadiyyatın artım tələbi stimullaşdırır. İqtisadiyyatdan tələb gəlmirsə, nə təhsil, nə elm, nə də tərəqqi əldə edilə bilməz. Təhsil, elm, istehsal, iqtisadi artım... Bunlar zəncirvari şəkildə biri-biriləri ilə əlaqədar olan məsələlər və halqalardır.
Ölkəmizdə orta təhsil məktəbləri ali məktəblərlə, ali məktəblər AMEA ilə, AMEA istehsalla və iqtisadiyyatla əlaqəli şəkildə mövcud deyillər, başqa sözlə, fəaliyyət göstərmirlər.

Ümumiyyətlə, pul və sərmayə elə bir şeydir ki, hara və hansı istiqamətə, o cümlədən, nəyə xərclənirsə və yaxud sərf edilirsə gəlir gətirməlidir. Sual edirəm, AMEA-nın gəliri nə qədərdir və nədən ibarətdir? Nəyə görə bu qurum heç olmasa özünü maliyyələşdirə bilmir?

Sözsüz, qeyd etdiyim fikirlərə görə bəziləri tərəfindən qınanılacam. Lakin demək istədiyim odur ki, Azərbaycanda elmə ayrılan vəsaitin inkişaf etmiş ölkələrə nəzərən az olması dövlət büdcəsinin real həcmindən irəli gəlir.

Ölkəmiz hələ ki, qeyri-neft-qaz, yəni istehsalçı ölkə deyil. Hər hansı bir ölkənin iqtisadiyyatı ki, nə qədər çoxçeşidli istehsal sahələri üzərində köklənib, həmin ölkədə elm və təhsilin inkişafı üçün də bir o qədər çox zəmin mövcuddur.

Odur ki, indiki şərtlər daxilində elmə və təhsilə nə qədər çox vəsait ayırsaq belə, hansısa ciddi nəticə görünməyəcək. İnkişaf etmiş ölkələrdə elmə yatırılan hər dollar dəfələrlə artıq gəlir gətirir. Bizdə isə bunun üçün müvafiq şərait, şərtlər mövcud deyil.

Bu baxımdan, nazir S. Şərifov onu da təsadüfən qeyd etməyib ki, elmi tədqiqatları maliyyələşdirmək üçün xüsusi mexanizm və müvafiq sifariş ortaya qoyulmalıdır. “Bu mexanizm üzrə hələ ki, ortada sənəd yoxdur. Bu təqdim olarsa, həmin tədqiqatları maliyyələşdirmək olar”, - deyə, maliyyə naziri əlavə edib.

Bizdə elmi-texnoloji tərəqqinin nailiyyətlərinə əsaslanan istehsal sahələri hələ yeni-yeni yaranır. Xüsusən, neft-kimya sahəsində. Bundan əlavə, startaplara diqqət artır. Sənaye parklarının təşkili və sair hələ ki bu prosesin başlanğıcı sayılır. Lakin elm müəssisələrinin tədqiqat işlərinin arxasında böyük şirkətlərin və holdinqlərin dayanması bizdə də təşəkkül tapmalıdır.

Belə ki, özəl sektora aid qurumlarımız, müxtəlif şirkət və holdinqlərimiz öz inkişaf perspektivlərini müəyyənləşdirərkən müvafiq tədqiqatlar, araşdırma və təcrübələr üçün elmi müəssisələrə sifarişlər verməlidirlər. Həmin müəssisələr isə, universitetlərdən özləri üçün yüksək ixtisaslı və keyfiyyətli kadrlar tələb etməlidirlər.

Ölkəmizdə belə qurumlar yoxdur. Şirkət və holdinqlər var, amma onların bacarıqlı kadrlar, düzgün idarəetmə siyasətinə tələbləri azdır. Müəyyən bacarıq tələb edən işlər olduqda isə mütəxəssisi xaricdən gətirirlər. Ona görə ki, rəqabət aparıb inkişaf üçün ən əlverişli yollar axtarmaq və təhsil ilə elmin inkişafına tələb yaranması üçün əlverişli bazar və mühit yoxdur.

Elmin inkişafına səbəb olacaq tələbin formalaşması üçün sağlam rəqabətli bazar, istehsal, iqtisadiyyat olmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri