25 
Noy
2022
18:04
16
219
3180
Virtual karabakh

Sindromu ləğv edək, yoxsa Yeni ili? - “Məhsulun qiymətinin salınması bizə sərf etmir” + FOTO

25 Noy, 2022
18:04
3180

Sindromu ləğv edək, yoxsa Yeni ili? - “Məhsulun qiymətinin salınması bizə sərf etmir” + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni il bayramına bir aya yaxın zaman qalıb. Hər dəfə Yeni il öncəsi Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasını artıq adət kimi qəbul edirik. Digər ölkələrdə bunun tam tərsi yaşandığından vəziyyət haqlı narazılıqla qarşılanır. Çünki xaricdə bir qayda olaraq noyabrın sonundan məhsulların qiymətlərində endirimlər müşahidə olunur. Həm satıcıya, həm alıcıya faydalı olan “qara cümə” (“black friday”) ənənəsi bir yana, Azərbaycanda heç “axşam bazarı” anlayışı da yoxdur. Tez xarab olan məhsul səhər hansı qiymətə təklif olunursa, axşam da elə eyni qiymətə piştaxtada qalıb kiflənir, hələ elə olur ki, satıcılar insanların işdən çıxdığı vaxtı “nəzərə alaraq” bir az da baha satmağa çalışırlar. Bahalıq səbəbindən məhsulun günlərlə satılmadığını görsələr də, qiyməti endirmək ağıllarına gəlmir. Məhsul xarab olur, zibilxanaya atılır və mayası da batır, amma qiyməti enmir. 

Bəs görəsən, bu nə ilə əlaqədardır? Bu sindromdan necə qurtulmaq olar?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Emin Qəriblinin sözlərinə görə, yerli şirkətlərin sayı az olduğundan endirimlər də yox həddindədir:

“Əsas problem yerli şirkətlərin kifayət qədər olmamasıdır. Bu səbəbdən endirimlərə rast gəlinmir. Qida məhsullarında vəziyyət fərqlidir. Qiymət artımları bütün dünyada müşahidə olunur. Məsələn, ABŞ-də inflyasiya faizi rekord həddə çatıb. Bu, dünyada gedən prosesdir. İnflyasiyanın qarşısını almaq üçün uçot dərəcələrini artırırlar. Əsas məsələ qiymət artımının qarşısının alınmasıdır. Artıq bütün dünyada buna qarşı mübarizə aparırlar”.

E.Qəribli qeyd edib ki, ölkədə bazar institutları düzgün formalaşmayıb:

“Bizdə qida məhsulları həmişə bayramqabağı bahalaşır. Çünki bazar düzgün şəkildə qurulmayıb. Bayramqabağı tələbat artır, xaricdə bu səbəbdən bazara kifayət qədər məhsul çıxarılır. Onlar qiyməti endirirlər ki, bazarda rəqabəti udsunlar. Bizdə isə tələbat çoxalır, amma təklif artmır. Tam əksi olur.

Axşam bazarında da qiyməti salmırlar. Çünki düşünürlər ki, qiymət artımı varsa, niyə də aşağı qiymətə satılsın? Dünyada baş verən qiymət artımını əsas gətirib, sui-istifadə edirlər. Buna görə də nəzarət artırılmalıdır”.

Ekspert deyir ki, geyim mağazalarında köhnə məhsullar yeni kimi satılır:

“İnsanları aldatmağa çalışırlar. Yalandan endirimlərin olduğunu bildirirlər. Bayram ərəfəsi dükana girirsən, hər şey bahadır. Sahibkarlar köhnə kolleksiyanı yeni məhsul adı ilə baha qiymətə satmağa çalışırlar. Aldadan şirkətlərə qarşı təzyiqlər olmalıdır. Cəzalar tətbiq edilməlidir”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə əlavə edib ki, bayram ərəfəsində məhsulların bahalaşması artıq ənənəvi hal alıb:

“Bayramlar ərəfəsində qiymətlərin artmasını müşahidə edirik. Bir sıra inkişaf etmiş ölkələrdə bayramlar zamanı xüsusən ərzaq məhsullarının qiymətlərində endirimlər olur. Burada məqsəd daha çox məhsulun satılmasına nail olmaqdır. Hər bir vətəndaşın ərzaq məhsulu ala bilməsi üçün çalışırlar.  

Təəssüf ki, Azərbaycanda ənənəvi olaraq azalma əvəzinə, artım müşahidə edirik. Yeni il ərəfəsində tələbatın artdığını nəzərə alsaq, süni qiymət artımı baş verir. Xüsusi dövlət qurumları tərəfindən bayram ərəfəsində qiymət artımlarının qarşısının alınması ilə bağlı fəaliyyətin genişləndirilməsi vacibdir. Sahibkarlarla bu istiqamətdə təbliğat xarakterli görüşlər keçirilməsinə ehtiyac var”.

V.Bayramov qeyd edib ki, fermerlərin yetişdirdikləri məhsulların paytaxt bazarlarına birbaşa çıxışının artırılması vacibdir:

“İstehlak bazarında qiymətlərin tənzimlənməsi üçün monitorinqlərin sayı artırılmalıdır. İstehlak bazarına daxil olan məhsulların həcmini çoxaltmaq, fermerlərin yetişdirdikləri məhsulları paytaxt bazarlarına birbaşa çıxarmalarını artırmaq vacibdir. Kənd təsərrüfatı məhsullarında qiymətlərin artırılmasının qarşısı alına bilər. Monitorinqlər aparılmaldır ki, qiymət artımları ilə üz-üzə qalmayaq”.

İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli qeyd edib ki, bu il qiymətlərdə 15-20 faiz artım müşahidə olunur:

“İnflyasiyanı da nəzərə alsaq, ərzaq qiymətlərində ötən illə müqayisədə 15-20% artım var. Bunun müəyyən səbəbləri mövcuddur. İki ildir ki, dünyada artımlar və ərzaq qiymət indeksində yüksəlmələr hökm sürür.

Hətta BMT-nin qida təhlükəsizliyi ilə bağlı hesabatlarında da ərzaq qiymətlərinin qlobal olaraq artımı ilə bağlı xüsusi müddəalar mövcuddur. Təbii ki, Azərbaycan idxala bağlı ölkə olduğu üçün qlobal miqyasda baş verən artım bizə daha çox təsir edir”.

E.Səfərli daxildə istehsal olunan məhsulların maya dəyərinin artdığını da qeyd edib:

“Belə ki, ölkə səviyyəsində baş verən və proqnozlaşdırılan həddən yuxarı olan inflyasiya birmənalı şəkildə istehsal olunan məhsulların maya dəyərinin qalxmasına səbəb olur.

Orta hesabla, dörd nəfərlik ailə üçün bayram süfrəsinin təxmini qiyməti 170-180 manat olacaq. Bu isə adambaşına düşən bayram xərcinin 40-45 manat arası dəyişdiyini göstərir. Eyni zamanda ötən il ilə müqayisədə bayram xərcinin 20% artması deməkdir”.

Ekspert bayramqabağı bazarlarda süni qiymət artımının müşahidə olunduğunu əlavə edib:

“Məhsulların bəzilərində bayramqabağı süni qiymət artımları və ya süni endirimlər həyata keçirilir. Təbii ki, bu, azad rəqabət qaydalarına tamamilə ziddir. Bu cür spekulyasiyalar bazar institutlarının, sahibkarların fəaliyyətinə təsir edir.

Eyni zamanda nəzərə almalıyıq ki, insanların orta satınalma gücü mövcuddur və bu cür qiymətlər birbaşa alıcılıq qüvvəsinə təsir göstərir. Bu baxımdan düşünürəm ki, aidiyyəti dövlət qurumları bayram öncəsi xüsusi monitorinqlər həyata keçirərək, bazardakı qiymətlərin tənzimlənməsinə və stabil saxlanılmasına xüsusi diqqət etməlidirlər”.

Ekspertlərin də şərhlərindən aydın olur ki, otuz ildən çoxdur, ölkə bazar iqtisadiyyatı yolunu tutsa da, hələ də bu bazarın mahiyyətini dərk edib, ona uyğunlaşmağı bacarmayıb. Elə bazar iştirakçıları olan satıcılarla söhbətimizdən də buna əminlik hasil etdik. 

Ərzaq satıcısı Səməd Quliyev qeyd edir ki, axşam bazarında qiyməti endirmək onlara sərf etmir:

“Bayram ərəfəsində tələbat çox olduğuna görə qiymət də artır. Qiymət artımı olsa da, alıcıların sayı azalmır. Alıcılıq qabiliyyəti çox olur. Axşam bazarında məhsulun qiymətinin salınması isə bizə sərf etmir. Çünki bu, satıcıdan asılı olmayan bir şeydir. Satıcı da məhsulunu məcburiyyətdən o qiymətə satır”.

Geyim mağazasının satıcısı Nərgiz Aslanova isə geyimlərdə kifayət qədər endirimlərin olduğunu qeyd edib:

“Geyimlərdə markasından asılı olmayaraq endirimlər edirik. Endirim adı ilə baha qiymətə mal satmırıq. Ola bilər ki, digər ölkələrdəki kimi, “black friday”ə o qədər də üz tutulmasın. Lakin əlimizdən gəldiyi qədər endirimlər edirik ki, insanlar yararlana bilsinlər. Topdansatış qiymətlərini də nəzərə almaq lazımdır”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri