29 
Noy
2022
10:20
11
80
1025
Virtual karabakh

Düyü idxalında gömrük rüsumunun ləğvi çəltikçiliyin inkişafını əngəlləyəcəkmi?

29 Noy, 2022
10:20
1025

Düyü idxalında gömrük rüsumunun ləğvi çəltikçiliyin inkişafını əngəlləyəcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

Nazirlər Kabinetinin 22 noyabr tarixli qərarına əsasən Pakistandan idxal olunan düyü 2027-ci ilin 31 dekabr tarixinə qədər gömrük rüsumundan azad edilib. NK-nın bu qərarına münasibət bildirən ölkə başçısı qeyd edib ki, əgər qardaş ölkədə yüksək keyfiyyətli düyü varsa, biz niyə bunu başqa yerdən almalıyıq? Ölkə başçısı fikrinin əvvəlində isə bildirib ki, qeyd olunan addım iki ölkə arasında qarşılıqlı ticarət həcmini artırmaq üçün atılıb.

Sözsüz, buna böyük ehtiyac var idi. İctimaiyyəti isə maraqlandıran 1 aydan sonra qüvvəyə minəcək sözügedən qərarın icrası nəticəsində istehlak bazarımızda adıçəkilən məhsulun satış qiymətinin enib və ya enməyəcəyidir. Belə ki, məlum olduğu kimi bahalaşma ən çox ərzaq məhsullarında özünü göstərdiyindən düyü də bura daxildir və ən çox idxal etdiyimiz məhsullar sırasındadır.

Pakistandan düyü idxalının gömrük rüsumundan azad edilməsi daxildə qiymət artımının qarşısını alacaq. Məlumdur ki, dünyada olduğu kimi ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam edir və bu il ərzində səngiməyərək hər keçən müddətdə bir az da sürətlənir. Kənd təsərrüfatı və qida məhsulları sözügedən prosesdə ön yer tutur. 

Odur ki, mənfi fəsadları aradan qaldırmaq üçün ölkəyə idxal olunan bəzi növ ərzaq məhsulları üzrə gömrük rüsumları və vergiləri azaltmaq, həmçinin yerli məhsulların bazarlara çıxışı və yaxud başqa sözlə, reallaşdırılması imkanlarını maksimum asanlaşdırmaq məcburi sayılır. Məsələn, ölkəmizə düyü idxalının bir hissəsi Pakistanın üzərinə düşdüyündən, gömrük rüsumunun ləğvi ölkədə sözügedən məhsul növünü ucuzlaşdırmasa da hər halda bahalaşması qarşısını alacaq.

Ümumiyyətlə, əvvəlki şərhlərimdə də yazmışdım ki, antiinflyasiya tədbirləri ölkədə özünü həm də bəzi növ ərzaq məhsullarının idxalı üzrə müvafiq güzəştlərə getməkdə və yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaradılmasında göstərməlidir. O səbəbdən ki, biz, ərzaq məhsulları sırasında idxaldan təkcə düyü məhsulu üzrə deyil, digər məhsullar sarıdan da asılı vəziyyətdəyik. Özü də həm birbaşa, həm də dolayı yollarla. Bunların başında isə ərzaq buğdası dayanır.

Odur ki, sual yaranır, məgər bunların hər biri üzrə idxal gömrük rüsumlarını ləğv etmək lazımdırmı?!

Xeyr... Məsələ bundadır ki, hər hansı idxal olunan məhsul növü üzrə gömrük yumşaldılması və yaxud sıfır rüsum tətbiqi həmin növ məhsulun həm də yerli istehsalı üçün “ölüm hökmüdür”. Belə ki, nəticədə həmin növ məhsulun kənardan alınıb gətirilməsi üçün ölkədən xaricə daha çox pul çıxmağa başlayır ki, büdcəyə də vəsait daxili kəsilir. Üstəlik, daxildə tələb artdıqca bu vəziyyət inkişaf edərək özünə dərin kök salmalı olur.

Niyə? Çünki idxal daha gəlirli fəaliyyətə çevrilir. Odur ki, biz həm də araşdırmalıyıq ki, görəsən, nəyə görə ölkəmiz düyü sarıdan kənardan bu qədər asılı vəziyyətdədir? Tələbatımızı yerli istehsal hesabına real olaraq yalnız 15,4% ödəyə bilirik. Bunu 30-35%-ə çatdırmaq üçün isə hər cür imkan var. Üstəlik, ortada Azərbaycanda çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı da mövcuddur. Hansı ki, Proqramda ölkə əhalisinin düyüyə olan tələbatını daha dolğun ödəmək, idxalı əvəzləmək, çəltik üzrə emal sənayesini inkişaf etdirmək və kənd əhalisinin bu sahədə məşğulluq səviyyəsini yüksəltmək üçün ölkədə çəltikçiliyi stimullaşdırmaq başlıca məqsəd sayılır. 

Proqramın icra müddətinin başa çatmasına isə 3 ildən bir qədər az müddət qalmış sözügedən məhsulu idxal üzrə gömrük rüsumundan ləğv edirik. Doğrudur, indi buna ehtiyac var və gömrük rüsumu yalnız Pakistan düyüsünə aiddir.

Yəni, demək istədiyim odur ki, analoji məsələlərdə bu mətləblərə diqqət yetirmək vacibdir. Bəli, burada başqa nüanslar da var. Belə ki, düyü idxalı sahəsində Pakistan əsas tərəfdaşımız olsa da heç də birinci deyil. Hindistandan xeyli geri qalır. Yəni, əsas idxalçımız Hindistandır. Hind düyüsü isə bahadır. Pakistana “stavka” bu baxımdan həm də digər əhəmiyyət daşıyır. Ancaq, bütün bunları qoyuram kənara...

Əsas məqsəd Azərbaycanımızın ərzaq sarıdan idxaldan asılılığını azaltmaqdır. Ərzaq buğdası ilə bağlı yazmışdım ki, illərdir hökumət bu sahədə idxaldan asılılığı azaltmağa çalışsa da sanki sehrli bir çubuq buna mane olur. Ölkədə kənd təsərrüfatı məhsulları sırasında istehsalı və tədarükü üçün ən çox maliyyə və müxtəlif dəstək həyata keçirilən taxılçılıq olsa da, yenə kənardan asılı vəziyyətdəyik.

Taxılçılığa həqiqətən də çox diqqət yetirilib və yetirilir. Ərzaqlıq buğda ilə özünütəminetmə məsələsi prioritet sayılır. Odur ki, aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilir və yeni-yeni addımlar atmaq üçün yollar axtarılır. Lakin təəssüf ki, hələ də kənardan asılı vəziyyətdəyik və bu fakt daxili bazarımızı risk altında saxlayır.

Çəltikçilik sahəsində, Azərbaycan qədim ənənəyə sahibdir. Bizdə keyfiyyəti ilə tanınan “Ağ ənbərbu”, “Vilgəri”, “Yetim”, “Lənkəran sədrisi”, “Ağ qılçıqlı” və digər yerli sortlar becərilib. Çəltik sahəsinin 1913-cü ildə 47 min hektar, 1927-ci ildə 54 min hektar, 1937-ci ildə 25,3 min hektar, 1964-cü ildə 12,3 min hektar təşkil etdiyi vaxtlar olub. Ancaq tərəvəzçiliyin inkişafı ilə əlaqədar sonradan 1,8 min hektara qədər azalıb. Yalnız 1995-ci ildən başlayaraq çəltik əkinləri genişlənib, 1996-cı ildə 2,4 min hektar sahədə çəltik əkilib, orta məhsuldarlıq 38,7 sentner (s/ha) qeydə alınıb. Ölkəmizdə çəltikçilik əsasən Lənkəran və Aran iqtisadi rayonlarında yayılıb. 

Rusiya kimi soyuq bir ölkədə bu gün hər hektardan 10 tondan çox düyü istehsal olunur. Təəssüf ki, ölkəmizdə bu sahəyə yetərincə diqqət yetirilmir və idxal daha çox maraq kəsb edir - buna meyl göstərilir. Ümumiyyətlə, taxılda olduğu kimi düyüdə də tələbatın yerli istehsal hesabına yox, idxal hesabına ödənilməsinə maraq göstərənləri daha güclü mövqeyə sahib olduqları görünür. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri