Dek
2022
12:28
86
29
1931
Virtual karabakh

Beş uşağı tək böyüdən kişilər nə qədər müavinət ala bilərlər? - RƏY + FOTO

1 Dek, 2022
12:28
1931

Beş uşağı tək böyüdən kişilər nə qədər müavinət ala bilərlər? - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beşdən çox uşağı təkbaşına böyüdən atalara sosial müavinət verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur. Konstitusiya Məhkəməsi Milli Məclisə müvafiq tövsiyə verib. Bu məsələ insanların marağına səbəb olub. Atalara müavinət verilməsinin təəccüb doğurduğunu bildiriblər.

Bəs görəsən, müavinətin məbləği nə qədər olmalı, hansı şəkildə tənzimlənməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli əvvəllər atalar üçün müavinətin nəzərdə tutulmadığını deyib:

“Ümumiyyətlə, bizdə atalar üçün müavinət nəzərdə tutulmamışdı. Sonradan belə qərar qəbul olunub. Ana olmayanda ata həmin müavinəti ala bilər. Sözsüz ki, çoxuşaqlı ailələrə müavinət verilməsi müsbət haldır. Bu, övladların sayı beşdən çox olan ailələrin maddi rifahına yaxşı təsir göstərə bilər. Hətta qərar ailədə beş yox, daha az uşaq olsa belə, şamil edilsə, yaxşı olar. Hesab edirəm ki, ikidən çox uşağı olan ailələrə müavinətin verilməsi ailələrin rifahını artırar. Burada müxtəlif mexanizmlərdən istifadə olunmalıdır”.

E.Kərimli qeyd edib ki, qanun maddi vəziyyəti aşağı olan ailələrə şamil edilməlidir:

“Əsasən, maddi vəziyyəti çətin olan ailələrə şamil edilməlidir. Bu cür halları beynəlxalq təcrübədə də müşahidə edirik. Çoxuşaqlı ailələr dövlət tərəfindən müəyyən qədər dəstək görürlər. Onlara ev verilir, digər güzəştlər edilir.

Müavinətin məbləği ilə bağlı araşdırma aparmaq lazımdır. Büdcə imkanlarına bağlı olan bir məsələdir. Lakin hesab edirəm ki, bunun üçün vahid bir məbləğ də təyin edilə bilər. Məsələn, yaşayış minimumuna bağlanıla bilər. Bu gün bizdə yaşayış minimumu 210 manatdır. Hər uşaq üçün ayrıca məbləğ təyin edilməlidir”.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov isə əlavə edib ki, beş və daha çox uşağa görə kişilərə müavinət verilməsi sosial ədalət prinsipinə söykənir:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsinə dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib. “Konstitusiya Məhkəməsi həmin müraciəti nəzərə alaraq müvafiq qərar qəbul edib. Konstitusiya Məhkəməsi Plenumunun həmin məsələ ilə bağlı qərarından sonra qanunvericilikdə də müvafiq dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda həmin təkliflərlə bağlı layihə Milli Məclisə tövsiyə edilib və güman edirəm ki, parlament bu məsələyə müsbət yanaşacaq”.

A.Hüseynov qeyd edib ki, mahiyyət bərabərlik hüquqlarının təmin edilməsidir:

“Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə sosial təminat hüququ insan və vətəndaş hüquqlarının və azadlığının təminatı kimi amillər nəzərə alınmaqla bərabərlik hüquqi təmin edilsin. Yəni beşdən çox uşağı olan qadınlara müavinətlərin verilməsi təcrübəsi kişilərə münasibətdə də müəyyən edilsin. Məsələn, ananın dünyasını dəyişməsi, valideynlik hüququndan məhrum edilməsi, fəaliyyət qabiliyyətli olmayan elan edilməsi kimi məsələlər nəzərə alınaraq uşaqları təkbaşına böyüdən kişilərə də eyni müavinətin ödənilməsi təmin olunsun. Bu təşəbbüs öz həllini tapdıqdan sonra “Sosial müavinətlər haqqında” qanuna dəyişikliklər edilməklə beş və daha çox uşağa görə kişilərə də müavinətlərin verilməsi tətbiq olunacaq”.

Deputat bildirib ki, yeni dəyişikliklər qəbul olunduğu halda qadınlarla yanaşı, kişilərə münasibətdə də eyni müavinətin ödənilməsi sayəsində sosial ədalət və bərabərlik təmin ediləcək:

“Nəticədə beşdən çox uşağı təkbaşına böyüdən atalara münasibətdə həmin əsaslarla onların sosial təminat hüquqlarının təmin olunmasına və mümkün ayrı-seçkiliyə məruz qalmamalarına imkan yaradacaq”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri