30 
Noy
2022
18:20
85
10
1202
Virtual karabakh

“Qaz habının yaradılmasından əvvəl daha vacib məsələlərin həlli var” - RƏY + FOTO

30 Noy, 2022
18:20
1202

“Qaz habının yaradılmasından əvvəl daha vacib məsələlərin həlli var” - RƏY + FOTO

Dekabrın əvvəlinə Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyənin üçtərəfli sammitinin keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində bir sıra sazişlərin imzalanacağı ehtimal edilir. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Bununla bağlı bir neçə gün öncə açıqlama verən Türkmənistan Parlamenti Xalq Məsləhətinin (Yuxarı Palata) sədri Qurbanqulu Berdiməhəmmədov bildirib ki, ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrılıqda görüşlərin keçirilməsi sammitə hazırlıq məqsədi daşıyır. Hətta ötən gün Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr aparılıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan məsələ barədə danışarkən Azərbaycan və Türkmənistan liderləri ilə Türkiyədə qaz mərkəzinin yaradılmasını müzakirə edəcəklərini deyib. 

Mövzu barədə Oxu.Az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sammitdə əsas mövzunun qaz olacağını düşünmədiyini deyib:

“Türk Dövlətləri Təşkilatına gedən yolda ilkin təmaslar məhz bu üç ölkə arasında olub. Türkiyə, Azərbaycan və Türkmənistan iqtisadi yöndə digərlərindən daha çox irəliləyiblər. Doğrudur, bu gün Türkmənistanın neytral siyasi kursu var, bu kursun sabitliyini nümayiş etdirir, hələ də TDT-yə daimi üzv olmaqla bağlı qərara gəlməyib, müşahidəçidir. Ancaq bu vəziyyət Azərbaycanla sıx əlaqələrə mane olmur.

Türkmənistandan gələn yüklərin həcminin artırılması, onsuz da, baş verir və gələcəkdə daha da intensivləşməsi üçün addımlar atıla bilər. Məsələn, Xəzərin o tayındakı Türkmənbaşı limanının imkanları genişləndirilə bilər. Türkmənistanda belə bir layihə var, onun icrasına başlanılıb-başlanılmadığını isə dəqiq bilmirəm. Azərbaycanda isə Ələt limanının imkanları getdikcə genişlənir. 

Azərbaycan Prezidentinin Türkmənistan nümayəndə heyətini qəbul etməsi, Azərbaycan Dövlət Neft Şirkəti rəhbərinin “Türkmənqaz” və “Türkmənnebit” dövlət konsernlərinin rəhbərləri ilə görüşü ona dəlalət edir ki, ölkələrimiz arasında iqtisadi münasibətlər bundan sonra da intensivləşəcək”.

Amma ekspert hesab etmir ki, Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarına çıxarılması, Türkiyədə gələcəyi dumanlı və işlənmə mexanizmi bəlli olmayan qaz qovşağının yaradılması sammitdə mərkəz mövzuya çevrilsin:

“Çünki ondan əvvəldə daha vacib məsələlərin həlli dayanır. Lap tutaq ki, Transxəzəri tikdin. Axı sənin o infrastrukturun yoxdur ki, Türkmənistan qazını Türkiyədən Avropaya aparasan. Müştərək yataqları işləməklə onu aparıb çatdırmaq olar. Ancaq biz əgər sırf Transxəzər qaz kəməri deyiriksə, onun ən azı 10 milyarddan 20 milyard kubmetrə qədər ötürücülük gücü olmalıdır. Bəs o həcm necə vurulacaq? Bizim inşa etdiyimiz kəmərin buraxıcılıq gücü hələ 2027-ci ildə Türkiyəyə qədər maksimum 31 milyard, Avropada isə 20 milyard kubmetr olacaq. Transxəzərlə bağlı şişirtmə iddialar daha çox siyasətşünasların hallandırdığı fikirlərdir. Axı deyilənləri texniki cəhətdən, kommersiya baxımından necə realizə etmək olar?”

İlham Şaban diqqətə çatdırıb ki, əgər böyük həcmdə Türkmənistan qazının Avropa bazarına çıxarılması istənilirsə, Cənub Qaz Dəhlizinə paralel boru kəməri tikilməlidir: 

“Hesab edirəm ki, Türkmənistan qazının qərb istiqamətində ixracıyla bağlı bəyanatlar və ona dəstək olan məsələlər gündəmə gətirilə bilər. Çünki biz mütəmadi bunu deyirik. Türkiyə də, Azərbaycan da Türkmənistan qazının tranzitində, hətta Türkiyə alıcısı qismində, iştirak etməyə hazırdır. Türkmənistan da Avropaya qaz ixrac etmək istəyir, amma həmən qazın uzunmüddətli dövr üçün Avropadakı şirkətlərlə birgə işlənməsinə dair müqavilələri olmalıdır”. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə son dövrlər türk dövlətləri arasında münasibətlərin sürətlə inkişaf etməsinə diqqət çəkib:

“Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu kontekstdən gözlənilən sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır. Burada müzakirə olunacaq məsələlərdən birinin də qazın nəqli ilə bağlı olacağı gözlənilir.

Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetr qazın mübadiləsi nəzərdə tutulur”.

Millət vəkili Türkiyənin də enerji resurslarının ixracatı baxımından önəmli addımlar atdığını vurğulayıb:

“Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri