Dek
2022
12:21
138
14
4290
Virtual karabakh

Bir ədəd xurma 12 manata: Rusiyadan yapışan azərbaycanlı sahibkarları Afrika niyə cəlb eləmir? - FOTO

6 Dek, 2022
12:21
4290

Bir ədəd xurma 12 manata: Rusiyadan yapışan azərbaycanlı sahibkarları Afrika niyə cəlb eləmir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun illərdir azərbaycanlı sahibkarlar Rusiya bazarlarını özlərinə əsas xarici satış mərkəzi seçiblər. Bu seçimə ərazinin keçmiş sovet məkanı olması və əksəriyyətin rus dilində rahat ünsiyyət qurmaq bacarığı müəyyən qədər təsir edir. Lakin cari ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına ciddi ziyan vurduğu kimi, Azərbaycanın məhsul ixracına da mənfi təsir göstərib. Təkcə onu bildirmək yetərlidir ki, 2022-ci ilin 10 ayında Azərbaycanın meyvə-tərəvəz ixracında 17,4 min ton azalma müşahidə edilib. Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədən 480 min ton meyvə-tərəvəz ixrac olunduğu halda, 2022-ci ilin müvafiq dövründə bu rəqəm 462,6 min ton təşkil edib. 

Maraqlı bir məqam isə odur ki, bu gün Azərbaycan üçün Rusiya bazarına alternativ olan onlarla gəlirli bazar mövcuddur. Məsələn, sosial şəbəkə istifadəçilərindən birinin qeydinə görə, bu gün Cənubi Afrika ölkəsi olan Anqolada bir ədəd xurmanın qiyməti 11,75 manatdır, şabalıdın isə bir kiloqramı 50,37 manat təşkil edir. İstifadəçi Qərbi Afrika ölkəsi olan Nigeriyada da vəziyyətin bundan pis olmadığını və məhsulların kifayət qədər tez satıldığını diqqətə çatdırıb.

Bəs görəsən, azərbaycanlı sahibkarlar niyə bu kimi yeni bazarlara meyil etmirlər?

Mövzu barədə Oxu.Az-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, bu gün bizim sahibkarların ən böyük problemlərindən biri satış mədəniyyətinin formalaşmaması, onların satış siyasətindən xəbərlərinin olmamasıdır:

“Hazırda həm sitrus meyvələri, həm xurma ixracatında azalma var. Bu yaxınlarda narla bağlı statistika səsləndi ki, orada da azalma müşahidə olunur. Bunların hamısı bizim MDB ölkələri ilə, əsasən də, Rusiya ilə olan iqtisadi əlaqələrimizdən asılıdır. Məlumdur ki, orada hazırda müharibə gedir, ona görə də Rusiyanın alıcılıq imkanları zəifləyib. Üstəlik, Rusiyaya embarqolar tətbiq edilir, hətta sahibkarlarımız mal mübadiləsində ödəmə problemləri yaşayırlar”.

Ekspert hesab edir ki, sahibkarlarımız hazırkı dövrdə daha çox digər bazarlara çıxış imkanları axtarmalıdırlar:

“Bunun üçün isə məhsullar dünya bazarında satış standartlarına uyğun olmalı, sertifikatlar əldə edilməli, qablaşdırma problemi aradan qaldırılmalıdır. Fikrimcə, hər bir sahibkar öz məhsulunun digər bazarlara satışını təmin etməkdə maraqlı olmalıdır. Dövlət burada yalnız təşkilati dəstək göstərə bilər və bu təşkilati dəstək də ixracla məşğul olan sahibkarlara güzəştli və ya uzunmüddətli kreditlərin verilməsindən ibarət ola bilər. Bundan əlavə, müvafiq araşdırmaların, maarifləndirici işlərin aparılması da təşkilati dəstək olar ki, onu da dövlət həyata keçirir”.

Müsahibimizin sözlərinə görə, hazırda azərbaycanlı sahibkarların elektron satış həyata keçirmə və məhsulları təqdimetmə problemləri var:

“Bu gün regionlarda yaşayan heç bir sahibkar elektron satış həyata keçirmir, saytları yoxdur, məhsullarını digər bazarlara internet üzərindən təqdimetmə bilikləri azdır, ona görə də sahibkarlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Burada dövlətin rolu bir də ondan ibarət ola bilər ki, məhsulu sahibkarlardan alıb böyük şirkətlər vasitəsilə xaricə çıxarar. Lakin bu, dövlətin çox da marağında deyil. Çünki hər bir sahibkar üçün satış prosesində iştirak etmək dövlətə sərfəli deyil, çox baha başa gələn bir prosesdir. Ona görə də yalnız sahibkarların özləri həm Avropa, həm Şimali Afrika, həm də Ərəbistan yarımadasında yerləşən ölkələrlə əlaqə saxlayıb məhsullarını oradakı bazarlarda satışa çıxara bilərlər. Məsələn, bu gün biz sitrus meyvələri idxal edirik, məgər o meyvələri bizə qarşı tərəfin dövləti satır? Xeyr, orada bazara çıxışı yalnız iri şirkətlər təşkil edirlər”. 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Azərbaycanda sahibkarlıq ənənələri hələ formalaşmayıb:

“Sahibkarlarımız bazar münasibətlərini inkişaf etdirmək üçün çox çalışmalıdırlar, əgər onların buna bilikləri çatmırsa, bu işlə məşğul olan digər mütəxəssislərlə müqavilə bağlayıb onları cəlb etməlidirlər. Lakin onu da nəzərə almalıyıq ki, bizim sahibkarlıq ənənələrimizin formalaşması üçün çox böyük vaxt keçməyib. Bizdə tam sahibkarlıq ənənəsi hələ formalaşmayıb. Rusiya bizə daha yaxın və geniş bazar olduğu üçün sahibkarlarımızı cəlb edib. Nəticədə onlar daim bu bazarla əlaqə qurublar və digər bazarları axtarmağa meyilli olmayıblar, hazırda isə bir bazardan asılılıq sahibkarların gəlirlərinə ciddi mənfi təsir göstərib”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə söyləyib ki, bu məsələ ilk növbədə Azərbaycanın ixrac potensialının mövcud coğrafiyasının öyrənilməsinə çox böyük ehtiyac olduğunu göstərir:

“Qeyri-neft sektoru üzrə olan ixracımızda kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu, bilavasitə Rusiyaya istiqamətlənir. Nəticədə Rusiya bazarları Azərbaycan üçün əvəzedilməz bazarlardır. Beynəlxalq bazarların öyrənilməsi üçün araşdırma tələb olunur, o isə sadə proses deyil, ciddi maliyyə vəsaiti tələb edir. Bu gün bizim marketlərdə də elə məhsul var ki, qiyməti bahadır və alıcısı yoxdur. Qiymətin baha olması bazarın ixrac üçün əlverişli olduğu mənasına gəlmir. Çünki əsas faktor alıcının çox olmasıdır. Biz xəritədə baxsaq, görərik ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac olunduğu şimal qonşumuzla müqayisədə sözügedən Afrika ölkələri iki-üç dəfəyə qədər bizdən uzaq məsafədədir, bu isə ciddi logistik xərc yaradır. Üstəlik, məsafənin çox olması böyük həcmdə məhsulun sıradan çıxmasına səbəb olacaq”.

İqtisadçı vurğulayıb ki, kənd təsərrüfatı məhsulları daha tez çatdırılma tələb edir:

“O məsafədən kənd təsərrüfatı məhsulunun tez çatdırılması isə çətin məsələdir. Həm də xüsusi şərait tələb edir, məsələn, soyuducu olmalıdır, saxlanma şəraitinə diqqət edilməlidir. Ancaq çatdırılmanın çətinliyi, Afrika ölkələrinin alıcılıq qabiliyyətinin o qədər də yuxarı olmaması ona da dəlalət etmir ki, o istiqamətdə bir araşdırma aparılmasın. Siqnal gələn tərəfə yönələn bir araşdırma aparmağa həmişə ehtiyac var və biz də bunu etməliyik”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri