17 
Mar
2015
14:35
81
16
3797
Virtual karabakh

Bakı Beynəlxalq Avtovağzalının ətrafında yollar genişləndirilir - FOTO

17 Mar, 2015
14:35
3797

Bakı Beynəlxalq Avtovağzalının ətrafında yollar genişləndirilir - FOTO

Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakı şəhərində xidmət etdiyi avtomobil yolları, prospekt və küçələr üzrə zəruri olan hissələrdə genişləndirilmə işlərini davam etdirir.

“Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Biləcəri enişindən və X.Natəvan küçəsindən Rəşid İsmayılov küçəsinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə artıq yenidənqurma işlərinə başlanılıb.
 
Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir. Sözügedən küçənin X.Natəvan küçəsi ilə kəsişməsindən  Bakı-Quba yolunun 7-ci km-də yerləşən yol ötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır. X.Natəvan küçəsi ilə kəsişməsindən Avtovağzal dairəsinə qədər olan hissəsi hər bir zolağı 3,75 metr olmaqla 3 hərəkət zolaqlı, Bakı Beynəlxalq Avtovağzalı dairəsindən X. Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5 metr olmaqla 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5 metr olan zolaq və cib nəzərdə tutulub.
 
Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən dairənin radiusu 11 metr, diametri isə 22 metr təşkil edəcək. Dairədən Avtovağzal istiqamətinə olan 110 metrlik məsafə 4 gediş və 4 gəlişdən ibarət olacaq.
 
Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda  Bakı-Quba yolunun yenidən qurulmuş 6-9 km köməkçi hissəsindən Avtovağzal istiqamətinə olan sahəsində eni 3,5 metr olan yeni zolaq salınacaq.
 
Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib. Hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra yeni inşa olunmuş dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə nəqliyyat sıxlığı aradan qaldırılacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri