28 
Mar
2015
12:29
59
9
7099
Virtual karabakh

Aqrar sektorda ən çox hansı sahələrdə istehsal artmalıdır?

28 Mar, 2015
12:29
7099

Aqrar sektorda ən çox hansı sahələrdə istehsal artmalıdır?

Bu sahədə nəzarət daima diqqət mərkəzində saxlanılır.

Ölkədə aqrar sektoru inkişafı etdirməyin zəruri olduğu özünü əyani olaraq demək olar ki, indiki qədər hiss etdirmir. Bu da təbiidir. O səbəbdən ki, neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalması və eyni zamanda manatın devalvasiyaya uğraması nəticəsində idxal mallarının bahalaşması təzyiqinin artması qeyri-neft sektorunu istər-istəməz iqtisadiyyatın tezliklə aparıcı qüvvəsinə çevirmək zərurəti yaradıb.

Sözügedən sektorda birincilik isə aqrar sahəyə məxsusdur.

Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, cari ilin yanvar-fevral ayları ərzində ölkədə kənd təsərrüfatı məhsulları istehsalı faktiki qiymətlərlə 428,6 milyon manat təşkil edərək ötən ilin eyni ayları ilə müqayisədə 3,1 faiz artmışdır ki, göstərilən müddətdə heyvandarlıq sahəsində məhsul istehsalı 3,1, bitkiçilikdə isə 3,5 faiz yüksəlib.

Ümumiyyətlə, heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 1,4 min ton, yaxud 1,9 faiz artaraq 72,3 min ton, süd istehsalı 11,5 min ton və ya 4,3 faiz artaraq 279,4 min ton, yumurta istehsalı 17,1 milyon ədəd, yaxud 7,1 faiz artaraq 257,6 milyon ədəd, bitkiçilik məhsullarından isə 226 ton və ya 6,0 faiz çox tərəvəz istehsal edilmişdir.

Yeri gəlmişkən, keçən il ölkəmizdə 5 225,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olundu ki, bu da 2013-cü ilə nisbətən 2,6 faiz az oldu. Sözümüz bunda deyil.

Ancaq kənd təsərrüfatı məhsullarının əsas istehsalı məlum olduğu kimi hələ qarşıdadır. Artıq, bitkiçilik məhsullarının əkininə başlanmışdır ki, mart ayının 1-nə kimi 47,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1031 hektar sahədə dənli və dənli paxlalılar, 11,0 min hektar sahədə kartof, 7,3 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar əkilmişdir.

Bütün bunlar da, keçən ilin anoloji dövrünə nisbətən 2,5 faiz çox deməkdir. Sual yaranır ki, bu, ilin ortasında qiymətləri sabit saxlamağa əlavə imkan yaradacaqmı?

Eyni mövzuda əvvəlki şərhlərimizdə də yazmışıq ki, ərzağın qiymətinin əlverişli olması bir neçə amildən asılıdır. İlkin şərt yerli istehsalın genişləndirilməsidir ki, ölkəmizin ərzaq bazarının idxaldan asılılığı maksimum azaldılmalıdır. Çünki bizdə qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin rolu böyükdür. Ona görə də hökumət bahalaşma meyillərin qarşısını almaqdan ötrü çox səy göstərməli olur və bu sahədə nəzarət daima diqqət mərkəzində saxlanılır.

Bəs, kənd təsərrüfatı bacardıqca inkişaf etdirməkdən ötrü ən çox hansı sahələrə diqqət yetirmək lazımdır?

Artıq, bu sahədə müvafiq iş demək olar ki, başlanmışdır. Prezidentin 12 yanvar tarixli Sərəncamı ilə 2015-ci ilin ölkədə kənd təsərrüfatı ili elan edilməsi bu mənada olduqca əhəmiyyətlidir. Sərəncamda bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə Nazirlər Kabineti ilə birgə 1 ay müddətində tədbirlər planı işləyib hazırlamaq tapşırılıb.

Sözügedən sənəddə də qeyd edilib ki, dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmiş, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq istisna olmaqla, bütün növ vergilərdən azad edilmişlər. Ümumiyyətlə, bu gün fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və bu yolla satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər.

Həmçinin, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya da verilir.

Bununla belə, kənd təsərrüfatının inkişafı prioritet məsələ olaraq qalır, ona görə ki, aqrar məhsulları istehsalında daxili tələbatın ödənilməsi və ixracın təşkilini bir sistem halına gətirmək tələb olunur. Dövlət başçımız da qeyd edib ki, kənd təsərrüfatını intensiv metodlarla inkişaf etdirmək lazımdır. Belə ki, bir çox zəruri məhsullar üzrə idxaldan asılılıq bayaq qeyd etdiyimiz kimi aradan qalxmalıdır.

Ümumiyyətlə, ərzaq təhlükəsizliyi ilə bağlı indiyədək görülən işlər nəticəsində özümüzü hazırda mal ətiylə 87, qoyun ətiylə 97, quş ətiylə 98, süd və süd məhsullarıyla 76, taxılla 60, üzümlə 98, kartofla 90, duzla 87, bitki yağları və marqarinlə 77, kərə yağı ilə 52, makaron məmulatlarıyla isə 58 faiz təmin edə bilirik. Bu rəqəmlərin əksəriyyəti üzrə 100 faizə nail olmaq mümkündür.

Bu baxımdan regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda  dövlət başçımız da vurğuladı ki, qeyd olunan rəqəmlər daha çox məhz hansı istiqamətlər üzrə fəaliyyət göstərmək lazım olduğunu əyani diqtə edir.

Qeyd olunan rəqəmlər sırasında ən çox diqqət yönəldilməli olan məhsul isə heç şübhəsiz ki, taxıldır.

Digər məqam isə ondan ibarətdir ki, 2015-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat olduğu deyilir. ÜDM-in 66,6 faizi iqtisadiyyatın qeyri-neft və qaz sahələrində istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artıqdır. 

Lakin göstərilən müddətdə ÜDM-in 36,3 faizi sənayedə, 12,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 14,9 faizi sosial və digər xidmətlər sahəsində, yalnız 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda  istehsal olunub.

Aqrar sektorun istənilən səviyyədə inkişafı isə onun ÜDM-də payının azı 10 faizə yaxın təşkil etməsini ehtiva edir.

Pərviz Heydərov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri