31 
Yan
2023
18:24
31
723
5714
Virtual karabakh

Niyə sərnişindaşımada tariflər dəyişdirilib? - İZAH + FOTO/VİDEO

31 Yan, 2023
18:24
5714

Niyə sərnişindaşımada tariflər dəyişdirilib? - İZAH + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarif (qiymət) Şurasının bugünkü qərarına əsasən ictimai nəqliyyatda sərnişindaşıma tariflərinə dəyişiklik edilib. Belə ki, fevralın 3-dən etibarən metroda sərnişindaşıma tarifi 40 qəpik (əvvəlki tarif 30 qəpik) təşkil edəcək. Bununla yanaşı müntəzəm şəhərdaxili avtobus marşrutlarında gediş haqqı 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarif məsafədən asılı olaraq 40 qəpik-1 manat arası (əvvəlki tarif 30-90 qəpik), müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarif 60 qəpik olacaq (əvvəlki tarif 50 qəpik).

Tarif artımı dövlətin deyil, daşıyıcı şirkətlərin təklifidir

Xüsusi olaraq qeyd olunmalıdır ki, tariflərə məhz daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılıb. Yəni bu, dövlətin deyil, bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifidir.

Sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni 5 il əvvəl qüvvəyə minib. Bu illər ərzində bütün dünyada olduğu kimi, Azərbaycanda da ehtiyat hissələrinin idxal qiymətinin artması, təmir xərcləri, avtomobillər üçün yağ və digər zəruri materiallar, daşımada istifadə olunan avtobusların keyfiyyətinin yüksək olması (kondisioner və s.), yanacağın qiyməti və s. artması sərnişindaşıma xidmətinin maya dəyərinə ciddi təsir edib.

Bu gün həm metroda, həm avtobuslarda mövcud tariflər sərnişin daşınmasının maya dəyərindən aşağıdır.

Daşıyıcı şirkətlərin fikrincə, avtobusların müxtəlif markada və qiymətdə olması tarif tənzimlənməsində vahid yanaşmaya imkan vermir - 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin 2023-cü ildə 82 qəpik olacağı gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artıqdır.

Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır. Məsələn, "Bakı Metropoliteni" QSC-nin hesablamalarına görə, pandemiya dövründə metroda bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021-ci il) olub. Tarifin 30 qəpik olduğunu nəzərə alsaq, bu iki il ərzində metropolitenin nə qədər ziyanla işlədiyi aydın olur. İndinin özündə də sərnişindaşımada pandemiyadan əvvəlki dövrün göstəricilərinə dönmək mümkün olmayıb. Belə ki, 2022-ci il ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62 %-ni təşkil edib.

Tarif artımından 220 milyon manat əlavə vəsait yaranacaq

Yeni tarifin qəbulundan sonra belə Bakıda sərnişin daşıma tarifləri əksər MDB ölkələri ilə müqayisədə ən aşağı qiymət hesab olunur (manatla):

 

Bakı

Moskva

Kiyev

Minsk

Tbilisi

İstanbul

Metro

0,40

1,52

1.00

0.96

0.64

1.81

Avtobus

0,40

1,52

1.00

1.16

0.64

1.81

Avropa ölkələrində isə nəqliyyatda tariflər Azərbaycandakı göstəricilərdən dəfələrlə yüksəkdir.

Tarif Şurasının iclasında təklif olunan tarif dəyişikliyi modelləri arasında sosialyönümlülük nəzərə alınıb, dövlətin sosial siyasətinə uyğun olaraq ən optimal variant seçilib, sərnişinlə xidmət göstərən şirkət arasında maraqlar balanslaşdırılıb.

Yeni tariflərlə gündəlik metrodan və ya şəhərdaxili marşrutlardan istifadə edən bir vətəndaşın payına düşən aylıq artım 4-6 manat təşkil edəcək. Tarif artımından sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.

Xatırladaq ki, sərnişindaşıma xidməti sahəsində indiyədək son illər əhəmiyyətli işlər görülüb. Son 7 il ərzində Azərbaycana 1 466 avtobus gətirilib ki, bu da avtobus parkının 61 % yenilənməsi deməkdir. Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla ümumilikdə 255 ədəd avtobus gətirilib. Hazırda 177 marşrut xətti üzrə xidmət göstərilir, onlardan 40 %-i şəhərdaxili, 60 %-i şəhərətrafı marşrut xətləridir. 2022-ci ildə Bakı şəhərində, Bakı ətrafı qəsəbə və kəndlərdə 8 yeni müntəzəm marşrut xətti yaradılıb, bu yeni xətlər ilə gündəlik orta hesabla 23 mindən artıq sərnişin daşınır.

Son 7 ildə 1 215 dayanacaq məntəqəsi təşkil olunub. Yalnız 2022-ci il ərzində 4-ü smart tipli pavilyon olmaqla ümumilikdə 278 yeni avtobus dayanacaq məntəqəsi qurulub. 2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50 %-də, avtobusların isə 64 %-də nağdsız ödəmə sistemi tətbiq olunub.

Yeni avtobuslarla gündəlik 600 mindən çox sərnişin daşınır. Sərnişindaşıma xidmətini həyata keçirən sürücülərin hazırlanması və ixtisasının artırılması məqsədilə 5 000-dən artıq sürücüyə təlim keçirilib. Dövlət tərəfindən nəqliyyatda sərnişindaşıma sahəsinə dizel yanacağının tarif artımına görə 4,3 milyon manat, pandemiyaya və davamlı fəaliyyətə görə isə 47,6 milyon manat maliyyə yardımı göstərilib.

2021-2022-ci illərdə 2 yeni metro stansiyası (“8 Noyabr” və “Xocəsən”) açılıb. Xətlərin cəmi uzunluğu 40,7 km-ə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb. Dövlət Proqramına görə yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 77-yə çatacaq.

Son beş ildə innovasiyalar baxımından sonuncu nəslə mənsub müasir tipli 100 vaqon, 20 qatar alınıb. Müasir infrastruktur və enerji təchizatının ən yeni standartlı 8 ədəd elektrik yarımstansiya qurulub. Yeni metro stansiyalarının tikintisinə investisiya qoyuluşundan başqa, son 4 ildə metroya ayrılan maliyyə yardımı 231 milyon manat təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri