Fev
2023
19:30
160
65
1151
Virtual karabakh

Deputat: “Azərbaycanın həm Avropa, həm də dünya üçün önəmi daha da artacaq” - RƏY + FOTO

3 Fev, 2023
19:30
1151

Deputat: “Azərbaycanın həm Avropa, həm də dünya üçün önəmi daha da artacaq” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”.

Bunu Oxu.Az-a şərhində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 9-cu iclasın və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, sözügedən tədbir növbəti mərhələdə Azərbaycanın həm Avropa, həm də dünya üçün önəmini daha da artıracaq:

“Ötən 15 il ərzində Avropa bazarında neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil oldu. 2021-ci ildə Azərbaycan Avropa regionuna səkkiz milyard kubmetr, 2022-ci ildə on bir milyard kubmetrdən çox qaz ixrac edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqli sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması yanacağın ixracı üçün yeni fürsətlər yaradır. Razılaşmaya əsasən, Avropaya qarşıdakı illərdə daha böyük həcmdə qaz ixrac ediləcək. Proqnozlara görə, 2023-25-ci illərdə ölkəmizin qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırıla bilər. Buna görə də TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur ki, bu da Cənub Qaz Dəhlizinin genişləndirilməsini gündəmə gətirir”.

A.Hüseynov bildirib ki, son bir ildə regionda yaranmış yeni geosiyasi reallıqlar enerji siyasətində bir sıra mühüm dəyişiklikləri də meydana çıxarıb. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və enerji təhlükəsizliyi, həqiqətən, milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması təşəbbüsləri artıb. Bu reallıqlar Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən dövrdə keçirilmiş iclasından sonra bir sıra yeni tələbləri meydana çıxarıb. Avropa regionuna yeni qaz ehtiyatları üçün tələblər də artır və bu vəziyyət Azərbaycanın da rolunun artmasına səbəb olmaqda, Avropa İttifaqına daha böyük həcmdə qaz ixrac etməsinə zərurət yaratmaqdadır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvləri rəsmi Bakı ilə əməkdaşlıq platformasının yeni istiqamətlərini müzakirə etmək üçün paytaxtımıza toplaşıblar.

Millət vəkili onu da vurğulayıb ki, hazırda Azərbaycan alternativ enerji mənbələri üzrə Avropa ilə sıx inteqrasiya proseslərində fəal iştirak edir. Respublikamız yaşıl enerji layihələrinə qoşularaq regionda yeni enerji marşrutlarının yaranmasında da təşəbbüskar mövqeyini ortaya qoyub:

“2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıblar. Bu ixrac marşrutu Azərbaycanın yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilməsini təmin edəcək. Eləcə də bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Masdar” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və Günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədinin imzalanması ortamüddətli dövrdə regional enerji layihələrinin həyata keçirilməsinə və Azərbaycanın Şərqə enerji ixracına başlamasına səbəb olacaq”.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri