27 
Fev
2023
16:00
9
88
1472
Virtual karabakh

Neftin və qazın “var-gəl” edən qiymətləri Azərbaycanın gəlirlərinə necə təsir edir? - ŞƏRH + FOTO

27 Fev, 2023
16:00
1472

Neftin və qazın “var-gəl” edən qiymətləri Azərbaycanın gəlirlərinə necə təsir edir? - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarlarında neftin və qazın qiymətlərində sürətli dəyişikliklər müşahidə olunur. Qiymətlərin çox tez-tez artıb-azalması cüzi rəqəmlərlə qeydə alınsa da, bu, ixracatçı və idxalçı ölkələr üçün gələcək proqnozları müəyyənləşdirən amilə çevrilir.

Maraqlıdır, dünya bazarlarındakı bu dəyişikliklər Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlərə necə təsir göstərəcək?

Bununla əlaqədar Oxu.Az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov düşünür ki, dünya bazarlarında neftin və qazın qiymətlərindəki dəyişikliklər qısamüddətlidir. Ekspertin fikrincə, istənilən halda ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə əhəmiyyətli səviyyədə fərq var:

“Xarici ticarət saldosunda ilk ayın nəticələrində də rəqəmlərdəki azalma əks olunub. Bir tərəfdən, qiymət ötənilki səviyyədə deyil, digər tərəfdən isə neft hasilatı ildən-ilə azaldılır. Bu dəfə də hasilatın 4,6 faiz azaldılması baş verdi. İndiki şərtlər daxilində enerji istiqamətində gəlirlərin azalması proqnozlaşdırılandır. Bu ilin sonuna qədər azalma tendensiyası davam edəcək. Xüsusilə, nəzərə alsaq ki, Rusiya neftinin satış qiymətlərinə yuxarı hədlər tətbiq edilir, bu, dünya bazarlarına da öz təsirini göstərir. Gözlənilən tempə nail olma ehtimalı da aşağıdır. Müharibə (Rusiya-Ukrayna – red.) bitməyib və bütün bu faktlar 2023-cü ildə öz aktuallığını qoruduğuna görə gəlirlərimizə təsir edir. Bu, ən yüksək ehtimalla 22-25 faiz arasında dəyişə bilər”.

Rəşad Həsənov gəlirlərin azalmasının problemlərə səbəb olmayacağını deyib. Onun sözlərinə görə, rəsmilərin açıqladığı məqamlardan görünür ki, Azərbaycan neftinin qiymətinin 65-75 dollar arasında olması, əslində, ən optimal variantdır: 

“Bilirsiniz ki, enerji bahalaşanda bu, son nəticədə bütün məhsulların qiymətlərinin artmasına gətirib çıxarır. İdxalçı ölkə kimi biz burada itirən tərəfik. Bu, arzuolunan deyil. 2022-ci ildə inflyasiyanın sərt şəkildə davam etdiyini gördük. Bahalaşma dövlət və neft şirkətlərinə müsbət təsir edirsə, ölkə əhalisi itirən tərəf olur. Dövlət büdcəsində də neftin qiymətində ehtiyatlı yanaşma nəzərdə tutulub, bir barel üçün 50 dollar müəyyənləşib. Bütün bunları ümumiləşdirsək, qiymətlərdə azalma olacaq. Bu, gəlirlərə 2022-ci illə müqayisədə 10-25 faiz arasında mənfi təsir göstərə bilər. Amma bu, Azərbaycanda maliyyə problemlərinə və sıxıntılara gətirib çıxarmayacaq”.

Qeyd edək ki, fevralın 27-nə olan nəticələrə əsasən, dünya bazarında WTI markalı neftin aprel füçersləri 0,25% ucuzlaşaraq, bir barelin qiyməti 76,13 ABŞ dolları olub.

“Brent” markalı neftin aprel füçersləri isə 0,29% ucuzlaşaraq, bir barelin qiyməti 82,92 ABŞ dolları təşkil edib.

Təbii qazın qiymətlərinə gəldikdə isə Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart füçerslərinin qiyməti günə 554,9 dollarla (-0,8 %) başlasa da, sonradan 537 dollaradək (-4 %) düşüb. Dinamika əvvəlki ticarət günü – ötən həftənin cümə günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 559,1 dollar) əsasən hesablanır.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri