20 
Mar
2023
16:00
8
81
1242
Virtual karabakh

ABŞ banklarının iflası neftin qiymətinə təsir edə bilərmi?

20 Mar, 2023
16:00
1242

ABŞ banklarının iflası neftin qiymətinə təsir edə bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

Dünya iqtisadiyyatının 1 nömrəli aparıcı ölkəsi olan ABŞ-nin maliyyə sektorunda, daha dəqiq desəm bank sistemində baş verənlər siyasi ambisiyaları iqtisadi maraqlardan və mənafedən üstün tutmağın nə qədər təhlükəli olduğunu bir daha göstərdi.

Bu özünü düz, 15 il öncə - 2008-ci ildə də əyani göstərmişdi. ABŞ başda olmaqla Qərbin Gürcüstanla əlaqədar Rusiya ilə açıq siyasi qarşıdurması Atlantik Okeanının o tayında ən böyük investisiya bankı olan “Lehman Brothers”in çökməsiylə nəticələndi. 

Hansı ki, bu, qlobal maliyyə-iqtisadi böhranın yaranmasına səbəb oldu.

Keçmiş Barak Obama hökuməti ABŞ-ni bundan güclə çıxartdı. Xüsusən də, 2011-ci ilin martında Yaponiyada zəlzələdən yaranan sunami ABŞ-nin karına çox gəldi desəm, yanılmaram. Bu baş verməsəydi, bəlkə də böhrandan çıxma müddəti bir xeyli uzanacaqdı. 

Belə ki, adıçəkilən ölkənin maşınqayırma sənayesi bundan böyük fürsət əldə edərək öz avtomobillərinin dünya bazarlarında əlverişli mövqeyə sahib çıxmasına müyəssər oldu. Söhbət, ABŞ-dən gedir. Budur, oxşar tendensiya yenə baş qaldırıb. Artıq, bir ildən çoxdur davam edən Ukrayna-Rusiya müharibəsi fonunda ABŞ Federal Ehtiyat Sistemi (FES) tərəfindən dünyanı və ölkəni bürüyən bahaçılıq və ciddi inflyasiya alovunu söndürmək istəyi, yəni mərkəzi uçot dərəcəsini görünməmiş sürətlə artırmaq istiqamətində yürüdülən siyasət maliyyə sektorunun sütunlarını çatlatmağa başlayıb. 

Təkcə keçən il ərzində uçot dərəcəsi beş dəfə artırılıb. Bu öz mənfi nəticəsini sözsüz ki, göstərməli idi və göstərir də...

Belə ki, bu ayın cəmi üç günü ərzində “Silicon Valley Bank” və “Signature Bank” iflas edib. Birinci üzrə bankrot elan edildi, ikincisi isə bağlandı. Adları çəkilən bankların filialları qarşısında əmanətçilər üzrə hazırda növbə yaranıb. Düzdür, Ağ Ev başçısı Co Bayden bildirib ki, əmanətlər üzrə heç bir əndişəyə ehtiyac yoxdur, kim nə qədər depozit yerləşdiribsə, onu da alacaq. “Sözügedən bankların rəhbərliyi isə işdən çıxarılacaq”, - deyən Bayden vergi ödəyicilərinin heç nə itirməyəcəklərini də bildirib. Bank investorlarının pulunu isə qaytarmağın mümkün olmayacağını deyib. “Bank investorları qorunmayacaq, onlar riskə getdiklərini bilirdilər, kapitalizm belə işləyir”, - deyə ABŞ prezidenti vurğulayıb.

Yeri gəlmişkən, “Silicon Valley Bank”ın iflasından sonra qlobal maliyyə sektoru 465 milyard dollar itirib. Bundan ABŞ-nin ən çox zərər çəkən regional bankları olub ki, Birləşmiş Ştatların 16-cı ən böyük bankı olan adıçəkilən qurumun iflası 2008-ci il maliyyə böhranından sonra sözügedən ölkədə ən böyük bank uğursuzluğu sayılır.

Sual yaranır ki, bu növbəti qlobal maliyyə-iqtisadi böhranı üçün zəmin yarada bilərmi?! Ümumiyyətlə, ölkəmizin gəlirləri neft satışından əldə olunduğundan görəsən, okeanın o tayında nəhəng banklar üzrə baş verən bu hadisələr dünya enerji bazarlarında kəskin qiymət enişinə səbəb ola bilərmi?!

Bəziləri deyir ki, yox. Bu da təsadüfi deyil. Çünki belə düşünənlərə əsas verən amil ondan ibarətdir ki, iflasa uğrayan və bağlanan bankların xilası üçün Ağ Ev administrasiyası əslində heç bir təşəbbüs göstərmədi və baş verənləri sadəcə bir müşahidəçi qismində izləməyi nümayiş etdirdi. Odur ki, bu fikirdə məntiq var. 

Lakin...

Həm iflasa uğrayan, həm də bağlanan banklar kiçik qurumlar deyillər. Belə ki, onlar ABŞ-nin 20 ən böyük bank qupuna daxildirlər. Və baş verənlər də nə qədər çox nəzarətdə hesab olunsa da, domino effektinin ortaya çıxması üçün bəhanəyə də çevrilə bilər. Yəni, ardınca digər bankların da çökməsinə şahid ola bilərik.

Özü də bu barədə müəyyən fikirlər də var. Məsələn, “Silicon Valley Bank”dan sonra İsveçrənin “Credit Suisse” bankının uğursuzluğa düçar olacağı haqda fikirlər mövcuddur. Hansı ki, maliyyə şərhçisi və “Zəngin ata kasıb ata” kitabının müəllifi Robert Kiyosaki məhz belə düşünür. Həmin Robert Kiyosaki ki, 2008-ci ildə “Lehman Brothers”in dağılacağını dəqiq proqnoz etmişdi. Onun fikrincə, domino effekti artıq, start götürüb. 

“Çünki problem istiqraz bazarındadır”, - deyə Robert Kiyosaki bildirib.

Yəni, vəziyyət həqiqətən nəzarətdən çıxa bilər. Və bu, neft bazarlarında da kəskin qiymət enişlərinə və digər mənfi tendensiyalara yol aça və zəmin yaradar bilər. Qeyd olunan təhlükə real hesab edilməlidir, o baxımdan ki, hazırda heç bir şey haqda tam əminliklə proqnoz vermək və fikir söyləmək mümkün deyil. 

Görünən budur ki, əvvəla, ABŞ valyutası ucuzlaşacaq, ikincisi, FES də faiz siyasətini tezliklə əks istiqamətdə dəyişəcək, üçüncüsü, investisiyalar zəifləməyə doğru start götürəcək və sair...

Ölkəmiz baş verə biləcək bütün bu və digər risklərə hazırdırmı?! Neftin qiyməti 40 ABŞ dollarından aşağı düşənədək demək olar, bəli... Bu isə ən azı yaxın üfüqdə də varsa, şükürlər olsun, hələki görünmür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri