31 
Mar
2023
17:24
35
197
8509
Virtual karabakh

“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? - MÜSAHİBƏ + FOTO

31 Mar, 2023
17:24
8509

“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.

Nazirlər Kabinetinin bu qərarı müzakirələrə səbəb olmaqla bərabər, ölkədə avtomobil qiymətlərinin yüksələcəyi, bu sahədə tələbatın ödənilməsində çətinliklərin yaranacağı haqqında narahatlıqlara da gətirib çıxardı.

Avtomobil Dilerləri Assosiasiyasının təsisçisi və sədri Natiq Zərbəliyev yeni qərarla bağlı Oxu.Az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Nazirlər Kabinetinin məlum qərarı Azərbaycanda avtomobil bazarına necə təsir edəcək? Qiymətlərin bahalaşması hansı səviyyədə gözlənilir?

- Öncəliklə qeyd etməliyəm ki, Azərbaycanın avtomobil parkı durmadan köhnəlir və qocalır. Bu isə yollarda təhlükəsizliyin pozulmasına və ekoloji problemlərə səbəb olur. Köhnə avtomobillərə məhdudiyyət labüd idi.

Qiymətlərin bahalaşmasına gətirib çıxaracaqmı, buna gəlincə, ola bilər, ikinci əl avtomobillərin bahalaşması olsun. Amma unutmamaq lazımdır ki, başqa ölkələrdə istismara yararsız olan, hətta utilizasiyaya göndərilən avtomobillərin ölkəmizə gətirilməsi bizim sağlamlığımıza pis təsir edir, təhlükəsizliyimizə təhdiddir. Ona görə çalışmaq lazımdır ki, ikinci əl avtomobil bazarı da ölkə daxilində olan avtomobillərin hesabına formalaşsın. Rəsmi olaraq, satılmış yeni avtomobilin sahibi köhnə avtomobilini başqa bir salonda satışa çıxara bilər. Avtomobillərin istismarı, yürüşü, texniki vəziyyəti durumu bəlli olmayan, suda batmış, xarab avtomobillərin bərpa edilərək ölkəmizə göndərilməsindən daha yaxşıdır. Bu problemə kompleks yanaşma olmalıdır. Köhnə avtomobillərə məhdudiyyət qoyulursa, yeni avtomobillərin güzəştlə, əlverişli şərtlərlə satışı təmin edilməlidir.

- Yerli istehsal daxili tələbatı ödəyə bilmir. Xaricdən gətirilən avtomobillərə də məhdudiyyət qoyulur. Bəs bu, ölkədəki avtomobil bazarına hansı təsirləri göstərəcək?

- Yerli istehsalçılar tələbatı say baxımından ödəyə bilməzlər. Hətta ola bilər, yerli istehsalın keyfiyyəti də hansısa istehlakçıları qane etmir. Amma bu o demək deyil ki, qadağanın avtomobil bazarına təsirinin güclü olacağını qeyd edə bilərik. Sadəcə, köhnə avtomobillərdən istifadə edilməməlidir. Daha yeni, ekoloji təhlükəsiz avtomobillərin ölkəyə gətirilməsi stimullaşdırılmalıdır. Nəyə görə “avtomobil bazarı” deyəndə ancaq “leş avtomobillərdən” danışırıq? Mənə elə gəlir, avtomobil bazarı getdikcə formalaşacaq. Nisbətən az yürüşü, buraxılış ili gənc olan avtomobillərin gətirilməsi ilə bu problem həll ediləcək. Ölkəmizdə satılmış yeni avtomobillərin təkrar bazara çıxarılması sayəsində bazar formalaşmalıdır.

- Qərar ekoloji təhlükəsizliyin təmin olunması ilə əsaslandırılır. Bu addım ekoloji təmizliyə hansı təsiri göstərəcək?

- Ölkədə olan köhnə avtomobillərin sayı və paytaxt Bakıda müşahidə olunan trafik problemləri, sıxlıqlar və tıxaclar havanın ciddi dərəcədə zəhərlənməsinə gətirib çıxarıb. Xüsusilə bilirsiniz ki, köhnə avtomobillər hərəkətdə olarkən deyil, məhz tıxacda, yerində çalışarkən ətraf mühiti zəhərləyir. Mənə elə gəlir ki, hətta öz sağlamlığımız bir yana, gələcək nəslin sağlamlığını da düşünməliyik. İstəmirəm, kiminsə yolu düşsün, amma Milli Onkologiya Mərkəzinin bir mərtəbəsində nəfəs yollarının onkoloji problemlərindən əziyyət çəkən xəstələr müalicə alırlar. Həmin mərtəbədə iynə atsan, yerə düşməz, nəzərə almaq lazımdır. Bütün dünyada atmosferi zibilləyən nüanslar arasında ilk yeri müəssisələr, zavod və fabriklər, ikinci yeri isə avtomobillərin zəhərli tullantıları tutur. Bakıda o qədər də zavod və fabrik sıxlığı yoxdur. Amma külli miqdarda avtomobil səhərdən axşama kimi paytaxt küçələrində havaya zəhər atır. Ekoloji situasiyanın daha müsbət istiqamətə getməsi üçün bu qərarın təsiri böyük olacaq.

- Statistika Komitəsinin rəqəmlərinə əsasən, ölkədə 10 ildən artıq yaşı olan avtomobillər 80 faiz təşkil edir. Qadağa durğunluq yaratmaqla yanaşı, bu sahədə iqtisadi problemə səbəb ola bilərmi?

- Düşünmürəm ki, indiyə qədər köhnə avtomobillərin ölkəyə gətirilməsi sayəsində hansısa iqtisadi problemlərin həllinə dəstək mümkün olub. Büdcəni doldurmaq üçün belə addımlar gərəkli olmamalıdır. Məsələyə başqa tərəfdən yanaşmalıyıq.

- Aşağı faizli kredit proqramlarına, lizinq proqramına ehtiyac olduğu haqqında da fikirlər səsləndirilir. Bu istiqamətdə hansı addımlar atıla bilər?

- Yeni avtomobillərə marağı artırmaq üçün kredit şərtlərinin nisbətən yüngülləşdirilməsi, ilkin ödənişlə bağlı tələbin azaldılması lazımdır. Əlçatan şərtlərlə avtomobil kreditləri verilməlidir. Bankların tələbi ilə avtokreditlər üçün 50 faiz ilkin ödəniş nəzərdə tutulur. Hesab edirəm ki, bu, 20-25 faizə qədər azaldıla bilər. Bununla bərabər, beş-yeddi il müddətlə, münasib illik faiz dərəcəsi ilə avtokreditlər təqdim edilə bilər. Banklar bildirə bilərlər ki, inflyasiyanı nəzərə alaraq, avtokreditlər sərf etmir. Amma mənə elə gəlir, avtomobil parkını yeniləmək istəyiriksə, Mərkəzi Bank tərəfindən müvafiq qərar qəbul olunmalıdır. Təkcə ekoloji təhlükəsiz, hibrid avtomobillərə deyil, eyni zamanda kiçikmühərrikli avtomobillərə də bu güzəştlər edilə bilər. Düşünürəm ki, avtokredit proqramlarına diqqət göstərmək vacibdir.

Avtomobillərin lizinqi məsələsi də bütün dünyada aktualdır. Bu, Azərbaycanda da tam gücü ilə işləməlidir. Qanunvericilikdə lizinq var, amma bunun fəaliyyətində maneələr görürük. Qanunvericiliklə, xaricdən avtomobil almaq üçün mütləq sahibkar olmalısan, VÖEN hesabın olmalıdır. Bir çox şəxslər, sadəcə, bu məqsədlə VÖEN açmalı olurlar. Bu, bir çoxlarını çəkindirir, qorxudur. Ona görə bütün dünyada olduğu kimi, fiziki şəxs olaraq lizinqdən istifadəni Azərbaycanda da tətbiq etmək lazımdır.

Lizinq zamanı ƏDV problemi də var. Buna görə şirkətlər də minik avtomobillərinin lizinqi ilə məşğul ola bilmirlər. Biz bu barədə təkliflər hazırlamışıq, üzərində iş gedir.

Dünyada avtomobillərin qısamüddətli icarəsi təcrübəsi də mövcuddur. Bu da avtomobillərin satışının əlçatanlığın üçün mövcud alətlərdən biridir.

Bütün bunlara kompleks baxmaq lazımdır ki, verilən qərar həm estetik, həm təhlükəsizlik, həm də avtomobil bazarının yenilənməsi baxımından faydalı olsun.

- Görünür ki, qərarın təsiri ilə ölkəyə avtomobil idxalında bir müddət azalma müşahidə ediləcək. Bəs bu təsirlər nə zaman aradan qalxa bilər?

- Statistikaya əsasən, 2022-ci ildə avtomobil idxalına bir milyard dollara yaxın pul sərf edilib. Ölkəyə təxminən 100 min avtomobil gətirilib. Adi hesablama sayəsində görürük ki, idxal edilən bir avtomobilə ortalama 10 min dollar düşür. Nəzərə alsaq ki, bu sayın içərisində ən yeni və istifadə edilməmiş avtomobillər də var, onda belə çıxır ki, ölkəyə gətirilən bir işlənmiş avtomobilin təxmini qiyməti 7-8 min dollara başa gəlir. Bu gün heç bir istehsalçıda bu qiymətə başa gələn təhlükəsiz, ekoloji təmiz, yeni avtomobil görə bilməzsiniz. Bu, açıq-aydın xəbər verir ki, ölkəyə durmadan metal qırıntıları daşınır. Ona görə vaxtında qadağa qəbul edildi. Amma yenə də deyirəm ki, yeni avtomobillərin satışı üçün əlverişli kredit, lizinq sistemi tətbiq edilməlidir. Beləliklə, avtomobil bazarında yarana biləcək boşluğu daha qısa müddətə aradan qaldırmaq mümkündür.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri