May
2023
13:16
14
81
1171
Virtual karabakh

Uçot dərəcəsi artırıldı: İdxal məhdudlaşacaqmı ?

8 May, 2023
13:16
1171

Uçot dərəcəsi artırıldı: İdxal məhdudlaşacaqmı ?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

Dünyada və o cümlədən ölkəmizdə inflyasiya tempi zəifləmədiyi üçün mərkəzi banklar pul-kredit siyasətlərini sərtləşdirməyi davam etdirirlər. Hərçənd, bu, elə bir effekt vermir, ancaq başqa əlac da yoxdur. Söhbət, operativ nəticədən gedir. 

Məsələn, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini onuncu dəfə yüksəltməklə 25 bənd artıraraq 5,00 - 5,25% - ə çatdırıb. ABŞ-də bu cür faiz artımı 2008-ci il böhranından əvvəl olmuşdu. Yəni, 16 il əvvəl...

Avropa Mərkəzi Bankı da uçot dərəcəsini, qabaqcadan proqnoz edildiyi kimi 25% bəndi artıraraq 3,25%-ə yüksəldib. Digər ölkələr də həmçinin... 

Məqsəd nədir? Məqsəd bahalaşmanın və inflyasiya prosesinin qarşısını almaq, durmadan artmaqda olan tələbi tənzimləmək və təklifi nizamlamaqdır. 

Ancaq neçə müddətdir buna nail olmaq mümkün olmur. Çünki siyasi proseslərdən doğan bir sıra subyektiv amillər mühüm təsirə malik olduğundan ciddi rol oynayır.

Bu arada, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti də uçot dərəcəsini 0,25% bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırmaq haqda qərar qəbul edib. AMB-nin məlumatına görə, faiz dəhlizinin aşağı həddi 0,5% bəndi artırılaraq 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25% bəndi artırılaraq 9,75%-dən 10%-ə qaldırılıb. 

Bu qərarın həm daxili, həm də xarici mühitdə inflyasiyaya təsir göstərən amillərin rolu və eyni zamanda yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınaraq verildiyi bildirilir.

Əslində, dünyada inflyasiya çox da əvvəlki tempdə deyil, yəni zəifləyib və zəifləməkdə də davam edir. Belə ki, neftin qiyməti nisbətən düşüb, əvvəlki kimi az qala 100 ABŞ dolları civarında deyil. 

Dünya bazarlarında xam neft hələ 80 ABŞ dollarının altında oynadığı halda OPEC+ ölkələri ötən ayın əvvəlində hasilatı əlavə olaraq azaltmaq qərarına da gəlsələr, görünən budur ki, qlobal iqtisadiyyatda vəziyyətlə əlaqədar qiymətlər 80 dolların üstündə duran deyil.
Bu əslində, yaxşı cəhətdir o mənada ki, yanacaq məhsulları ucuzlaşacaq və bu da qlobal miqyasda bahalaşma və inflyasiya templərini cilovlayacaq. 

Beynəlxalq ekspertlərsə bütün bunları tez baş tuta biləcək məsələ saymırlar. O baxımdan ki, ortada bir çox qeyri-müəyyənliklər mövcuddur. Məsələn, dünyanın bir nömrəli iqtisadiyyatına sahib ABŞ böyük risklərlə üz-üzə sayılır. Adıçəkilən ölkədə resessiya başlanarsa neftin dünya bazar qiymətləri düşsə də belə, qlobal miqyasda bahalaşma və inflyasiya səngiməyə bilər.

Belə olan təqdirdəsə bu, bizə ikitərəfli zərər yaradacaq. Neftin qiymətinin düşməsi ilə gəlirlərimiz azalacaq, həm də inflyasiya idxalı qalmaqla ola bilsin, bir az da güclənəcək... 

Yeri gəlmişkən, sonuncu barədə AMB-nin sədri Taleh Kazımov da bildirib ki, Azərbaycanda inflyasiya 80% təklifdən, idxal inflyasiyasından qaynaqlanır. Hələ yaxşı ki, manatın nominal effektiv məzənnəsi buna azaldıcı təsir göstərir. Yoxsa, idxal obrazlı şəkildə desəm, inflyasiya sarıdan vulkan püskürməsi yaratmışdı. 

Söhbət ölkəmizdə həyata keçirilən sabit məzənnə rejimindən - manatın dəyərinin inzibati yolla saxlanmasından gedir. Bunun nəticəsidir ki, manatın nominal effektiv məzənnəsi ötən il ərzində məhz 8,4%, cari ilin ötən 4 ayında isə 4,8% möhkəmlənib.
Odur ki, neftin düşəcəyi təqdirdə idxal inflyasiyası başımıza daha böyük bəla aça bilər. Əvvəlki şərhlərimdə də yazmışam ki, ölkəmizə inflyasiya idxalını tezliklə neytrallaşdırmaq qeyri-mümkün sayılır. O baxımdan ki, daxili bazarımız idxaldan asılı olduğundan yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan qısa müddət ərzində yaxa qurtarmaq mümkün hesab edilmir.

İdxal isə getdikcə artır. Ümumi idxalın tərkibindəsə yeyinti məhsulları artır. Buna görə də inflyasiyanı və daxili istehlak bazarında bahalaşmanı kənar amillərin alovlandırdığını qeyd etməyə məcbur qalırıq. Bu da təbiidir, o səbəbdən ki, bahalaşma ilə inflyasiyanın sürətli və münbit daşıyıcısı elə yeyinti məhsulları sayılır.

Hesab edirəm ki, bu məsələ xüsusi diqqət tələb edir. İdxal olunan yeyinti məhsulları dedikdə söhbət, ət, süd, qaymaq, kərə yağı və süddən hazırlanan digər yağlar, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü, bitki-heyvan mənşəli piylər və yağlar kimi məhsullardan gedir.

AMB-nin uçot dərəcəsini qaldırması ilə pul-kredit siyasətini sərtləşdirməsi idxalı məhdudlaşdırmağa yardım edirmi? Xeyr. Sərt pul-kredit siyasəti əksinə, iqtisadi fəallığı zəiflədir. 

Əslində isə, ərzaq və yeyinti üzrə idxal məhsullarının ölkəyə getdikcə daha çox gətirilməsinin qarşısı alınmalı, bunun üçün onu stimullaşdırılan amillər müəyyən edilməklə aradan qaldırılmalıdır. Əks təqdirdə, qeyri-neft sektorunun inkişafı ilə bağlı seçilmiş prioritet təhlükə altında qalacaq. Çünki onun əsas qolu aqrar sektor - kənd təsərrüfatı məhsulları istehsalı və emalı sayılır.

Düzdür, bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,2% artıb.

Hesabat dövründə aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib ki, qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 1 il əvvələ nisbətən 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

Demək istədiyim budur ki, yerli istehsal və bu sahədə çalışan işgüzar fəallıq dəstək istəyir. AMB inflyasiya ilə mübarizə aparmaqla yanaşı, bunun da qayğısına qalmalıdır. Bu isə bank sektorunun likvidliyindən geniş mənada yararlanmaq yolunu tapmağı tələb edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri