21 
Apr
2015
20:29
20
79
6541
Virtual karabakh

İnflyasiya nisbətən “buraxılsa” yaxşıdır - RƏY

21 Apr, 2015
20:29
6541

İnflyasiya nisbətən “buraxılsa” yaxşıdır - RƏY

AMB-nin pul siyasətində həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiya veriləcək.

Məlumdur ki, ölkədə mart ayında inflyasiya 1 faiz də təşkil etməyib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2015-ci ilin martında ərzaq məhsullarının qiymətləri 1,8, qeyri-ərzaq malları 0,5, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz səviyyəsində, ümumən istehlak mallarının qiymət və xidmət tarifləri isə əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşmışdır.

İstehlak mallarının qiymət və xidmət tarifləri fevral ayında isə yanvar ayı ilə müqayisədə 4, o cümlədən ərzaq məhsulları 6,6, qeyri-ərzaq 3,1, xidmət tarifləri isə 1,2 faiz bahalaşmışdı.

2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymət və xidmət tarifləri 2,0, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5, qeyri-ərzaq mallarının qiymətləri 1,7, xidmət tarifləri isə 1,4 faiz bahalaşmışdı.

2015-ci ilin yanvarında 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4 faiz yüksəlmiş, qeyri-ərzaq malları ilə əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməmiş, ümumən istehlak malları 0,2 faiz bahalaşmışdı.

Göründüyü kimi istehlak qiymətləri indeksi il başlanandan bəri artmaq əvəzinə azalmışdır.2015-ci ildə isə Azərbaycanda inflyasiya məlum olduğu kimi 2-3 faiz səviyyəsində proqnozlaşdırılmışdır.

Belə ki, bu barədə manatın ucuzlaşdırılacağı hələ hətta xəyalda da belə olmadığı vaxtda Mərkəzi Bankın (AMB) 2015-ci il üçün pul-kredit və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqda bəyanatında bildirilmişdi.

Sənəddə qeyd olunmuşdu ki, AMB-nin pul siyasətində həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiya veriləcək. Və bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olacaq.

Təkrar edirik: bu zaman manatın dəyərinə korrektə ediləcəyi və onun ucuzlaşdırılacağı söhbəti hələ yox idi.

Lakin fevralın 21-dəki qərardan sonra bu il Azərbaycanda 7,9 faiz inflyasiya olacağı deyilir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatında vurğulanıb. Qurum 2016-cı il üçün Azərbaycanda inflyasiyanı 6,2 faiz səviyyəsində proqnozlaşdırır ki, BVF-nin bu ilin yanvarında hazırlanmış əvvəlki hesabatına əsasən isə Azərbaycanda 2015 və 2016-cı illərdə inflyasiya müvafiq olaraq 2 və 3 faiz təşkil etməli idi.

AMB-nin fevralın 21-dəki qərarından sonra təbii ki, hökumət də proqnozunu dəyişib. Lakin əksər ekspertlərlə birgə irəli sürülən ümumi gözlənti budur ki, cari ildə inflyasiya yenə birrəqəmli səviyyəni aşmayacaq və maksimum ola bilsin, 9 faiz təşkil edəcək.

Lakin birinci rübdəki tendensiya göstərir ki, deyəsən, manatın ucuzlaşmağı heç bir təsirə malik olmayacaq. Başqa sözlə, ölkənin istehlak bazarında deflyasiya təzahürləri əvvəlkitək qalacaq.

Odur ki, sual yaranır: bu, yaxşıdır, yoxsa pis? Ölkə iqtisadiyyatında inflyasiyanın aşağı səviyyədə qalması necə qiymətləndirilə bilər? Və yaxud, bu, nəyin göstəricisi sayılır?

Bəllidir ki, manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərhal istehlak bazarında sui-istifadə halları və süni qiymət artımına qarşı nəzarəti gücləndirdi və bu sahədə müvafiq tədbirlər həyata keçirməyə başladı.

Ümumiyyətlə, istehlak bazarında qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin rolu böyük olduğundan hökumət bahalaşma meyillərin qarşısını almaqdan ötrü çox səy göstərir və bu sahədə nəzarət daima diqqət mərkəzində saxlanılır. Bu da çox müsbət və olduqca zəruri haldır.

Dövlət başçısı da hökumətin cari ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair aprelin 10-da keçirilən iclasında qeyd etdi ki, inflyasiya Azərbaycanda çox aşağı səviyyədədir.

“Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır”, – deyə, Prezident İlham Əliyev bildirdi.

Həqiqətən də makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir və inflyasiyanın ilk rübdə cəmi 2,8 faiz artması çox müsbət göstəricidir. Təkrar edirik: fevralda manatın məzənnəsinə dəyişiklik edilməsi idxal olunan malların qiymətinə istər-istəməz təsir etməli olsa da görülən tədbirlər nəticəsində bazarda vəziyyət sabit qalmışdır.

Ancaq dövlət başçısı da vurğulamışdır ki, inflyasiyanın aşağı səviyyədə olması insanların yaşayış səviyyəsinə müsbət təsir göstərsə də bu, inkişafı əngəlləyir.

“Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir.” – deyə, ölkə başçısı əlavə etmişdir.

Bunun üçün ABŞ və yaxud Avropa İttifaqı (Aİ) ölkələrinə diqqət yetirmək kifayətdir. ABŞ-da mart ayında istehlak qiymətləri (CPİ indeksi) səviyyəsi fevralla müqayisədə 0,2 faiz yüksəlsə də illik baxımdan 0,1 faiz enmişdir. Halbuki proqnozlara əsasən, birinci göstərici azı 0,3, illik nəticə isə heç olmasa dəyişməməli idi. Təsadüfi deyil ki, ABŞ-ın mərkəzi bankı bu üzdən baza faiz dərəcəsini hələ bir müddət qaldırmamağı qərara alıb.

Avrozonada isə martda istehlak qiymətləri illik olaraq ümumiyyətlə 0,1 faiz aşağı düşüb. Doğrudur, bu zaman bir ay əvvəllə müqayisədə gözlənildiyi kimi 1,1 faiz inflyasiya qeydə alınıb. Hansı ki, fevarlda bu rəqəm yanvara görə cəmi 0,6 faiz təşkil etmişdi.

Ümumiyyətlə, Avrokomissiya proqnoz etmişdir ki, cari il ərzində ümumən 0,1 faiz deflyasiya, yalnız növbəti ildə 1,3 faiz inflyasiya qeydə alınacağından iqtisadi artımdan da 2016-cı ildə danışmaq mümkün olacaq.

Deməli, Azərbaycanda da inflyasiya bir qədər “buraxılsa” yaxşıdır. O zaman, manatın 30 faizdən çox ucuzlaşdırılması da öz nəticəsini tez göstərəcək. Yəni, tələb olunan iqtisadi artıma nail olmaq mümkün olacaq və ölkəmizdən də ixrac geniş çeşidli xarakter daşıyacaq.

Pərviz Heydərov
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri