İyn
2023
16:34
172
22
1405
Virtual karabakh

Şərurda yeni Günəş elektrik stansiyası istifadəyə verilib - FOTO

2 İyn, 2023
16:34
1405

Şərurda yeni Günəş elektrik stansiyası istifadəyə verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 2-də Şərur rayonunda gücü 3 meqavat olan yeni Günəş elektrik stansiyası istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılması üçün 10 may 2022-ci il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb.

Kənd təsərrüfatına yararsız 5,3 hektar ərazidə şirkətin Naxçıvanda yerləşən “Duzqala” MMC podratçı şirkəti tikinti-quraşdırma işlərini həyata keçirib, stansiyada hər birinin gücü 330 Vat olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovat gücündə transformator yarımstansiyası quraşdırılıb. Stansiyada, ümumilikdə, 11 videomüşahidə kamerası qoyulub.

Səlahiyyətli nümayəndə günəş elektrik stansiyalarının qurulması ilə bərabər, enerji saxlanmasının vacibliyini xüsusilə vurğulayıb. Sonra stansiyaya baxış olub.

Qeyd olunub ki, mövcud 8 meqavat stansiyanın qapalı paylayıcı quruluşundan yeni 3 meqavat stansiyaya qədər 35 kilovoltluq əlaqələnmə güc kabeli və digər kommunikasiya kabelləri döşənib. Stansiyada daxilində 7 ədəd 35 kilovoltluq hücrələr olan ümumi qapalı paylayıcı quruluş tikilib. Şərur Günəş Elektrik Stansiyası 110/35/10 kilovoltluq “Şərur” yarımstansiyasından qidalanan 35 kilovoltluq “Arpaçay” hava elektrik verilişi xəttinə 2 dövrəli hava xətti ilə qoşulub.

Stansiyanın layihə gücü 11 meqavata çatdırıldığı üçün il ərzində 16,5 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 21 faizini təşkil edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının gücü 39 meqavata, illik istehsal gücü isə 58,5 milyon kilovat/saata çatdırılacaq.

Bildirilib ki, “Pure Energy Development” SARL şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə “Mitsubishi L200” markalı avtomobil hədiyyə edilib.

Stansiya ilə tanışlıqdan sonra Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüşən səlahiyyətli nümayəndə deyib ki, Naxçıvanda Azərbaycanın digər bölgələri ilə müqayisədə günəş radiasiyasının faizi olduqca yüksəkdir:

“Prezident İlham Əliyev Naxçıvanı, ümumilikdə, yaşıl enerji dəhlizinə çevirməyi qarşısına məqsəd qoyduğunu bildirib, bunu üzərimizə strateji vəzifə kimi qoyub. Bu il Naxçıvan üçün olduqca əlamətdardır, həm də ona görə ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər həyata keçiririk. Açılışın bu il baş verməsi də olduqca əlamətdardır. Naxçıvan Muxtar Respublikasının yaşıl enerji dəhlizinə çevrilməsi istiqamətində işlər bundan sonra da uğurla aparılacaq. 1994-cü ildən Azərbaycan Respublikasının enerji təminatçısı kimi çıxış etməsi artıq həm Avropada, həm də dünyanın digər bölgələrində təsdiq olunub. Azərbaycanın karbohidrogen yataqları dünyaya açılıb. Buraya həm xarici investorlar cəlb edilib, eyni zamanda yerli investorlar üçün böyük şərait yaradılıb. Sevindirici haldır ki, enerji sahəsində Azərbaycan böyük dövlətlərin, xüsusilə də Avropanın etibarlı və dayanıqlı tərəfdaşına çevrilib. Bu proses məhz ulu öndər tərəfindən 1994-cü ildən həyata keçirilən və böyük bir layihə olan “Əsrin müqaviləsi” ilə başlayıb. Bu gün də bu proses davam edir. Azərbaycan ilk karbohidrogen ehtiyatları sahəsində işi başlasa da indi artıq biz daha innovativ metodlarla enerji təminatçısına çevrilmişik”.

F.Nəcəfli deyib ki, Prezidentin elan etdiyi kimi bu işlərdə Naxçıvan Muxtar Respublikasının xüsusi payı var:

“Biz günəş, külək, su enerjiləri ilə bağlı layihələri sürətlə inkişaf etdirəcəyik. Artıq Azərbaycanın paytaxtı Bakıda bu proses başlayıb. “Bakı Enerji Həftəsi” keçirilir. “Bakı Enerji Həftəsi”nin sonuncu günü qərarlaşdırılıb ki, Naxçıvanda qeyd olunsun. Biz bu tədbirə hazırlaşırıq. İyunun 3-ü Naxçıvan şəhərində tədbir davam etdiriləcək. İlkin məlumatlar alırıq ki, muxtar respublikada alternativ enerji sahəsində ciddi investisiyalar qoymaq üçün mühüm şirkətlər öz niyyətlərini açıq şəkildə etiraf ediblər. 400 meqavatlıq və daha sonra 500 meqavatlıq 2 enerji santralının qurulmasından söhbət gedir. Biz birdən-birə 400 meqavatlıq böyük bir layihənin icraçısına və sahibinə çevriləcəyik. Əlbəttə ki, bu, ciddi investisiya tələb edir. Azərbaycan Respublikasında aparılan uğurlu siyasətin nəticəsidir ki, xarici investorlar öz sərmayələrini Azərbaycanda rahat şəkildə qoymağa tələsir və maraq göstərirlər. Bu o deməkdir ki, Azərbaycan Respublikası stabil bir məkana çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində artıq Qafqazda, ümumilikdə, yeni reallıqlar yaranıb. 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin nəticəsi həm Azərbaycan, həm də region üçün yeni reallıqlar ortaya çıxarıb. Zəngəzur dəhlizi bu reallıqlardan biridir və dəhlizin reallaşdırılması Naxçıvan regionu üçün xüsusilə əlamətdar olacaq. Bu, bizim nəqliyyat strukturunun inkişafına gətirib çıxaracaq, eləcə də biz Naxçıvan Muxtar Respublikasında istehsal olunan enerjini qonşu dövlətlərə ixrac etmək gücündə olacağıq. Ona görə də düşünürəm ki, bu, ilkin addımdır”.

Fuad Nəcəfli bu sahədə görülən işlərlə bağlı xidmətin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami deyib:

“Bu gün Naxçıvan Muxtar Respublikası üçün əlamətdar bir gündür. 3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Naxçıvan sakinlərini təbrik edirəm. Şirkətim adından Naxçıvan Muxtar respublikasında enerji sektoruna az da olsa töhfə verdiyim üçün məmnunluq ifadə etmək istərdim. 2015-ci ildən etibarən burada olmaqla bizim əsas hədəfimiz ən yüksəkkeyfiyyətli Avropa komponentləri ilə yüksək standartlara uyğun günəş elektrik stansiyalarının tikilməsi olub. Coğrafi mövqeyi və əlverişli iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Yeni stansiyaların tikintisi ilə birlikdə növbəti addım Naxçıvanda yaşıl enerjinin toplanması olacaq. Azərbaycan hökumətinin dəstəyi sayəsində əminəm ki, Naxçıvan qısa zamanda yaşıl enerji zonasına çevriləcək. Yaradılan şəraitə və dəstəyə görə təşəkkür edir, əməkdaşlığımızın gələcəkdə də davam etməsini diləyirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri