İyn
2023
18:20
90
46
1438
Virtual karabakh

Azərbaycanda velosiped niyə nəqliyyat vasitəsi ola bilmir? - AÇIQLAMA + FOTO

3 İyn, 2023
18:20
1438

Azərbaycanda velosiped niyə nəqliyyat vasitəsi ola bilmir? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3 iyun - Ümumdünya Velosiped Günüdür.

Velosiped bəziləri üçün idman, bəziləri üçün əyləncə, bəziləri üçün isə vacib nəqliyyat vasitəsidir. “Velosipedçilər ölkəsi” kimi tanınan Niderland əhalisinin 99,1%-i bu nəqliyyat vasitəsindən istifadə edir. 

Velosipedin istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bu nəqliyyat vasitəsi zəhərli qazlarla atmosferə zərər vermir və küçələrdə səs-küy yaratmır. Velosipeddən daha çox istifadə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını azaldır. Statistikalara görə, yol-nəqliyyat hadisələri ildə 90 min insanın ölümünə səbəb olur. Təxminən 70 milyon insan isə avtomobillərin yaratdığı səs-küydən əziyyət çəkir.

Bəs bütün dünyada rəğbətlə qarşılanan velosiped Azərbaycanda niyə tələbat görən nəqliyyat vasitəsinə çevrilə bilmir?

Bununla əlaqədar Oxu.Az-a danışan Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli düşünür ki, ölkəmizdə velosipedin nəqliyyat vasitəsinə çevrilməsinin hər kəs arzusundadır. A.Əsgərlinin fikrincə, xüsusilə Bakı kimi əhalinin sıx məskunlaşdığı şəhərdə velosipedin təkcə əyləncə vasitəsi kimi istifadəsi doğru deyil:

“Nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin kütləviləşməsi üçün ilk növbədə infrastruktur önəmlidir. Paytaxt əhalisi arasında apardığımız müşahidələr, keçirdiyimiz görüşlər, velosiped federasiyaları ilə təmaslar zamanı velosipeddən istifadə etmək istəyənlərin çoxluğu vurğulanır. Lakin bunun üçün infrastruktur tam əlverişli deyil. Biz öz növbəmizdə təhlükəsizliyin təmin olunması üçün velosiped istifadəçilərinə bu barədə çağırışlar edirik.

Velosiped nə qədər ekoloji təmizliyə, şəhərin ümumi ab-havasına, nəqliyyatın sıxlığının azaldılmasına müsbət təsir etsə də, bundan istifadənin genişlənməsi üçün ciddi addımlar atılmalıdır. Hesab edirik ki, gələcəkdə, ən azından yeni salınan şəhərlərdə yol infrastrukturunda velosiped zolaqlarının salınmasına xüsusi diqqət ayrılacaq.

Hər bir məsələnin inkişafı üçün ilk növbədə əlverişli infrastruktur olmalıdır. Fürsətdən istifadə edib velosipedsevərləri təbrik edirik. Velosipedlə hərəkəti üstün tutan şəxslərə də bu nəcib seçimə görə təşəkkür edirik. Onlardan bir xahişimiz var ki, velosiped sürərkən təhlükəsizlik qaydalarına diqqət etsinlər. Xüsusilə valideynlər övladlarına ciddi nəzarət etməli, onları təlimatlandırmalıdırlar”.

Aysel Aslan 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri