13 
Fev
2017
13:00
384
22
24940
Virtual karabakh

“Azercell”ə qarşı sərt ittihamlar – FOTO

13 Fev, 2017
13:00
24940

“Azercell”ə qarşı sərt ittihamlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış iş adamı Xəyal Məmmədxanlı abunəçisi olduğu “Azercell” mobil operatoru haqqında sərt fikirlər səsləndirib.

Oxu.Az xəbər verir ki, o bildirib ki, “Azercell” ilə mübarizəsini sona qədər aparacaq:

“5711 kilobayt (5 mb) internet istifadəsinə 118 manat, 147 saniyə zəngə 30 manat alan şirkətə “Azercell” deyilir. Təsəvvür edirsiniz, “WhatsApp” vasitəsilə bir foto göndərdinsə, yaxud aldınsa, 120 manat artıq hazırdır. Mən “Azercell” ilə mübarizəmi yarımçıq qoymayacağam! İnsanları mal yerinə qoymaq nə imiş, görsünlər”, - deyə X.Məmmədxanlı bildirib.

Qeyd edək ki, “Azercell” haqqında son günlər istər sosial şəbəkələrdə, istərsə də mətbuatda mənfi fikirlər səslənməkdədir.

Oxu.Az ittihamlar ilə əlaqədar “Azercell” ilə əlaqə saxlayıb və müvafiq suallar ünvanlayıb. Şirkətin rəsmi mövqeyini olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

“Sizin “Azercell Telekom” MMC-yə 15.02.2017-ci il tarixində daxil olan müraciətinizlə əlaqədar bildiririk ki, saytınızda yerləşdirilən məlumatda əks olunan mülahizələr əsasız, qərəzli və ictimaiyyət qarşısında şirkətimizin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Üstəlik müvafiq məlumatı yayımlamaqla saytınız tərəfindən:

“Qeyd edək ki, “Azercell” haqqında son günlər istər sosial şəbəkələrdə, istərsə də mətbuatda mənfi fikirlər səslənməkdədir” məzmunlu şərh verilməsini də yersiz hesab edirik. Hesab edirik ki, bu qəbildən olan məlumatı dərc etməmişdən öncə media məsələni diqqətlə araşdırmalı, mühüm əhəmiyyət kəsb edən və yanlış işlədilməsi halında, haqqında bəhs edilən şəxslərin işgüzar nüfuzuna xələl gətirə biləcək yazıları dərc etməkdən çəkinməlidir.

Bu həmçinin jurnalistin peşə etikasına da uyğun olan davranış modelidir. Təəssüf ki, saytınız tərəfindən göstərilənlər nəzərə alınmayıb və bilərəkdən oxucunu çaşdıran ifadələrdən istifadə edilməsinə şərait yaradıb.

İlk növbədə nəzərinizə çatdırırıq ki, müvafiq məlumatda əks edilən mülahizələr ölkə daxili deyil, rominq istifadəsi ilə bağlıdır. “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil İnternet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (rominq xidməti çərçivəsində internetdən istifadə tariflərə uyğun olaraq, ölkə daxilində isə Mobil İnternet Paketi aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir Mobil İnternet paketi aktiv olmadığı halda hər 1 MB üçün 0,40 manat) xidmət haqqı hesablanır.

Rominq xidməti çərçivəsində xarici operatorların tarifləri vaxtaşırı yenilənir, müvafiq ölkələrdə və Azərbaycan Respublikasında nəzərdə tutulan vergilər daxil olmaqla məbləğlər hesablanır, həmçinin xarici valyutanın məzənnəsinin dəyişilməsi, bəzən zəng\xidmətlərin pik və ya qeyri-pik saatlarında həyata keçirilməsi və s. tariflərə təsir edir.

Misal üçün Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən “Etisalat” operatorunun şəbəkəsində internet xidmətindən istifadə hər bir MB üçün hesablama intervalı 30 Kb olmaqla 22 AZN,  “Du” operatorunda isə  hər bir MB üçün hesablama intervalı 30 Kb olmaqla 5 AZN xidmət haqqı tətbiq edilir. Və yaxud Hindistanda fəaliyyət göstərən “Tata Docoma” operatorunun şəbəkəsində internet xidmətindən istifadə hər bir MB üçün hesablama intervalı 30 Kb olmaqla 25 AZN xidmət haqqı tətbiq edilir.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir.

Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir.

Mobil İnternet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən qarantiya (zəmanət) şərtləri ilə bağlı məlumatlar əldə edilməsi üçün, həmçinin istifadə qaydaları və s. barədə öz istək və mülahizələriniz ilə əlaqədar servis məntəqələrinə müraciət etməyi tövsiyə edə bilərik.

Bir çox telefon və smartfonlar abunəçinin iştirakı olmadan məlumat ötürülməsi xidmətini müstəqil istifadə edə bilirlər. Məlumat xidməti və ya Rominq funksiyaları aktiv olduğu zaman isə mobil telefon cihazının daim internet trafikini dəstəkləməsi nəzərdə tutulur, yəni “müstəqil” şəkildə internetə qoşulmalar da baş verir.

Buna görə də abunəçilərə ölkəmizlə müqayisədə daha bahalı rominq tariflər ilə olan xidmətlərdən istifadə edərkən xüsusi ilə diqqətli olmaq, cihazın seçənəklərini yoxlamaq və ehtiyac olduğu təqdirdə, “by request” (tələbə görə) rejimindən istifadə etmək tövsiyə edilir.

“Azercell Telekom” MMC təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində, abunəçilərə mobil rabitədən istifadə sıxlığına görə, həmçinin abunəçilərin məmnuniyyətini, həmçinin rahatlığını təmin etmək üçün fakturalı və fakturasız (SimSim) xətt sistemində müxtəlif tarif paketləri təklif edir.

Fakturalı və yaxud fakturasız (SimSim) xətt sistemlərində, abunəçilər sərbəst olaraq, öz mülahizələrinə əsasən müəyyən etdikləri tarif paketlərini seçə bilərlər. Fakturasız (SimSim) xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq dərhal hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxılır.

Fakturalı xətt sistemində isə faktura dövrünün sonunda xidmət haqları hesablanaraq hesab faktura təqdim edilir. Beləliklə də abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə, digər həcmli və ya şərtləri olan paket əldə edə və ya fakturalı\fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə bilər.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər ( o cümlədən rominq xidməti çərçivəsində təqdim edilən xidmətlərlə bağlı tariflər) və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565, E-poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

“Azercell Telekom” MMC-yə hər hansı müraciət daxil olduqda araşdırmaya ehtiyac olmadıqda dərhal, belə ehtiyac olduqda isə lazımı araşdırmalar aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı izahlar, cavablar qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqdim olunur.

Beləliklə də, istənilən şəxs sual və mülahizələri ilə əlaqədar “Azercell Telekom” MMC-yə müraciət edib ətraflı məlumat əldə etmək imkanına malikdir.

Təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə, rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat vermək öhdəliyi götürmədiyindən, belə vəzifə qanunla nəzərdə tutulmadığından, abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə bildiyi və balans hesabatlarını müstəqil şəkildə idarə edə bildiyi üçün, həmçinin hesablaşmaları yalnız nömrənin balansına yüklənən məbləğ əsasında və həddində xidmətlərdən istifadə müqabilində həyata keçirmək üçün fakturasız (SimSim) xətt sisteminə keçmək imkanı olduğundan saytınızda yerləşdirilmiş məlumatda əks olunan mülahizələr əsassızdır.

Göstərilənləri nəzərə alaraq, heç bir əsası olmayan, bilərəkdən qıcıq yaradacaq halda şişirdilərək, vətəndaşların çaşdırılmasına səbəb ola biləcək, ictimaiyyətə qarşı aldadıcı, mənfi rəy formalaşdıran məlumatın təqdim edilməsinin qarşısını alması məqsədi ilə yuxarıda qeyd edilənləri “Azercell Telekom” MMC-nin mövqeyi kimi qəbul edib, onu olduğu kimi yayımlamanızı və gələcəkdə “Azercell Telekom” MMC-nin adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik.

Ümid edirik ki, müvafiq məlumatlar oxucuların mobil rabitə xidmətləri, xüsusən də rominq xidmətləri barədə bilgilərinin artmasına səbəb olaraq onlar üçün faydalı olacaq”.

 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri