25 
May
2019
18:16
129
40
3796
Virtual karabakh

Müsabiqələrin hamısında qalib gələn startapçı

Orxan Əhmədov Qafqaz Universitetinin ( indiki Bakı Mühəndislik Universiteti - red.) biznesin idarə edilməsi üzrə magistratura məzunu, keçmiş “breakdance” rəqqası və müsabiqələrin təşkilatçısı olub.

Oxu.Az-ın bugünkü müsahibi startap sahəsində öz sözünü demiş - “Multibon”, “Kvotter” layihələrinin yaradıcısı Orxan Əhmədovdur.

O. Əhmədov deyir ki, rastlaşdığı problemi həll etmək üçün layihə qurmaq fikrinə düşüb. 2009-cu ildə “Dropshipping” (Çindən məhsulların alınıb Azərbaycana satılması) ilə məşğul olan müsahibimiz 2011-ci ildə işlədiyi yerdən ayrılıb və onlayn supermarket layihəsi üzərində çalışıb.

“Clubshop” layihəsi ilə insanların gündəlik tələbatları üçün tələb olunan məhsulların çatdırılması zamanı bonus mükafatlandırma sistemi qurur. İdeyanı genişləndirib 2012-ci ildə “Multibon” layihəsi üzərində işə başlayır. Layihə üçün işə başlayandan altı ay sonra dəstək tapılır:

“Əslində, biz investora “Clubshop” layihəsini təqdim etmişdik, lakin elektron ticarətlə məşğul olmaq istəməyən investisiya şirkəti bizdən fərqli layihə göstərməyimizi istədi. Elə bu zaman üzərində işlədiyimiz, natamam olan “Multibon” haqqında məlumat verdik və layihə bəyənilərək maliyyələşdirildi”.

Onun sözlərinə görə, “Multibon” Azərbaycanda ilk dəfə bank olmayan “casback” sistemi idi:

“Kafe, restoran, alışverişə gedənlər bizim kartları təqdim edirdilər və ödədikləri məbləğin müəyyən faizi onlara bonus (cashback) olaraq qayıdırdı”.

Layihənin gələcək inkişaf istiqaməti üzrə fikir ayrılıqları sonrası işçi olaraq komandadan ayrılan müsahibimiz ideyaları əsasında öz layihəsini qurub və onu “xərcim.az” adlandırıb:

“Əvvəlki layihədə kartları partnyorlarımızın məkanlarında paylayırdıq və bəzi mağazalarda kartları gizlədirdilər. Nədənsə bizim sistemi özlərinə rəqib bilirdilər, onların müştərilərini əllərindən aldığımızı düşünürdülər, başa düşmürdülər ki, işimiz onların mövcud müştərilərini əldə saxlamaqla yanaşı, yeni müştərilər qazandırmaq idi. Hətta bir ideyamız var idi ki, hər məkanın öz dizaynında, amma bizim sistemlə işləyən kartlarını düzəldək. Məhz buna görə də “Multibon”dan ayrıldıqdan sonra “Xərcim.az” layihəsi üzərində işə başladım”, - o deyir.

Layihənin əsas işi məkanlarda olan endirim, bonus kartlarını skan edərək, mobil tətbiqdə saxlamaq və lazım olduqda telefondan istifadə edərək, çoxsaylı kartları üzərində daşımaqdan xilas etmək olub. O. Əhmədov devalvasiya və bazarın texnoloji olaraq bəzi problemləri olduğundan layihəni dondurduqlarını deyir.

Orxanın növbəti layihəsi kitabsevərlər üçün olub. “Kvotter” adlı layihədə kitab oxuyanda, bəyəndiyiniz və altından xətt çəkdiyiniz cümlələrin şəklini çəkirsiniz və o, mətn formatına keçir. Beləcə, müxtəlif kitablardan topladığınız fikirləri bir yerdə saxlaya bilirsiniz. Sosial şəbəkə olan “Kvotter”də insanlar maraqlarını cəlb edən kitabları alıb oxuya bilirlər.

O.Əhmədov 2016-2017-ci illərdə qoşulduqları startap müsabiqələrinin hamısında qalib gəldiklərini deyir və startapların uğurlu olmasının əsas səbəbinin düzgün təqdimolunmada olduğunu bildirir:

“Azərbaycanda startapçılar öz layihələrini təqdim edə, hansı problemi hansı formada həll etmək istədiklərini düzgün izah edə bilmirlər. Bir çox hallarda isə ideyalar bişməmiş, təkrar olur və ya ideyanı necə reallaşdıracağı bilinmir”.

İnvestor problemi startapçının planlarını dəyişdirib. San-Fransiskoya tədbirdə iştirak üçün dəvət olunan müsahibimiz keçirdikləri görüşlərdən sonra heç bir startap müsabiqəsində iştirak etməməyə qərar verib.

Səbəbi isə odur ki, O.Əhmədovun məqsədi heç vaxt müsabiqələrdə qalib gəlmək olmayıb, özlərini tanıtmaq, layihəyə dəstək qazanmaq istəyiblər. Yerli investor tapılmayıb, xaricilər isə ABŞ-a köçməyi və bir müddət orada yaşamağı təklif ediblər:

“Bu isə bəzi məsələlərə görə qeyri-mümkün olduğundan, diqqətimizi pul təmin edəcək layihələrə yönləndirdik ki, öz hesabımıza layihələrimizi davam etdirək”.



Real təcrübələr əsasında öyrəndiyini deyən startapçı bildiklərini öyrətmək üçün bir neçə birliklə layihələr təşkil edir. “Startap Azerbaijan” layihəsi ilə universitetlərə gedib “Startap günləri” adlı tədbir keçirirlər. O, məqsədin tələbələrə startapın nə olduğu, düzgün təqdimatların edilməsi qaydaları və öz bilik və təcrübələrini paylaşmaq olduğunu deyir. Orxan Əhmədovun fikrincə, hər kəs ideyasını təqdim etməyi bacarmalıdır:

“Şərt deyil ki, hamı startap qursun. Fərqi yoxdur, istər biznes olsun, istərsə də hər hansı bir şirkətdə karyera, hər kəs ideyasını təqdim etməyi bacarmalıdır. “Startap Azərbaycan” layihəsini Bakı, Gəncə, Lənkəran və Naxçıvanda keçirməyə davam edəcəyik”.

“Azərbaycanda startap anlayışı səhv istiqamətdə hərəkət edir. Startap biznesdir, tək fərqi odur ki, heç kimin indiyənə kimi etmədiyi fərqli yanaşma, texnologiya tətbiq edərək yeni biznes növü yaradasınız. Kofeşop açarsınız, amma bu dəfə orada barista olmaz, kofeləri robotlar satar”, - Orxan fikirlərini bölüşür.




Müsahibimiz təqdimetmənin vacibliyindən danışıb:

“Universitetlərə gedəndə tələbələrdə fantaziyaların limitli olduğunu görürəm. Təbii ki, hər şey təcrübə ilə olur və gözəl ideyaları olan uşaqlar var. Gənclərimizin təqdim etdiyi layihələr beynəlxalq səviyyədən geri qalmır, amma ümumi götürəndə gənclər söhbətin nədən getdiyini başa düşmürlər.

Bəzən təqdimat çox uzun olur və eyni cümlələr işlədilir, onda başa düşülür ki, bu şəxs heç təqdimata hazırlaşmayıb və ya ideyasına heç özü inanmır”.

Startapçı komandası ilə iki layihə üzərində çalışır.

Müsahibimiz 2013-cü ildən “Blockchain” texnologiyası ilə maraqlanır və “Blokchain Azərbaycan” adlı mərkəzin qurucularındandır. Layihələrindən biri “Cyrptoyote” adlanır və süni intellekt əsasında kriptovalyuta birjalarını analiz edərək, hansı kriptovalyutaya yatırım edilməli olduğunu öncədən təyin edir: 

“Hazırda layihə ilkin yatırım alma mərhələsindədir və avtomatlaşdırılmış ticarət botu üzərində işləyirik. Beynəlxalq komandamız var və nəhəng blokçeyn şirkətləri, birjaları ilə əməkdaşlıq edirik”.

Orxan Əhmədov təqdimetmə bacarıqlarını necə inkişaf etdirdiyindən söz açıb:

“Əvvəllər mən də ideyamı təqdim edə bilmirdim, ancaq məsələnin həlli çox sadədir. 500-ə yaxın startap şirkətin olduğu sərgidəkilərə yaxınlaşıb hər birindən nə işlə məşğul olduqlarını soruşaraq onlara qulaq asır, sonda isə özümün nə iş gördüyümü izah edirdim”.

“Trendləri izləmək lazımdır, beyin açıq olmalıdır, dünyagörüşün genişlənməlidir, üzərində işləməlisən, imkan olduqca çalışıb dünyanı səyahət etməlisən. Bakıda oturmaqla dünyada baş verən proseslərin 1 faizindən də xəbərdar olmuruq. Eşidə, hansısa saytda görə, amma necə işlədiyini görə bilmərik. Bunları görüb ilhamlanmaq üçün səyahətlər lazımdır. İldə azı 3-4 dəfə ölkədən çıxmalıyam. Tanıdığım iş adamları da ildə 2-3 dəfə ölkədən çıxıb səyahət edir, beynəlxalq tədbirlərdə iştirak edirlər”, - o, səyahətin önəmindən danışarkən qeyd edib.

Müsahibimizin sözlərinə görə, müsabiqələrdə iştirak edib qalib gəlmək önəmli deyil, əsas olan orada yeni insanlarla tanış olub əlaqələr qurmaq, insanların fikirlərini öyrənməkdir:

Orxan Əhmədov dünyada məşhur müsabiqələrin bəzilərinə Azərbaycanda gənclərin qeyri-ciddi yanaşdıqlarını deyir:

“Hakathon” (proqramçıların müsabiqəsi: müsabiqədə 36-48 saat ərzində layihənin hazır kodu yazılmalıdır) müsabiqələrinə gənclər, tələbələr qeyri-ciddi yanaşırlar. Xaricdə eyni tipli müsabiqələrdə insan əlindən tərpənmək olmur, təəssüflər olsun ki, bizdə bunu görmək olmur.

Startapda dinləmək də önəmlidir. Bəzən ən birinci müştəriniz olacağını deyən adam heç müştəriniz olmur. Bəzən hamının axmaq ideya adlandırıdığı ideya “partladır”. Heç nədən qorxmaq lazım deyil. Azərbaycanda müsabiqədə iştirak edib qalib olmayanda insanlar bunu özlərinə şəxsi uğursuzluq kimi qəbul edirlər”.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri