12 
Sen
2020
18:30
72
54
1090
Virtual karabakh

Azərbaycanın kiberfutbol turniri – FIFA20-nin Birinci Liqası başa çatıb

Həyəcan, intriqa və barışmaz mübarizə şəraitində keçən FIFA20-nin Birinci Liqasının sonuna gəldik. Sentyabrın 11-də son turun oyunları keçirilib.

Xatırladaq ki, bir tur əvvəl çempionun adına aydınlıq gəlib. "Quba" komandası vaxtından əvvəl çempionluğu bayram edib. Üçüncü yer uğrunda mübarizədə isə intriqa sonadək qorunurdu.  

Sona bir tur qalmış üçüncü yerdə qərarlaşan "Qarabağ"ı ən yaxın izləyicisi "Şəki"dən cəmi bir xal ayırırdı. Sonuncu turda istənilən xal itkisi Tural Həsənovu pyedestaldan kənarlaşdıra bilərdi. Onu da nəzərə almaq lazımdır ki, "Qarabağ"ı ötən turda çempionluq şansları ilə vidalaşan "Naxçıvan"la çətin oyun gözləyirdi. Ancaq Tural Həsənov başa düşürdü ki, ona yalnız qələbə lazımdır. İnamlı təsir bağışlayan "Qarabağ" Cavid Qurbanova heç bir şans buraxmadı (3:1) və bu qələbə sayəsində üçüncü yerin sahibi oldu.

Stabil oyun nümayiş etdirən Ayxan Əliyevin "Şəki" komandası uzun mübarizədən sonra 27-ci turda üçlüyə daxil olub. Gənc Ayxan Əliyev 36-cı turadək öz mövqeyini qoruyurdu. Lakin 36-cı turda gözlənilmədən autsayder "Lənkəran"la oyunda üç xalın itirilməsi həlledici oldu. Təcrübəli Tural Həsənov  sonadək nisbətən təcrübəsiz Ayxan Əliyevin büdrəməsini gözlədi. Son iki turda xal itirməyən "Qarabağ" öz istəyinə nail oldu. "Şəki"nin 38-ci turda "Tovuz" üzərində qələbəsi (1:3) yalnız "Qarabağ"ın xal itirəcəyi halda əhəmiyyətli ola bilərdi. Ancaq "Qarabağ" xal itirmədi və "Şəki" dördüncü yerlə kifayətləndi.

Uzun müddət çempionluq uğrunda mübarizə aparan "Qazax" avqustun 27-dən başlayaraq qələbə sevinci yaşamırdı. Hər kəs Vahid Əfəndiyevin qələbəsiz seriyasının bitəcəyini gözlədiyi halda, "Qazax" sonadək uğursuzluq zolağından çıxa bilmədi. Sonuncu turda "Zaqatala" ilə sülh bağlayan (3:3) Vahid Əfəndiyev liqanı yeddinci yerdə başa vurdu.

Son oyununu "Mingəçevir" üzərində qələbə ilə (3:2) başa vuran "Qobustan"ın nəticəsini uğurlu hesab etmək olar. Dördüncü yerin sahibi "Şəki"dən 14 xal az toplayan "Qobustan" komandası liqanı beşinci yerdə tamamlayıb. Ondan beş xal geri qalan "Tovuz" altıncı yerdə qərarlaşıb.

Xatırladaq ki, rəqiblərindən xeyli geridə qalan "Qax", "Zaqatala" və "Bərdə" liqa ilə vidalaşıblar.

Birinci Liqanın yekun turnir cədvəlinə nəzər saldıqda, maraqlı mənzərə ilə üz-üzə gəlirik. Qeyd edək ki, 10-20-ci yerlərdə qərarlaşan bütün komandaların top fərqi mənfidir.

Bombardirlər yarışında da sonadək amansız mübarizənin şahidi olduq. Üçüncü yer uğrunda mübarizədə "Qarabağ"a məğlub olan Ayxan Əliyev snayperlər yarışında sona bir tur qalmış rəqibini bir top qabaqlayırdı. Son turda həm Ayxan Əliyev ("Şəki"), həm də Tural Həsənov ("Qarabağ") eyni hesabla qələbə qazanıb. Beləliklə, 97 qol vuran Ayxan Əliyev bombardirlər yarışının qalibi olub. Aktivində 96 qol olan Tural Həsənov ("Qarabağ") ikinci, 91 top vuran Cavid Qurbanov isə üçüncü pillənin sahibi olub.

Liqanın bütün oyunları canlı olaraq həftənin altı günü 12:00-dan 17:00-dək GLAHUB "Youtube" kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında nümayiş etdirilib. 

FIFA20-nin Birinci Liqası ilə bağlı bütün məlumatlarla kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb saytında yerləşdirilib.  

Qeyd edək ki, 27 iyul-11 sentyabr tarixlərində keçirilən kiberfutbol turniri Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "İdman" TV, Azərbaycan Kiber İdman Federasiyası, "Gaming League Azerbaijan" (GLA) və "Topaz"ın birgə təşkilatçılığı, BirBankın baş sponsorluğu ilə baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri