19 
Okt
2020
13:12
864
14
3560
Virtual karabakh

Qarabağı qarış-qarış gəzməyə #gəlirik

Bu payız bir başqa gözəl müjdələr gətirir. Zəngin milli-mədəni irsimizin ayrılmaz hissəsi olan Qarabağa bu gün son illər ərzində olmadığımız qədər yaxınıq.  Dünyanın ən güclü, ən mərd orduları sırasında yer alan şanlı ordumuz qələbəyə doğru əzəmətlə irəliləyir. Vətənpərvərlik nümunəsi sərgiləyən qəhrəman oğullarımız ölkəmizin müdafiəsində cəsurca dayanaraq, bizi ardı kəsilməyən qələbə xəbərləri ilə sevindirir. 

Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan Qarabağın həsrəti ilə yaşayırıq. İndi isə tarixi, mədəniyyəti, təbiətinin gözəlliyi haqqında əfsanələr gəzən Qarabağımızdan illər öncə ayaqyalın, başıaçıq, qar-boranda qovulan o körpələr, igid sərkərdə olub doğma yurdları uğrunda cəsarətlə döyüşürlər!
 
Azərbaycan əsgərinin qanı ilə, canı ilə yazdığı yeni tarixə hər bir vətəndaşımız dəstək olur. Döyüş tək cəbhədə deyil, XXI əsrin ən vacib və kütləvi silahlarından biri sayılan sosial şəbəkələrdə də gedir. Doğulduğu torpaqların qoxusuna həsrət neçə günləri, ayları, illəri geridə qoyan xalqımız, burada da öz məharətini göstərir və dünya ictimaiyyətinə qədimi tariximızi çatdırmağa çalışır. 

Azərbaycanda fəaliyyət göstərən şirkətlər, tanınmış brendlər birlik olub, sosial media vasitəsilə ölkəmizə dəstək olmağa çalışırlar. Hazırda sosial şəbəkələrdə maarifləndirici məqsəd daşıyan sosial təşəbbüslər geniş yayımlanmaqdadır. Xüsusilə, son günlər ərzində “Azercell”in #gəlirik şüarı altında həyata keçirdiyi çağırış diqqətimizi çəkmədi desək, yalan olar. 

“Azercell” bütün dünyaya #gəlirik deyərək, Qarabağın dünya şöhrətli mədəni sərvətlərini bir daha gündəmə gətirir. Görünür ki, mobil operator işğal olunmuş əraziləri öz şəbəkəsi ilə əhatə etməyə səbirsizlənir.

Bəli, biz  mədəniyyətimizin, musiqimizin beşiyi olan Qarabağa çox yaxında mütləq gələcəyik! 

Tezliklə qələbə xəbərini alıb dünyanın dörd bir yerinə səs salan Qarabağ atları ilə Cıdır düzündə tozu-dumana qatmağa #gəlirik.


 
Uğrunda şəhid olan əsgərlərimizin ruhu gəzən, Kəlbəcərə dünya şöhrəti qazandıran, yenicə işğaldan azad etdiyimiz Murovdağa #gəlirik.

Xan Şuşinskinin səsini qoynunda saxlayan, başı qarlı dağların qoynundakı Şuşamıza, bizə həsrət qalan xarıbülbülün qoxusundan valeh olmağa #gəlirik.

Cəbrayılın, eləcə də “Vahid Azərbaycan”ın nişanəsi olan, Şərqin ən əzəmətli körpülərindən sayılan, tarixi ipək yolunun mərkəzi olan Xudafərin körpüsünü görməyə #gəlirik.

Yaşı minilliklərlə hesablanan, Azərbaycanın dünyaya səs salan tarixi sərvəti olan Azıx mağarasını ziyarətə, Xocavəndə #gəlirik.

27 illik həsrətə son qoyub, Füzulinin havasını almağa #gəlirik!

Mədəniyyətin ana yurdu, Üzeyirlər, Bülbüllər, Natəvanlar yetişdirən Qarabağ! Vətən məhəbbətinin gücü yenilməz olur. Qəlbində torpaq sevgisi olanlar heç kəsə baş əyməz!

Hər birimiz vətənimizin ərazi bütövlüyünün bərpa edilməsini böyük həyəcanla gözləyib, işğal olunmuş torpaqlarımızda Azərbaycan bayrağını sancmaq ümidi ilə yaşayırıq. Şanlı ordumuza güvənimiz tamdır! Qələbə bizim olacaq!

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri