29 
Yan
2021
12:16
70
14
1445
Virtual karabakh

“Dell Technologies”in Ukrayna və MDB ölkələri üzrə baş direktoru: “Bu gün hər bir biznes rəqəmsaldır” - FOTO

29 Yan, 2021
12:16
1445

“Dell Technologies”in Ukrayna və MDB ölkələri üzrə baş direktoru: “Bu gün hər bir biznes rəqəmsaldır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Regionun İT sahəsində mövcud çağırışlar

İT sahəsi makroiqtisadi şəraitdən və siyasi vəziyyətdən ciddi şəkildə asılıdır. İqtisadiyyatın davamlı qeyri-müəyyənliyi və dəyişkənliyi illərdir regionda şirkətlərə öz təsirini göstərib.

Pandemiya və siyasi gərginliklər fonunda bəzi ölkələr texnologiya sahəsində digərlərinə nisbətən daha çox inkişaf edib. MDB ölkələri hələ də həm yerli, həm də qlobal bazarda İT həllərdən istifadə edərək rəqabət üstünlüyünə nail olmaq istiqamətində inkişaf mərhələsindən keçməkdədirlər.

Azərbaycanda enerji və neftdən asılı iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata doğru genişmiqyaslı struktur dəyişikliyi prosesi baş verməkdədir. Eyni zamanda aerokosmik sektor kimi yeni meydana gələn sahələrdən qaynaqlanan iqtisadi inkişafı da müşahidə edirik.

Keçmişdə investisiyaların müdafiə, infrastruktur və ya səhiyyə sektoruna qoyulduğuna nəzər saldıqda görə bilərik ki, İT sektoru MDB ölkələrinə çoxsaylı çətinlikləri aradan qaldırmağa kömək edib. Şirkətlər bazar tələbatına uyğun məhsul və xidmətlər istehsal etməklə dəyişkən mühitlərə uyğunlaşmaq və rəqabət qabiliyyətini qoruyub saxlamaq məqsədilə innovasiya və texnologiyadan istifadə edib. Region ölkələri İT transformasiya prosesinin hələ erkən mərhələsində olduqlarına baxmayaraq, artıq İT imkanlarından istifadə edərək rəqabət qabiliyyətinin gücləndirilməsinə dair mühüm nümunələr nümayiş etdiriblər.

Rəqəmsal transformasiya artıq könüllü bir proses deyil, müştərilər və onların gözləntilərinin qarşılanması uğrunda gedən mübarizədə kritik əhəmiyyətə malik olan amildir. Hazırda bütün şirkətlər rəqəmsallaşıb. Əgər hər hansı bir şirkət rəqəmsal deyilsə, mütləq bu istiqamətdə irəliləməlidir, çünki COVID-19 pandemiyasının təkan verdiyi dinamik rəqəmsal adaptasiya prosesi davam edəcəkdir. Hər bir sənaye və təşkilat bu və ya digər yolla texnologiyadan faydalanır. İT artıq ayrıca bir sənaye sahəsi deyil, hər bir sektorda biznes dünyasının bir parçasıdır. 

Məlumatların mühafizəsi ən mühüm prioritetdir

Məlumatların dəyəri və həcmi artmağa davam etdikcə, şəxsi məlumatların məxfiliyi və mühafizəsi ilə bağlı məsələlər əvvəlkindən daha çox əhəmiyyət kəsb etməyə başlayıb.

Biznes subyektləri onlayn məlumatlara etibar etməyə qərar verən kimi xüsusi olaraq məlumatların mühafizəsinə istiqamətlənən bir strategiya icra etməyə başlamalıdırlar. Çünki kiber müdaxilələrin sayı və müvafiq özəl məlumatların miqyası və həssaslığı da getdikcə artmaqdadır.

Digər tərəfdən, şirkətlər pandemiyanın kibercinayətkarlar üçün təqdim etdiyi yeni imkanlar fonunda özlərinin kibertəhlükəsizliyə dair yanaşmalarını yenidən formalaşdırmalıdırlar.

Kibertəhlükəsizlik kosmik elm olmasa da, əslində daha əvvəl məsafədən iş rejiminə uyğunlaşmış şirkətlər pandemiya dövründə öz məlumatlarını effektiv qaydada mühafizə etmək iqtidarındadır. Bu dinamik rəqəmsal keçid nəticəsində məlumat itkisi və ya fırıldaqçılıq halları artıb, bir çox şirkətlər müxtəlif təhlükəsizlik problemləri ilə üzləşib. Məsələn, işçilərin iş məqsədilə öz şəxsi kompüterlərindən istifadə etmələri biznes kibertəhlükəsizliyi qarşısında ən geniş yayılmış risklərdən birini təşkil edir.

Bu nöqteyi-nəzərdən, məlumatların mühafizəsi və kibertəhlükəsizlik hər bir şirkət üçün prioritet məsələ olmalıdır. Daxili məlumat saxlama resurslarına güvənməkdənsə təşkilatlar “edge”, “core” və “cloud” mühitlərin arasında bölüşdürülmüş məlumatların mühafizəsi sahəsində iş aparmalıdırlar. Uzun illərdir “Dell Technologies” öz məhsul və həllərində təhlükəsizliyin qurulması məqsədilə şirkətdə təhlükəsizlik üzrə yüzlərlə peşəkar mühəndisi bu işə səfərbər edib. Xüsusilə “PowerProtect Cyber Recovery” mühüm məlumatları zərərverici viruslardan və digər mürəkkəb təhdidlərdən qoruyur və onları təcrid edir. Kiber hücumun baş verdiyi təqdirdə istifadəçilər sürətli şəkildə məlumatların təmiz nüsxəsini müəyyən edə, mühüm sistemləri bərpa edə və işin qaldığı yerdən davam etməsinə nail ola bilərlər.

Yeni biznes reallığında istiqamətin müəyyən edilməsi

Məsafədən iş rejiminə keçidlə əlaqədar olaraq kompüterlərə, xüsusilə də kommersiya təyinatlı notbuklara tələbatın kəskin şəkildə artdığını müşahidə etdik. “Dell Technologies” olaraq rəqəmsal keçid prosesində müştərilərimizlə strateji tərəfdaş qismində əməkdaşlıq edirik. Buna görə məsafədən işlə bağlı ən son həll və məhsullarımız məsafədən işi ofisdəki iş qədər səmərəli və effektiv edərək stimullaşdırmaq hədəfi ilə dizayn edilib.

Hazırda insanlar öz işlərini mükəmməl ev ofisi üslubuna köçürməyə çalışır və avadanlıqda təhlükəsizliyin təmin olunduğuna əmin olmaq istəyirlər. Bu səbəbdən yeni “Dell” kompüter və notbukları işi asanlaşdırmaq məqsədinə uyğun şəkildə dizayn edilib. “Dell Technologies” yeni cihaz portfelində qarşılıqlı əlaqəni və birgə işi təkmilləşdirmək məqsədilə süni intellektdən və maşın öyrənməsindən (“machine learning”) istifadə edən “Dell Optimizer” proqram təminatı ilə istifadəçi təcrübəsini daha da təkmilləşdirir. 

Evdən iş rejiminə baş verən ani keçid üzbəüz görüşlərin videokonfranslara köçürülməsindən yeni birgə iş alətlərinin əlavə olunmasına qədər bir çox şirkətin iş prinsipini dəyişdirdi. Bununla, “Dell Technologies” istifadəçinin iş məhsuldarlığını artıran, iş prosesini asan və səmərəli edən innovativ texnologiya, çoxprosedurlu və rahat xüsusiyyətlərə malik geniş çeşiddə monitorlar təqdim edir. İkili monitor konfiqurasiyaları ilə istifadəçilər öz məhsuldarlıqlarını 18-20 %-dək artıra bilərlər. Məsafədən iş rejiminə keçid nəticəsində videokonfrans dəstəyi, yüksək keyfiyyətli mikrofonlar, səs gücləndiricilər və səsboğma funksiyası hər kəsin öz işini lazımi qaydada icra edə bilməsi üçün çox əhəmiyyətlidir.

Bununla yanaşı, “Dell Technologies” öz məhsullarının ev ofisi mühitinə daha təbii şəkildə uyğunlaşması üçün onların dizaynında dəyişikliklər etməyə davam edir. Məsələn, modul tipli “OptiPlex 3090 All-in-one” kompüteri masanın axıcılıq təəssüratını yaratmaq üçün monitorun arxasında gizlədiləcək qədər kompaktdır.

Virtual iş məkanının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı başqa bir yol VDİ (Virtual iş masası infrastrukturu) həlləri, iş masasının virtuallaşdırılması və ya fərdi tətbiqlərdir. Məsələn, “Dell Texnologies”-in “Wyse ThinOS” müştəri əməliyyat sistemi yayımlanmamış APİ interfeysinə, qapalı arxitekturaya və hücum imkanlarını məhdudlaşdıran sistemə malikdir. “İncə” müştəri (“thin client”) sistemindən istifadə edərək məsafədən iş mühitinin yaradılması təhlükəsiz və münasibdir, çünki bütün mühüm məlumatlarınız kənar bir serverdə saxlanılır. İstifadəçilər hətta istismar müddəti bitmiş kompüterləri də “incə” müştərilərə çevirə bilərlər.

“Dell Technologies” olaraq müştərilərimizin ehtiyaclarını bilərək rəqəmsal texnologiya həlləri, məhsul və xidmətlərindən istifadə edərək onların ən çətin problemlərini həll etməyə davam etməkdə qərarlıyıq.

İT sahəsində gender müxtəlifliyinin gücü

Rəqəmsal texnologiyaların qəbul edilməsi ilə yanaşı, şirkətlər daha çevik və empatik iş yerinin qurulması istiqamətində ciddi investisiya qoyuluşu etməlidirlər. Xüsusilə qadınlara ciddi təsir göstərmiş pandemiya ilə rəqəmsal iş məkanında gender müxtəlifliyinin əhəmiyyətli dərəcədə zəiflədiyini müşahidə edirik. Təcili tədbirlər görülməsə, son illərdə əldə olunan bütün nailiyyətlər itə bilər. Öz peşəkar karyeram boyu həmişə gender müxtəlifliyinin əhəmiyyətini vurğulamışam və bu gün gender bərabərsizliyinin aradan qaldırılması heç vaxt olmadığı qədər vacibdir. 

Əksər hallarda gender müxtəlifliyinə malik mühitlərdə işlədiyimə görə iş yerində qadınların bərabər təmsilçiliyinin təmin olunmasının bütövlükdə təşkilata necə müsbət təsir göstərdiyinin birbaşa şahidi olmuşam. “Dell Technologies” şirkəti olaraq hesab edirik ki, müxtəliflik bir gücdür və əsas hədəfimiz də hər bir kəsin arzuladığı işəgötürən olmaqdır. Şirkətimiz öz qlobal əməliyyatları vasitəsilə qadınları xüsusən də bizim sahədə daha az təmsil olunduqları texniki və rəhbər vəzifələrə cəlb etmək, onları şirkətdə saxlamaq və inkişaf etdirməkdə qərarlıdır.

Sadə dillə desək, peşəkar dünyada heç bir cins yoxdur. Əgər öz sahənizdə mütəxəssissinizsə, kişi və ya qadın olmağınızın əhəmiyyəti yoxdur. Karyera kimi İT sahəsinə baxışı xüsusilə COVID-19 dövründə dəyişmək üçün çalışmalı və qadınlara mükəmməl şəkildə uyğun gələn bir çox yolları vurğulamalıyıq. Qadınları cəlb və təşviq edə bilməyən şirkətlər müxtəlif ixtisaslı qadınların təmin etdiyi genişmiqyaslı kadr, potensial və perspektivin gətirdiyi faydadan məhrum olurlar.

Yeni reallıqda biznes imkanlarının müəyyən edilməsi

Son pandemiya şirkətlər üçün yeni dəyişiklik dövrünü açıb. Digər şirkət rəhbərlərinə tövsiyəm öz baxış bucaqlarını dəyişmək olardı. Bu vəziyyəti sağ qalmaq prizmasından deyil, pandemiyanın gətirdiyi yeni imkanları müəyyən edərək onlardan yararlanma fürsəti kimi dəyərləndirin.

Eyni zamanda biznes modelinizi və pul vəsaitlərinin axınını bir daha nəzərdən keçirməyinizi tövsiyə edərdim, çünki bu çox vacibdir. Şirkətinizin inkişafı ilə bağlı zəruri olan pul vəsaitini əldə etmək üçün maddi vəsaitlərə olan ehtiyacınızı müəyyən edin. Dayanıqlılığın artırılması da əhəmiyyətlidir və biz qarşımıza çıxacaq istənilən sürpriz bazar dəyişikliklərinin öyrənilməsi və ona reaksiya verilməsinə hazır olmalıyıq.

Son tövsiyəm isə ondan ibarətdir ki, müştərilərinizin kim olduğunu və pandemiya nəticəsində onların necə dəyişə biləcəyini bir daha düşünün. Müştərilərinizlə qarşılıqlı əlaqənin saxlanılması, onların dəyişən ehtiyaclarının qarşılanması üçün yeni məhsul və xidmətlərin yaradılması məqsədilə yeni kanallar müəyyən edilməlidir. Bu sahədə müvəffəqiyyətə nail olmaq üçün şirkətlər atdıqları hər bir strateji addımda praqmatik, çevik və dayanıqlı olmalıdır. Yaxın gələcəkdə heç nə əvvəlki qaydada olmayacaqdır, əksinə, biz “yeni reallıqdan” maksimal dərəcədə yararlanmağı öyrənməliyik. Beləliklə, hal-hazırda bizneslərin qarşısında duran əsas məsələ özlərini yeniləməkdir.

“Dell Technologies” şirkətinin Ukrayna və MDB ölkələri üzrə baş direktoru

İrina Volk 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri