Sen
2022
12:41
101
18
2031
Virtual karabakh

Rövşən Rüstəmov: “Ermənistanla beş görüş uğurla baş tutub” - MÜSAHİBƏ + FOTO

7 Sen, 2022
12:41
2031

Rövşən Rüstəmov: “Ermənistanla beş görüş uğurla baş tutub” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liberallaşma bu məqsədlə aparıldı ki, bazarda daha çox iştirakçı olsun. Amma biz bu gün nə görürük?! Bir çox hallarda internet provayderlərinin heç bir xidmət və ya keyfiyyət standartı yoxdur. Nəticədə sadə vətəndaş şikayətlərini bizə ünvanlayır”.

Bunu “Report”a müsahibəsində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq istərdim, səhmləri dövlətə məxsus iki internet provayderi olan “Aztelekom” MMC ilə “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelekom”) birləşməsi haqqında soruşum. Yanvarda deyilmişdi ki, qarşıdakı aylarda proses yekunlaşacaq, lakin son zamanlar belə bir fikir yaranır ki, birləşmə təxirə salınıb. Bəs əslində proseslər necə gedir?

- Əslində “Aztelekom”la “Baktelekom” tarixən bir yerdə fəaliyyət göstərmiş operatorlardır. Biz də tarixi fakta söykənərək deyə bilərik ki, operatorların bir şəkildə fəaliyyət göstərməsi onların daha güclü, daha ciddi və daha keyfiyyətli xidmət göstərməsinin zəmanəti olacaq.

Biz birləşmə üzərində çalışmalarımızı davam etdiririk. Dövlət strukturları ilə bunun razılaşdırılması bizim proqnozlarla uyğun gəlməyə bilər. Hesab edirəm ki, hazırda biz birləşməyə daha çox yaxınıq, bunun üçün ciddi əsaslar və səbəblər var.

Ümidvaram ki, bu razılaşmalar yaxın vaxtlarda sona çatacaq və biz birləşmənin şahidi olacağıq.

- İnternet provayderlərindən danışmışkən, bu gün ölkədə provayderlərin sayı sürətlə artır. Amma onlar lokal ərazidə fəaliyyət göstərirlər. Digər tərəfdən də paytaxtda internet provayderlərinin yerləşməsi ilə bağlı xəritələşmə, vahid baza yoxdur. Bu isə vətəndaşların narahatlığına səbəb olur. Həmin qarışıqlığı nizamlamaq üçün hansı planlarınız var?

- Azərbaycanda internet xidmətləri göstərən provayderlər lisenziyalaşdırılmayıb, bazar tam liberaldır. Liberallaşma bu məqsədlə aparıldı ki, bazarda daha çox iştirakçı olsun. Amma biz bu gün nə görürük?! Bir çox hallarda internet provayderlərinin heç bir xidmət və ya keyfiyyət standartı yoxdur. Nəticədə sadə vətəndaş şikayətlərini bizə ünvanlayır. Ona görə də bizim yeni yaradılan və hazırda təşkilatlanma mərhələsində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKT Agentliyi) qarşısına qoyulan əsas məqsədlərdən biri də bazarda mövcud olan bəzi dırnaqarası provayderlərin aşkar olunması, onların fəaliyyətinin düzgün tənzimlənmə alətləri ilə tənzimlənməsidir. Təbii ki, dediyiniz xəritələşmə və s. məsələlər bizim görməli olduğumuz işlər sırasındadır.

Bundan savayı, fərqli-fərqli internet provayderləri tərəfindən rabitə xətlərinin kustar üsullarla, primitiv şəkildə çəkilməsinin şahidi oluruq. Bununla bağlı biz standartlar hazırlayırıq. Həm rabitə xətlərinin çəkilməsi, həm də kabel-kanalizasiya qurğularından istifadə qaydaları və başqa məsələlər buraya daxildir. Bütövlükdə isə İKT Agentliyinin bu istiqamətdə görəcəyi bir sıra məsələlər var ki, hazırda bunların üzərində çalışırıq.

- Bir müddət əvvəl Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri Azərbaycana səfər etmişdilər və səfər zamanı əsas müzakirə mövzusu sərhədyanı bölgələrdə qonşu ölkələrin radio, televiziya və mobil şəbəkə operatorlarının yayımı məsələsi idi. İllərdir davam edən bu problemi niyə həll edə bilmirik?

- Sərhədyanı bölgələrdə həm mobil rabitə siqnallarının, həm də televiziya, radio yayımlarının digər ölkə ərazisinə nüfuz etməsi dünyada mövcud olan problemdir. Biz qonşu ölkələrlə yayımlarımızda radio dalğalarının və FM radiolarının yayımında ciddi problem hiss edirik. Relyefin gətirdiyi bəlli üstünlüklər var. Bir sıra hallarda bizim və ya qonşularımızın üstün olduğu ərazilər və stansiyalar vardır. Radio dalğalarının digər ölkə ərazisinə keçməsi normaldır. Ancaq bu, razılaşdırılmış məsafələrə qədər olmalıdır. Bax, bizim əsas koordinasiya nəticəmiz, məsələmiz həmin məsafələrə əməl etməkdir. Bəzi qonşu ölkələrdə həmin məsafə bir neçə dəfə artıqdır. Biz onun qarşısını almaq üçün danışıq aparırıq.

Bununla bağlı bizim Beynəlxalq Telekommunikasiya İttifaqı ilə çoxsaylı danışıqlarımız olub. Qeyd etdiyiniz kimi, onların ekspertlərini dəvət etmişdik. Onlar özləri də şahidi oldular ki, sərhədyanı bölgələrdə bizim qonşu ölkələrlə yayımlarda problemlər var. Bu problemlərin ən doğru həlli koordinasiya yolu ilə baş tutur. Yəni sərhəd bölgəsində hansı tezliyin, hansı ölkə tərəfindən istifadə edilməsi razılaşma ilə baş verməlidir. Bizim qonşu ölkələrlə razılaşmalarımız var. Təəssüf ki, bu razılaşmalara bəzən əməl olunmur, təyin edilmiş tezliklərdə nəzərdə tutulmayan istiqamətlərdə və müəyyən edilmiş gücdən daha artıq güclü yayım vericilərindən istifadə olunur. Hansı ki, bu avadanlıqların gücü yalnız ölkə ərazisində yayımın təşkili üçün kifayət etməlidir. Çalışırıq ki, qonşularımızla bu sahədə münasibətlərimizi daha çox danışıq yolu ilə, koordinasiya yolu ilə həll edək.

Məsələn, bizim Ermənistanla Beynəlxalq Telekommunikasiya İttifaqı üzərindən koordinasiya görüşlərimiz olur. Artıq beş koordinasiya görüşü uğurla baş tutub. Bu nə deməkdir? Deməli, vasitəçilik üzərindən məsələni həll etmək mümkündür. Amma vasitəçilik nəticə verməsə, biz beynəlxalq aləmdə qəbul olunmuş və tətbiq edilən digər alətlərdən istifadə edə bilərik.

- Digər alətlər deyəndə, yəqin ki, beynəlxalq məhkəmələri nəzərdə tutursunuz?!

- Bilirsiniz, bu məsələlərdə məhkəmədən daha çox, Beynəlxalq Telekommunikasiya İttifaqının özünün işlətdiyi və qəbul etdiyi müxtəlif təsir alətlərindən istifadə edilməsi mümkündür.

- Sonuncu dəfə açıqlanmışdı ki, Azərbaycanın ilk peyki olan “AzerSpace 1” qoyulan investisiyaların 80%-ni çıxarıb və dördüncü peykin orbitə buraxılması üzərində iş gedir. Hazırda bu məsələ ilə bağlı vəziyyət necədir?

- Dördüncü peyklə bağlı konkret deyə bilərəm ki, bir peykin hazırlanması və orbitə buraxılması iki ildən artıq vaxt çəkir. Onun düzgün texniki əsaslandırılması ondan da çox vaxta başa gəlir. Niyə? Çünki sizin orbitə buraxacağınız peykin sonda kimin üçün buraxıldığı bəlli olmalıdır. Yəni son istifadəçi bilinməlidir. Niyə bəzən bu qərarın verilməsinə uzun müddət sərf olunur? Çünki bütövlükdə ölkə olaraq bu peykdən fayda götürəcək hər bir qurumun ehtiyacı müəyyən edilir.

Bu gün “AzerSky” peykinin çox böyük faydalarını görürük. Amma növbəti buraxacağımız peyk “AzerSky” peykinin davamı olmalıdır, yoxsa onun tamamlayıcısı olmalıdır? - Bu, ciddi qərardır.

- Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə qardaş ölkədə kosmik proqram elan edilib. Nəzərə alsaq ki, növbəti il bizdə də müəyyən əlamətdar hadisələr olacaq, bu baxımdan hansısa kosmik biznes layihəsi həyata keçirmək mümkündür?

- Hazırda elə bir layihəmiz yoxdur. Çünki bu layihənin özü dünyada kütləvi deyil. Hələ ki, insanların aktiv şəkildə qeydiyyatı aparılan məkanlar var. Mən hesab edirəm ki, bizim coğrafiyada kimlərinsə kosmosa turistik səfərlər etməsi yaxın illərin mövzusu deyil. Həm də bu bizim təşkil edəcəyimiz məsələ olmayacaq. Bunun üçün özəl şirkətlər var. Məqsəd şou xarakterli səfərlər deyil. Məqsəd doğrudan da real bildiyimiz əməli işlərin görülməsidir. Kosmosa insan, kosmonavt göndərilməsi hər ölkənin özünün verdiyi qərardır. Türkiyədə artıq bununla bağlı ciddi qərar var. Birləşmiş Ərəb Əmirliyi artıq öz astronavtını göndərib. Əgər nə zamansa kosmik sahədə qarşımızda belə məqsədlər durarsa, onu icra etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri