İyl
2018
00:13
27
200
9774
Virtual karabakh

Savaşın ortasında işıq axtarışı - FOTO

8 İyl, 2018
00:13
9774

Savaşın ortasında işıq axtarışı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün Misirin şimal-şərqindəki Sinay yarımadasında tələbələr universitetə getmək üçün güllə səsləri, gücləndirilmiş polis yoxlanışları və bomba təhlükəsi ilə üzləşməli olurlar. 

Yarımadada Süveyş kanalı Dövlət Universitetində və Sinay Özəl Universitetində təhsil alan təxminən 100 min tələbə yaşayır. Yaxın şəhərlərdə yaşayan bir çox tələbə regionda başqa ali təhsil müəssisəsi olmadığı üçün buraya gəlməyə məcbur olurlar. 

Son altı ildə İŞİD terrorçuları Sinayın mərkəzinə hücumları aktivləşdirib. Terror təşkilatının hücumları 2011-ci ildə İordaniya və İsraildən keçən neft borularını bombardman etməklə başlayıb. 2012-ci ilin mayından isə hərbçilərə qarşı hücumlar həyata keçirilir. Bu hücumlar zamanı yüzlərlə dinc sakin həlak olub, minlərlə insan şəhəri tərk edib. 

“Mən dörd ildir Sinay Universitetində təhsil alıram”, - jurnalistika fakültəsindən olan Xulud mənə deyir.

“Bu illər ərzində ömrümün ən ağır günlərini yaşamışam. Əcnəbilərə burada təhsil almağın ağırlığını anlamaq çətindir”.

21 yaşlı qız Sinayın şimalından 300 mil uzaqlıqdakı Mansur bölgəsində doğulub. Təhsil müddətində o, Sinayda yaşayır.

“Səhər gedirsən və bilmirsən ki, geri qayıdacaqsan, ya yox”, - o əlavə edir.

“Ötən il biz üç tələbə yoldaşımızın dəfnində iştirak etdik. Və görünür, bu heç vaxt bitməyəcək”. 

Xulud deyir ki, çox vaxt polisin aqressiv hərəkətlərinə görə özünü təhqir olunmuş hiss edir.

“Kollecin əksər tələbələri əcnəbidir. Buna görə onlarla yaxşı rəftar edirlər. Ancaq biz misirliyik deyə, keçid məntəqələrində alçaldılırıq, təhqir olunuruq”, - o bildirib.

“Dərsə gəlmək üçün səhər 06:00-da evdən çıxıram. Çünki nəzarət məntəqələrində çantalarım yoxlanılır. Bu, bütün keçid məntəqələrində təkrarlanır. Bu yoxlanışlar sadəcə vaxt itkisidir. 

Həmişə qorxu içində yaşayırıq. Zirehli texnikalar hər zaman küçələrdə partul aparır. Mən üzü maskalı şəxslərin qaçmasını, misirli əsgərin gündüz vaxtı öldürülməsini görmüşəm”. 

Jurnalistika fakültəsinin digər tələbəsi Rokayay mənə deyir:

“Gündəlik təhdidlərdən əlavə, tez-tez internet və kommunikasiya sistemlərinin sıradan çıxması insanları qəzəbləndirir. Onlar hərbi əməliyyatlar və ya İŞİD hücumları zamanı sıradan çıxır.

Jurnalistikanı öyrəndiyim üçün mənə nəsə etmək çətindir. Hardasa partlayış baş verəndə öz ailəmizlə əlaqə saxlaya bilmirik. Bəzi insanlar evə məktub yollayır, digərləri sürücülərdən ailəsi ilə əlaqə saxlamaq və sağ olduğunu onlara çatdırmaq üçün kömək istəyir. Əgər mənə nəsə olsa, ailəmin bunu bilməsi üçün iki gün lazımdır”. 

“Jurnalistika fakültəsində oxuyan tələbələr qəzet buraxmalı və ya sənədli film hazırlamalıdır, ancaq Sinay küçələrində kamera ilə gəzmək təhlükəlidir”, - Rokayay əlavə edir.

“Semestr başlayan zaman evdən ayrılanda ailəmizlə bir daha görüşə bilməmək ehtimalımız olduğu üçün müharibəyə gedən əsgərlər kimi sağollaşırıq. Evə qayıdanda qorxumuz bitmir: gündüz gördüklərim gecələr yatmağa imkan vermir”. 

22 yaşlı Yustina Sinay Universitetində əczaçılıq təhsili alır. Son aylar o, bir neçə yaxın dostunu teraktlar zamanı itirib. O, mühəndislik fakültəsində təhsil alan Məhəmməd Rəşidi və onun bacısını xatırlayır. Onlar yaşadıqları evə atılan bombanın partlaması nəticəsində həlak olublar. 

Əsmanın ailəsi universitetdən 30 dəqiqə uzaqlıqda yaşamasına baxmayaraq, 20 yaşlı qız yataqxanada digər tələbələrdə qalmağı üstün tutur. 

“Buraya köçməzdən əvvəl mənə nəzarət məntəqələrindən keçmək üçün bir neçə saat lazım olurdu”, - o deyir. “Əksər hallarda avtobusdan düşür və piyada gedirdim”. 

Burada Misir ordusunun təhlükəsizlik səylərinə baxmayaraq, hər hansı hadisənin qarşısının alınması mümkünsüzdür. Bir neçə ay əvvəl universitet binasının bir hissəsi dağılıb.

“Biz - tələbə və müəllimlər eyni çətinliklərlə üzləşirik”, - Sinay Universitetinin İngilis dili kafedrasının müdiri Amal Nəsrəddin deyir.

“Onların təhlükəsizliyini təmin etmək getdikcə çətinləşir. 2014-cü ildən yüzlərlə tələbə teraktlar zamanı həlak olub. Sonuncunun adı Məhəmməd Əbu olub. Ancaq vəziyyətin gərginləşdiyini nəzərə alsaq, bunun sonuncu olmadığını deyə bilərik”.

Bu məqalə VİCE AR portalında dərc olunub.
Tərcümə: Samir İsayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri