22 
İyl
2019
20:00
28
169
8820
Virtual karabakh

Məşhur aktrisanın qətlində Stalin çekistlərinin izi - Açılmamış cinayət

Səksən il əvvəl naməlum qatillər məşhur rus aktrisası Zinaida Rayxın evinə soxulub, ona 17 bıçaq zərbəsi vuraraq, evdən heç nə götürmədən aradan çıxıblar. Ehtimal ki, qadın üç həftə əvvəl həbs edilən əri - rejissor Vsevolod Meyerholdu müdafiə edərək, İosif Stalinə qarşı çıxdığına görə cəzalandırılıb.

Məşhur teatr aktrisası Zinaida Rayx 1939-cu il iyunun 15-də, səhər saatlarında Bryusov döngəsindəki evində ağır vəziyyətdə aşkar edildi. Naməlum qatillər ona 17 bıçaq zərbəsi vurmuşdu. Aktrisanın yaşamaq şansı qalmamışdı. Rayx xəstəxanaya aparılanda yoldaca həyata gözlərini yumdu. Səksən il əvvəl baş vermiş cinayət bu günə qədər açılmamış qalır.

Rayx sovet kübar cəmiyyətinin üzvü idi. 1921-ci ildə şair Sergey Yesenindən boşanan Zinaida 1922-ci ildə məşhur teatr rejissoru Vsevolod Meyerholda ərə getmişdi. Vsevolod aktrisadan 20 yaş böyük idi. Bu nikah təbii gözəlliyi olan aktrisanın karyerasına böyük təsir göstərdi.

Kütlə aktrisanı çox bəyəndi. 1930-cu illərin əvvəlində Rayx Moskvanın ən populyar və tələb olunan aktrisasına çevrildi. Amma İosif Stalin avanqard incəsənətə qarşı mübarizəyə başlayanda hər şey dəyişdi. Meyerhold ilk zərbə alanlardan oldu. Qətiyyətli xarakteri ilə seçilən Rayx da onunla birlikdə əziyyət çəkdi.

1934-cü ildə səhnələşdirilən və baş rol ifaçısı Rayx olan “La Dame aux Camélias” tamaşası Stalinin xoşuna gəlmədi. Aktrisa buna cavab olaraq Stalinə məktub ünvanladı və orada ölkə başçısının incəsənətə münasibətini tənqid etdi. Mətndə bu cümlələrə də yer verilmişdi:

“Əgər sizin teatr anlayışınız yoxdursa və biliklərinizi artırmaq istəmirsinizsə, Meyerholda müraciət edin. Onun bu məsələdən başı çıxır”.

Stalin ona cavab verməsə də, insidenti yadında saxladı. Meyerholda qarşı hücumlar davamlı idi. Xalq Komissarları Şurası rejissorun işini sovet xalqına yad və antaqonik elan etdi.

Dörd il sonra Siyasi Büronun razılığı ilə Meyerholdun teatrı bağlandı. Bağlanma əmrində göstərilirdi ki, Meyerhold adına teatr sovet dramaturgiyasının pyeslərinin səhnələşdirilməsi üçün uyğun deyil. Rayxın karyerası başa çatdı.

1939-cu il iyunun 20-də Ümumittifaq rejissorların konfransında çıxışından sonra Meyerhold Leninqraddakı mənzilində həbs edildi. Eyni anda onun Moskvadakı evində də axtarış aparıldı. “NKVD” (SSRİ Xalq Daxili İşlər Komissarlığı) Rayxın Stalinə və daxili işlər üzrə xalq komissarı Nikolay Yejova yazdığı bütün məktubların surətini götürdü. Meyerhold Trotskinin tərəfdaşı kimi ittiham edilirdi. Trotski (SSRİ-nin hərbi və dəniz işləri üzrə xalq komissarı olub) isə Meksikada emiqrant kimi yaşayırdı və Stalinin ən böyük siyasi düşməni sayılırdı.

Bundan başqa, rejissoru yapon kəşfiyyatına casusluqda ittiham edirdilər. Eyni zamanda, Meyerholdun ayağına müxalifət nümayəndələri ilə əlbir olma maddəsi də yazıldı. O, Xalq Komissarları Şurasının sabiq sədri Aleksey Rıkov və nüfuzlu partiya funksioneri, Siyasi Büronun keçmiş üzvü Nikola Buxarinlə əməkdaşlıqda ittiham edilirdi.

Hər iki şəxs Meyerholdun həbsindən bir il əvvəl “Kommunark” poliqonunda güllələnmişdi. Bir çox tədqiqatçıların fikrincə, Rayx özü ölüm hökmünü Bryusov tinindəki evdə aparılan axtarış zamanı davranışları ilə “imzalamışdı”. Meyerhold sakit və soyuqqanlı davransa da, Rayx qalmaqal yaratdı və evin altını üstünə çevirən “NKVD” əməkdaşlarına sərt etiraz etdi.

Onlar order təqdim etmədən aktrisanın əşyalarına baxış keçirdilər. Rayx protokola “şikayət” bölməsinin daxil edilməsinə nail oldu və çekistlərin kobudluğunu orada qeyd etdi. Meyerholdun həbsindən 24 gün sonra Rayx qətlə yetirildi. Onu bıçaqla dəlik-deşik etmişdilər.

Şairə Olqa Berqholts gündəliyində yazırdı:

“Meyerholdun həbsindən bir neçə gün sonra Rayxı vəhşicəsinə, müəmmalı şəkildə qətlə yetirdilər. Aktrisanı səssiz-səmirsiz dəfn etdilər. Tabutun arxası ilə cəmi bir nəfər gedirdi”.

Məşhur aktrisanın qətli cəmiyyətdə rezonansa səbəb oldu. Bir neçə il sonra, 1943-cü ildə bu cinayətə görə Böyük Teatrın solisti Dmitri Qolovin və onun oğlu, rejissor Vitali Qolovin ittiham edildi. Deyilənə görə, guya Rayxa məxsus ya bilərzik, ya da pul kisəsi artistin evində tapılıb.

İstintaqın versiyasına əsasən, Dmitri qətldə iştirak etməsə də, qatili və oğurlanan əşyaları gizli saxlayıb. Amma əslində, evdən heç nə yoxa çıxmamışdı. Bu isə Rayxın qarət məqsədilə öldürülmədiyindən xəbər verir.

Bəzi iddialara əsasən, Bryusov tinindəki cinayətə evdəki axtarışlar zamanı aktrisanın yaratdığı qalmaqal və Stalinə yazdığı məktublar səbəb olub. Rayxın aradan götürülməsi barədə əmrin hansı səviyyədə verildiyi isə naməlumdur.

Meyerholdun casusluqda ittiham edilərək həbs olunması Rayxa dərhal təsirini göstərdi. Onun ölümündən sonra dostları və tanışları bu ailənin məhkəmələrində iştirak etmədilər. Aleksandr Vaskinin “Tver küçəsi: evlərdə və simalarda” kitabında göstərilir ki, Rayxın dəfnindən sonra bütün ailə üzvləri və doğmaları evlərindən çıxarıldı. Aktrisanın atası Nikolay Rayx məşhur artist İvan Moskovinə müraciət etsə də, bu cavabı eşitdi:

“Cəmiyyət qızınızı dəfn etməkdən imtina edir. Məncə, sizin sürgün edilməyiniz düzgündür”.

Rayxın şair Yeseninlə nikahından doğulan qızı qətldən beş gün sonra yazmışdı:

“Anamı 15 iyul gecəsi qətlə yetirdilər. Onu Vaqankov qəbiristanlığında, Yeseninin qəbri yaxınlığında dəfn etdilər. Dəfnə, demək olar, heç kəs gəlmədi. Sadəcə, doğmalar və bir neçə yad adam vardı. Qatillər evdən heç nə götürməmişdilər, evi qarət etməmişdilər, öldürmək üçün gəlmişdilər. Bunun üçün də ürəyinə və boynuna yeddi bıçaq zərbəsi endirilib. Anam iki saat sonra ölüb. Başından zədə alan Lidiya Anisimova sağ qalıb. Qatillər iki nəfər olub. Onları tapmadılar”.

Yuriy Suşko “Yeseninin uşaqları. Onlar mövcud olublarmı?” əsərində qeyd edir ki, Meyerholdun həbsindən sonra Rayx haqqında dedi-qodular dolaşırdı:

“İblis qadın... İki dahi insanın – Yeseninin də, Meyerholdun da həyatını məhv etdi...”

O dövrdə dolaşan şayiələrə əsasən, guya cinayətkarlar aktrisanın gözünü oyublar, onu zorlayıblar. Eyni zamanda, iddia edilir ki, qatillər Rayxdan Yeseninin məktublarını istəyiblər və bu məktubları xaricə ötürərək baha qiymətə satmaq niyyətində olublar. Bəziləri əminliklə bildirir ki, qətl antisemitlərin işidir. Rayxın isə atası alman idi.

Aktrisanın tabutunu Sklifosovski İnstitutundan evə aparmağa icazə verdilər. Təyin edilən saatda Bryusov tinindəki blokun qarşısında eyni geyimli gənclər peyda oldular. Onlar başqa heç kəsi içəri buraxmadılar. Sonra isə bu gənclər dəfn prosesini də müşayiət etdilər və qəbrin yanında dayandılar.

Zinaida Rayx Vaqankov qəbiristanlığında, Sergey Yeseninin məzarı yaxınlığında dəfn edildi...

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri