23 
İyl
2022
16:51
125
66
5341
Virtual karabakh

Qatarın altına düşdü, sol tərəfini itirdi, sevdiyi insan onu tərk etdi – Şəfəq Paveyin inanılmaz həyatı + FOTO

23 İyl, 2022
16:51
5341

Qatarın altına düşdü, sol tərəfini itirdi, sevdiyi insan onu tərk etdi – Şəfəq Paveyin inanılmaz həyatı + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kulis.az türkiyəli diplomat, siyasətçi və köşə yazarı Şəfəq Pavey haqqında maraqlı məlumatlar əldə edib.

Həmin məlumatları təqdim edirik:

On yeddi yaşlı qız, ilk məhəbbət və on üç nömrəli qatar...

Şəfəq Pavey 10 iyul 1976-cı ildə Ankarada anadan olub. Onun atası haqqında təkcə adının Şahin olduğu bilinir. Anası isə Türkiyə mətbuatının ən tanınmış imzalarından biri 1972-ci ildə edam edilən Deniz Gezmişlə yaxından qohumluğu olan Ayşə Önaldır.

Şəfəq orta məktəbi bitirən kimi kino və televiziya sahəsi üzrə təhsil almağa başlayır. Anası Ayşə Önal isə yaşca balaca olan oğlu ilə birlikdə təhsilini davam etdirmək üçün İngiltərəyə köçüb orda yaşamaq məcburiyyətində qalır. Şəfəq Pavey həmin ərəfədə anasının onu əmanət etdiyi televiziya aparıcısı Reha Muxtarla TRT kanalında “Atəş xətti” proqramında işləməyə başlayır. Daha sonra isə Şəfəq İsveçrə vətəndaşı olan Paul Paveylə tanış olur. Həmin dövrdə Paul Ankara Dövlət Opera və Balet teatrında qonaq sənətçi kimi fəaliyyət göstərirdi. Tanışlıqlarından bir müddət sonra onlar ailə qururlar. Lakin, iş elə gətirir ki, Paul yeni iş təklifi üçün İsveçrənin Sürix şəhərinə getməli olur.

O, getdikdən sonra özünü doğma vətənində yalnız və kimsəsiz hesab edən Şəfəq sevgilisinin ardınca İsveçrəyə getməyi qərara alır.

Günlərin birində Reha Muxtara işdən ayrılacağı xəbərini verən Pavey İsveçrəyə yola saldığı, dəlilər kimi aşiq olduğu Paulun ardınca gedəcəyini bəyan edir. Şəfəq Pavey Reha Muxtarın bütün etirazlarına rəğmən onu dinləməyib işdən ayrılır və İsveçrəyə gedir. Sonralar o, Reha Muxtara “kaş ki, o vaxt sizin sözünüzə qulaq asardım. Əgər elə etsəydim, bütün bu hadisələr başıma gəlməzdi” sözlərini deyib, peşmançılığını dilə gətirir.

İsveçrədə ilk vaxtlar hər şey qaydasında gedir. Şəfəq burda həm təhsilini davam etdirir, həm də Sürix çağdaş teatr və rəqs qrupunda rəqs məşqlərinə qatılır.

1996-cı ilin may ayının 24-də ərinin dostu Çex vətəndaşı Miroslav Hess onlara qonaq gəlir. Beyin xərçəngi diaqnozu qoyulan Miroslav bir gecə Pavey ailəsinin qonağı olur. Ertəsi gün o, qatarla Cenevrəyə getmək qərarına gəlir. Lakin, çox xəstə olduğundan Şəfəq və Paul özləri onu stansiyaya aparmaq qərarına gəlirlər. Miroslav çox çətinliklə yeridiyindən onlar qatara gecikirlər. Şəfəq xəstəni Paula həvalə edib, özü isə bilet almaq üçün kassaya gedir. On üç nömrəli qatarın tərpənməyinə saniyələr qalmış o, əlindəki bileti ərinin dostuna çatdırmaq istəyərkən ayağı sürüşüb qatarın altına düşür. Digər versiyalara görə isə o, on yeddi yaşlı gənci qatarın altına düşməkdən xilas edərkən özünü təhlükəyə atır.

Qatarın altından şüuru açıq olaraq çıxarılan Şəfəq ilk olaraq həkimlərdən “sol tərəfimi xilas edə biləcəksinizmi?” sualını verir. Həkimlərdən yox cavabı alan Pavey “O zaman bədənimin qalan hissəsini qurtarın, yoxsa anam çox üzüləcək” deyir.

Erdoğanın ziyarəti, Paulun etibarsızlığı...

Qəzadan sonra Şəfəqi ilk ziyarət edən isimlərdən biri onun anası Ayşə Önalla dost münasibətləri olan o zaman İstanbul Böyükşəhər Bələdiyyə başçısı olan Rəcəb Tayyib Erdoğan və xanımı olur. İyirmi nəfərlik bir qrupla Şəfəqi ziyarət edən Erdoğan onun palatasında on dəqiqə oturur, Şəfəqlə şəkillər çəkdirir.

Xəstəxanada olduğu müddətdə ərinin tezliklə ona sahib çıxacağını gözləyən Şəfəq böyük bir üzüntü yaşayır. Çünki Paul onu cəmi bircə dəfə ziyarət edir. Həmin ziyarətdən sonra Paul heç vaxt Şəfəqin yanına qayıtmır. Sonralar ərinin etibarsızlığı haqqında Şəfəq üzüntüylə belə deyir:

“Bütün yaşadıqlarıma baxmayaraq, məni ən çox üzən onun etibarsızlığı oldu. O, mənim ilk məhəbbətim idi. Onun ardınca hər yerə getdim. Amma təəssüf ki, o, mənim qədər güclü deyilmiş. Buna görə çox üzüldüm. Bütün bu olanlara baxmayaraq ona heç bir zaman nifrət etmədim”.

O, həmçinin Paul haqqında bu sözləri deməyi unutmamışdı:

“Keçmiş həyat yoldaşım mənə pislik edən insan olmayıb. Sadəcə olaraq o, hər gün yazığı gələrək mənə baxmaqdansa, tərk etməyin lazım olduğunu fikirləşib”.

Bu sözləri dedikdən bir müddət sonra 1997-ci ildə Şəfək Pauldan boşansa da ərinin soyadından qurtula bilmir. Bunu isə təhsil sənədlərinin, diplomlarının yenidən dəyişdirilməsi çətinliklərinin yaranacağına görə etmədiyini açıqlayıb. Şəfəq Paveyin anası Ayşə Önal hadisədən sonra qızının başına gələn faciə ilə bağlı yaşadıqları çətin günlərin acısını “On üç nömrəli qatar” adlı kitabının səhifələrinə yazır.

Uzun sürən xəstəlikən sonra inanılmaz həyat mübarizəsi...

Bir il yarım müddətdə Almaniya xəstəxanalarının birində yatan Şəfəq sağaldıqdan sonra Türkiyəyə geri dönür.

Nə keçirtdiyi faciəvi qəza, nə sevdiyi kişinin etibarsızlığı onu yıxmır. O, inam və cəsarətlə yoluna davam etməyə başlayır. Sol ayağı və sol qolu protez olan bu iyirmi yaşlı gənc, gözəl qadın İngiltərədəki Vestminster Universitetinin “Millətlərarası və Avropa siyasəti” fakültəsinə daxil olur. Həmin universiteti fərqlənmə diplomu ilə bitirən Şəfəq daha sonra London Maliyə məktəbində çalışır. Sonralar Şəfəq Pavey Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları yüksək təmsilçisi oldu. İngilis parlamentində zənci və digər azlıqların haqlarını qoruyan kampaniyada fəaliyyət göstərir. Eləcə də “Birləşmiş Millətlər təşkilatının” Əlcəzairdə, Misirdə, İranda, Suriyada insani yardım xidməti üzrə çalışır. Əfqanıstan və digər müharibə bölgələrində həlledici fəal olaraq fəaliyyət göstərir.

O, dörd kitab və çoxsaylı məqalələrlə yanaşı bir çox sənədli filmlərə də imzasını atır.

Uzun müddət İstanbulda yayımlanan “Agos” qəzetində yazılar yazdı. 12 İyun 2011-ci ildə Cümhuriyyət Xalq Partiyasından İstanbul millət vəkili seçildi.

2012-ci ildə artıq İngilis, Fransız və italyanca mükəmməl danışmağı bacaran Şəfəq Paveyə Amerikada “Millətlərarası cəsur qadınlar 2012” mükafatı verildi. Mükafat Paveyə Mişel Obama və Hillari Klinton tərəfindən təqdim olundu. Mişel Obama öz çıxışında Şəfəq Paveyin yaşadığı acılara baxmayaraq həyatını qazanmasını, millət vəkili seçilməsini onun mənəvi cəhətdən güclü və zəngin xarakterə malik olmasını ilə gətirdi. O, mükafatı Paveyə təqdim edərkən “Yaşadıqlarınız digərlərinə nümunə olacaq” sözlərini də demişdir.

2011-ci ildə Şəfəq Pavey növbəti kitabını yazıb ərsəyə gətirir. İran səfərindən, oradakı hadisələrdən, yaşantılardan bəhs edən kitabın adı “Hara getsəm, səma mənimdir” adını daşıyır.

2017-ci ildə Pavey sağlamlığı ilə bağlı problemlər səbəbindən millət vəkilliyindən istefa verib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri