18 
Avq
2022
11:16
74
19
2816
Virtual karabakh

Bəzi alimlər neandertalları klonlaşdırıb həyata qaytarmaq istəyirlər...

18 Avq, 2022
11:16
2816

Bəzi alimlər neandertalları klonlaşdırıb həyata qaytarmaq istəyirlər...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Hələ uşaq ikən Jül Vernin romanlarını oxuyurdum. Ancaq bütün bunların fantastika olduğunu bilmirdim. Haradan bilə bilərdim? Jül Vernin əsərlərindəki fantastik ünsürlər ötüb-keçən dövr ərzində reallığa çevrilmişdi. Sualtı qayıq bizi təəccübləndirə bilməzdi. Müasir dünyada ideya və reallıq arasındakı müddət daha da qısalıb. Ədəbiyyatda, kinoda gördüklərimiz sürətlə reallığa çevrilir. 

Misal üçün bir əhvalata nəzər salaq. 

2006-cı ildə Nyu-York polisində çalışan Con Mendola balaca bir küçə itinə sahiblənir. O, on il ərzində bu iti saxlayır. Ancaq bir gün “Şahzadə” adlandırdığı it xərçəngə yoluxur. Con sənədli filmlərin birində Texasdakı bir şirkət haqqında eşitmişdi. Həmin şirkət heyvanların klonlaşdırılması ilə məşğul idi. Oraya zəng vurur və ətraflı məlumat alır. 

Bir il sonra isə itin toxumaları götürülür və it klonlaşdırılır. Bir müddət sonra Şahzadə ölür ancaq klonlaşdırılmış iki it Con Mendola təhvil verilir. Yeni itlər Şahzadənin eynisi idilər. Hətta hərəkətləri, jestləri də sanki onunku idi. Con yeni itləri Şahzadə Yasəmən və Şahzadə Ariel adlandırdı. 

Bütün bu əməliyyat Mendola 50 min dollara başa gəlir. Şirkət isə pişikləri daha ucuz qiymətə - 30 min dollara, atları isə hər ikisinin cəmindən də baha - 85 min dollara klonlaşdırırdı.

Bu filmdirmi? Yox, bu, həyatdır. Hər şey bir xəbərdən götürülüb. Üstəlik, klonlaşdırma çoxdan aparılır. 1996-cı ildə alimlər qoyunu klonlamağı bacarmışdılar. 

Ancaq burada çox insanın səhv bildiyi bir məqamın üzərində dayanmaq da gərəkdir. İnsan klonlaşdırılması hələ də aparılmayıb. Hüquq sistemi buna imkan vermir. Amma bu çox asan bir prosesdir. Gəl ki, insan it, ya da dəvə deyil. Klonlaşdırmada onun tamamilə eynisi yaradıla bilər, amma bu o demək deyil ki, insan həmin insan olacaq. İnsanı təyin edən onun yaşadığı mühit, aldığı təhsil, sosial çevrəsi və həyat şəraitidir. Genetika bir yerə qədər təsirlidir. 

Eynşteyni klonlaşdırsaq yaranan yeni uşaq gələcəyin dahisi olmayacaq. Bəlkə taksi sürücüsü oldu, bəlkə birja dəllalı, bəlkə də özünü Mehdi elan edib insanlardan pul topladı. Bu mənada insan təkcə genetikadan yox, həm də Marksın dediyi kimi, sosial münasibətlərin məcmusundan ibarətdir. 

Klonlaşdırmanın isə maraqlı perspektivləri var. Misal üçün, 1936-cı ildə nəsli kəsilən Tasmaniya canavarı klonlaşdırılaraq həyata qaytarılacaq. Hazırda 50 amerikan və avstraliyalı alim bu layihə üzərində çalışır. 

Bəzi alimlər isə neandertalları klonlaşdırıb həyata qaytarmaq və onlardan elmi araşdırmalar üçün istifadə etməyi də düşünürlər. Bunu etmək də qətiyyən çətin deyil, ancaq yuxarıda qeyd edildiyi kimi, insan klonlaşdırılması qadağandır. 

“Jurassic park” filmi dinozavrların klonlaşdırılmasından bəhs edirdi. Ancaq bu texniki cəhətdən mümkün deyil. Hazırda bir milyon il əvvələ qədər mövcud olan DNT-lərin klonlaşdırılması mümkündür. 

2070-ci ildə nəsli kəsilməkdə olan heyvanların klonlarından yaradılan bir heyvanxana layihəsi mövcuddur. Ömür vəfa etsə biz burada mamontları da canlı şəkildə görə biləcəyik. Bu zamana qədər isə hind bizonu, vəhşi inək kimi nəsli kəsilən bir çox heyvanlar klonlanmışdı. 

Elm və texnikanın misli görünməmiş inkişafı XXI əsrin çöhrəsini müəyyən edəcəkdir. Bu inkişafın qatarıdır, zamanın qatarıdır. Zamanın qatarına minə bilməyənlər isə şir kostyumlu adamları oynatmağa davam edəcəklər... 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri