Dek
2022
15:46
7
104
1846
Virtual karabakh

Palaz altına süpürülən problemlər: TV-lərdəki şou, yoxsa sosial şəbəkədə ictimai qınaq? - FOTO

5 Dek, 2022
15:46
1846

Palaz altına süpürülən problemlər: TV-lərdəki şou, yoxsa sosial şəbəkədə ictimai qınaq? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəmadi olaraq sosial şəbəkələrin zərərlərindən söz açaraq valideynlərə ehtiyatlı davranmaları tövsiyə edilir. Lakin bu platformaların zərərli tərəfləri olduğu qədər, müsbət təsirləri də az deyil. Belə ki, sosial media vasitəsilə bu gün Azərbaycanda ictimai qınaq formalaşdırıb cəmiyyətdə üzləşilən mənfi proseslərin gedişatını dəyişmək mümkün olur. Son olaraq yazıçı, tarixçi və filosof Əlisa Nicatla bağlı gündəmə çevrilən hadisə də buna nümunə ola bilər. Rahatlıqla qeyd edə bilərik ki, əgər “Facebook”da yazıçının çətin vəziyyətdə yaşaması ilə bağlı naşir Şahbaz Xuduoğlu paylaşım etməsəydi, bu gün onun sosial problemləri hələ də həllini tapmamış qalacaqdı.

Son iki ildə biz sosial şəbəkələr hesabına neçə qazi və şəhid ailəsinin də çətinliklərinin qısa zamanda aradan qaldırılmasının şahidi olmuşuq. Ona görə də hazırda bu platformaların həyatımızda mühüm rol oynadığını desək, yanılmarıq. Lakin vətəndaşların problemlərinin işıqlandırılmasında TV-lərin aparıcı rol sahibi olması gərəkdiyini düşünənlər də az deyil. Bunun üçün sosial məzmunlu verilişlərin tərtib edilməsi labüd hesab olunur. 

Bəs görəsən, bu gün Azərbaycanda TV-lər tələblərə cavab verirmi? Ümumiyyətlə, insanların sosial şəbəkələr olmadan, sadəcə kanalların köməyi ilə dərdlərinə çarə tapması mümkündürmü? 

Məsələ ilə bağlı Oxu.Az-a danışan media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli qeyd edib ki, sosial şəbəkələr Azərbaycanda çox ciddi ictimai rəy formalaşdırır və ictimai rəydə xüsusilə sosialyönümlü problemlərin həm işıqlandırılması, həm də həlli istiqamətində müəyyən təsir göstərirlər:

“Ancaq televiziyalarımız bu işi ya görmür, ya da məsələyə iki aspektdən baxırlar. Belə ki, ya problemləri selektiv olaraq seçərək yalnız icazə verilən problemlər üzərində danışırlar, icazə  verilən məmurlar çərçivəsində işə baxırlar, ya da problemi şou kimi təqdim edirlər. İtkin ailələrlə bağlı “Səni axtarıram” kimi proqramlar var ki, orada əsas problemləri həll etməyə yox, onları səhnələşdirib dramatizə etməyə çalışırlar, yəni təqdimata önəm verirlər.

Amma sosial şəbəkələrdə belə deyil. Problem çılpaqlığı ilə gündəmə gəlir, ciddi şəkildə ictimai qınaq formalaşır, nəhayət, bəlli qurumlar və vəzifəli şəxslər bunun gedərək onların başağrısına çevrilə biləcəyini düşünərək özləri bu işin həllinə yönəlirlər. Yönəlmədikləri təqdirdə isə problemi çözə biləcək cəmiyyət formalaşır. Ona görə də sosial media bu gün alternativsizdir”.

Ekspertin sözlərinə görə, sosial medianın ölkənin ictimai-siyasi problemlərinə baxışının ortaya çıxardığı reallıq budur ki, süzgəcdən keçmir, olduğu kimi ortaya çıxır:

“Orada “olar-olmaz” məsələsi yoxdur. Yəni “Bu şəxsi biz tənqid edə bilmərik, palaz altına süpürək, digərinə isə döşəyək” kimi yanaşma da yoxdur. Faktiki olaraq hadisə baş verirsə, ona uyğun şəkildə də ictimai müzakirə və qınaq formalaşır. Televiziyalar isə bu məsələdə ön ayaq ola bilməz. Bunun başqa bir səbəbi televiziyaların lisenziyalı və kontrollu fəaliyyətdə olmasıdır. Sosial şəbəkələrdə bu problem də yoxdur. Sosial medianın önəmli tərəfi odur ki, problem barədə, sadəcə, Azərbaycan sərhədləri içərisində deyil, dünyanın hər yerində danışmaq olar”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri