23 
Dek
2013
16:06
140
22
9284
Virtual karabakh

Elxan Məmmədov: İnsan istədiyi uğrunda mübarizə aparmalıdır – FOTO

23 Dek, 2013
16:06
9284

Elxan Məmmədov: İnsan istədiyi uğrunda mübarizə aparmalıdır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Anama demişəm ki, yarışlarıma baxmasın”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının beşinci qonağı cüdo üzrə Dünya çempionu və 2013-cü ilin idmançısı Elxan Məmmədovdur.

- Elxan, belə desək idman camiyası səni tanıyır, amma kənardan çox adam tanımır. Səncə səbəb nədir və yaxud kimsə siz idmançıların piarını aparmalıdır?

- Düzü, tanınmaq bizlik deyil, yəni biz idmançıların günahı deyil bəlkə də. Çünki idmançı məşqlərini edir, yarışa hazırlaşır. Belə də olmalıdır. Bizi tanıtmaq medianın üzərinə düşür amma təbii ki, düzgün tanıtmaq. Niyə bu ifadəni işlətdim, söyləyəcəm. Çünki bir idmançı əziyyət çəkir, yay-qış bilmir, məşqlər keçir, yarışa hazırlaşır gedib zəif nəticə göstərəndə media cəmiyyətə elə çatdırır ki, elə bilirsən o idmançıdan pis adam yoxdur. İnsanın əziyyəti heç olur.

- Niyə cüdoya gəldin? Bildiyim qədərilə cüdoyla bərabər futbola da çox marağın vardı və futbolla da məşğul idin?

- Mən cüdoya 13 yaşımda başlamışam. 1995-ci il idi, bibim oğlu məni cüdoya gətirdi. Yunan-roma güləşi ilə məşğul olmuşam, ancaq səhhətimlə bağlı olaraq ayrıldım. Futbola gələndə isə mənim daha çox futbola marağım vardı, həm də yaxşı oynayırdım. Elə indi də həftədə bir dəfə futbol oynayıram, amma nədənsə cüdoda qaldım, davam elədim. Amma hərdən düşünürəm ki, kaş ki, futbolu davam etdirsə idim. (gülür)

- Londonda qalib olmaq çətin idi? Çətin idisə o biri idmançılar necə bacardı bunu? Media belə bir başlıqla yazı yazmışdı ki, Elxan Məmmədov biabir oldu! Çünki hər kəs qələbə gözləyirdi!

- İnanın, heç bir idmançı istəməz ki, uduzsun, təbii ki, mən də. Əziyyət çəkmişdim, istəyirdim qələbə qazanım, amma bu dəfə alınmadı. Hərdən adam uduzmağının səbəbini də bilmir və yaxud uduzmağını qəbul etmir. O idmançı belə desək, uduzmağına pis olmaz ki, o, o qədər əziyyət çəkməyib və şans kimi gözləyir ki, qələbə olsun. Düzdü, belə idmançılar azdı, amma mən bunlardan fərqli olaraq təbii ki, qələbə gözləyirdim özümdən, çünki buna gücüm də, inamım da var idi.

- Yaxşı, 2016-ya istək varmı? Yenidən hazırlaşırsan? Bəlkə alındı bu dəfə?

- İnşallah, təbii ki, Olimpiya çempionu adını qazanmağa istəyim var. Ona görə də məşqlərimi davamlı şəkildə edirəm. Qismətimdə varsa olacaq.

- Sən kənardan sakit biri kimi görünürsən. Az danışan, az gülən, sakit və səbirli. Həqiqətən beləsən, yoxsa insan göründüyü kimi deyil prinsipi ilə yanaşaq?

- Həqiqətən də eləyəm, sakit və səbirli. Bilmirəm, bəlkə də ailədən gəlir. Atam da, anam da belədir, bəlkə də onlara oxşayıram. (gülür)

- Azərbaycanda bir idmançı üçün nə çətindir?

- Əslində tək idmançı üçün yox, insan üçün hər şey çətin gəlir və asan heç bir şey yoxdu. Sadəcə istədiyi uğrunda mübarizə aparmalıdır və mən də çalışıram ki, mübarizə aparım.

- Elxan Məmmədov nə istəyir? Karyerada, həyatda, ailəsində və s.

- İstək çoxdu. İndi istədiyim sadəcə məşqlərimi edim, yaxşı hazırlaşım və Olimpiya çempionu olum.

- Sənə rəqib kimdi?

- Deyərdim ki, güclü idmançılar var və mənə hamısı rəqib ola bilər.

- Yarışlarına ailəndə kimlər baxır və uduzanda sənə nə deyirlər? Münasibət necə olur?

- Yarışlarıma dost-tanış baxır, ancaq anama demişəm ki, baxmasın. Çünki çox həyəcan keçirir. Amma uduzub gələndə təbii ki, münasibət birmənalı olmur. Elə adamlar oldu ki, mən uduzanda dedilər ki, cüdodan gedəcək. Mən də çox adamı tanıdım, amma gördülər ki, mən geri çəkilmədim. Uduzdum, ancaq yenə də məşqlərimi davam elədim və edəcəm də.

- Sentyabrda Braziliyada keçirilən yarışda qalib oldun və bildiyimə görə, ilk Dünya çempionusan?

- Bəli, 42 ildə ilk dəfə çempion mənəm. Çox sevindirici haldır təbii ki. Çünki ən azı əziyyətim yerdə qalmadı. 1 İsrail, 2 İspan, 3 Yapon, 4 Özbək, 5 hollandiyalı idmançılarla güləşdim və qalib oldum.

- Hansı idmançı ilə sənə çətin gəldi?

- Deyərdim hamısı güclü rəqib idi və saniyə bəs edərdi ki, məni udsun. Amma yaponlar təbii ki, həmişə güclüdür, lakin buna baxmayaraq çox şükür ki, mən qalib gəldim.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri