30 
Dek
2013
11:50
86
32
7139
Virtual karabakh

Ruslan Abışov: Mən futbola gələndə pulu düşünmədim - FOTO

30 Dek, 2013
11:50
7139

Ruslan Abışov: Mən futbola gələndə pulu düşünmədim - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tərbiyəli, əxlaqlı olmaq idmançı üçün çox vacibdir”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının altıncı qonağı “Rubin Kazan” klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi Ruslan Abışovdur.

- Ruslan Abışov deyəndə uşaqdan böyüyə hər kəsin gözü önünə tanıdıq sima gəlir. Amma biz səni meydanda görürük, tanıyırıq. Bizə bir az oyundan kənarda olan Abışovu tanıt.

- Abışov ailəsinin kiçiyiyəm, məndən böyük iki qardaşım var. Uşaqlığım Əhmədlidə keçib. Futbola yeddi yaşımda başlamışam. Qardaşım Sərxan hər gün deyirdi ki, sabah səni futbola aparacam. Çox istəyirdi ki, mən futbolda olum və bir gün həqiqətən də əlimdən tutub məni futbola yazdırdı. Anam həmişə musiqiçi olmağımı istəyirdi, ən əsası da skiripka ifaçısı. Amma mən heç ifa eləməyə cəhd belə göstərmədim. Pianinoda ifa edə bilirəm, o da “cücələrim”i. (gülür)

- Azərbaycanda futbolun zəif inkişaf etdiyi dövrdə futbola gəldin. Niyə, məhz futbol? Halbuki, başqa idman növləri daha çox inkişaf edirdi.

- Mən futbola pul üçün gəlməmişdim. Yeddi yaşında olan uşaq pulu fikirləşəcək qədər dərin düşünmür. Mən futbolu sevirdim. Ümumiyyətlə, bizim ailə futbolu sevirdi, ona görə də futbola yazıldım və məşqlərə getməyə başladım.

- Arıq, hündür olduğuna görə futbolda uğurlusan, yoxsa boksçu olsaydın daha məşhur, daha güclü olardın?

- Boksçu kimi özümü düşünə bilmədim. Zənnimcə, futbolçu kimi daha yaxşı görünürəm.

- Görünüşündə az da olsa Ronaldoya oxşarlığın var. Bunu imicində özün yaradırsan, yoxsa elə bənzərlik var? Çox vaxt deyirlər ki, Ruslan özünü davranışlarında və jestlərində Ronaldoya oxşadır.

- Təbii ki, yox. Nəinki Ronaldoya, heç kəsə oxşatmıram. Düzdür, Ronaldonun maraqlı jestləri olur, elə onunla da yadda qalır. Mənim özüməməxsus imicim var. Düzünü desəm mənim saçımda buruqluq var deyə, həmişə qaldırıram, belə normal qalır. Kənardan da deyirlər ki, yaxşıdır, amma görürəm ki, bəzi futbolçular özlərini mənə bənzədirlər. (gülür)

- Ruslan deyəndə “Neftçi” yada düşürdü, “Neftçi” deyəndə Ruslan. Amma nədənsə “Xəzər-Lənkəran” deyəndə deyəsən onu düşünmək çətindir. Səncə “Neftçi”də oynamağın uğurlu idi?

- Düzdür, “Neftçi”də olanda da həmişə elə deyirdilər. Çünki mən “Neftçi”yə gələndə “Neftçi”nin  ən yaxşı vaxtları idi. 18 yaşım var idi və gələn kimi də əsas heyətə düşdüm. O vaxtı “Neftçi”yə  baş məşqçi Qurban Qurbanov rəhbərlik edirdi, elə gələn kimi məni də çağırmışdı. Təbii ki, bu mənim karyeramda dönüş nöqtəsi oldu.

- Rusiya klubunda oynamaq sənə nə qazandırır? Nələr öyrənmisən? Məsələn, bizləri onlardan fərqləndirən əsas cəhətləri nədir?

- Çox şey, təbii ki. Ölkədən kənara çıxmaq lazımdır, ən əsası öyrənirsən. Mən də öyrənirəm və öyrənəcəyim çox şey var. Son vaxtlar mənə deyirdilər ki, sən artıq kənara çıxmalısan, vaxtıdır. Şükür ki, alındı və ölkədən kənara çıxdım. Fərq deyəndə isə çox şeylər deyə bilərəm. Onlar hər şeyə diqqət edirlər, qidadan tutmuş məşqlərin keçirilmə qaydasına kimi. Məsələn, onlar yeməkdə mütləq ikra yeməlidirlər. Onların bu rejimləri çox xoşuma gəlir, çünki bir futbolçunun inkişaf etməsi üçün bunlar mütləqdir.

- Siz futbolçulara baxan əksəriyyət gənclər futbola gəlmək istəyir? Deyirlər futbolçular yaxşı qazanırlar.

- Hansı işə gəlirsənsə onun o saat maddi gəlirini düşünmək səhvdir. Mən futbola gələndə pulu düşünmədim, ancaq karyeramı, inkişafımı düşündüm. Amma təbii ki, bəlli bir zamandan sonra artıq pul qazanmağı düşünürsən, çünki zamanı gəlincə hər bir insan əziyyətinin bəhrəsini görmək istəyir.

- Səncə hər kəs futbola gəlib yaxşı futbolçu ola bilər?

- Yox, təbii ki. Bir işi görürsənsə o içdən, qəlbdən gəlməlidir. Bacarıq da lazımdır əlbəttə. Hamı çox peşəni sevə bilər, amma onu hər kəs bacarmaz, eləcə də futbolu.

- Yaxşı futbolçu necə olur? Bəs sən necə, özünü yaxşı futbolçu hesab edirsən?

- Mənim fikrimcə, ilk növbədə yaxşı insan olmalısan. Tərbiyəli, əxlaqlı olmaq idmanla məşğul olan insan üçün daha çox vacib olmalıdır. Çünki biz idmançılar daha çox göz önündə oluruq və gənc nəsilə örnək olmalıyıq. Mən deməzdim ki, yaxşı futbolçuyam, səmimi deyirəm. Ən əsası öyrənirəm və nə qədər ki futboldayam öyrənəcəm də.

- Azərbaycanda kimləri yaxşı oyunçu hesab edirsən?

- Mahir Şükürov, Rəşad Sadıqov. Millidə oynayan hər bir oyunçu, məncə yaxşı oyunçudur.

- İlk maaşın nə qədər olub?

- İlk dəfə səfərə getmişdik, komanda oyundan qayıdanda hamımız 25 şirvan almışdıq.

- Ruslan üçün əsas hədəf nədir? Karyera və özəl həyatınla bağlı hansı planların var?

- Avropada 5 ən yaxşı liqada olmaq istəyirəm. Təbii ki, inkişaf yenə də, inkişaf. Karyeramdan sonra özəl həyatı düşünərəm, hələ ki evlənməyi düşünmürəm.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri