31 
Mar
2016
11:00
109
24
8361
Virtual karabakh

Fərrux Müslim: Qısa zaman ərzində qazanılan pulun ömrü uzun olmur – MÜSAHİBƏ

31 Mar, 2016
11:00
8361

Fərrux Müslim: Qısa zaman ərzində qazanılan pulun ömrü uzun olmur – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir çox oyunçular bazarı tərk etdiyi anda, işgüzar sahibkar öz yerini tuta bilər”.

Oxu.Az “Interior Services” şirkətinin rəhbəri, “İlin şirkəti-2015” milli mükafatın laureatı, Amerika Memarlıq Akademiyasının üzvü Fərrux Müslim ilə müsahibəni təqdim edir.

- Fərrux müəllim, biz bilirik ki, 15 ildən çoxdur ki, inşaat-dizayner işlərindən başqa “Interior Services” mebel, döymə məmulatlar, müxtəlif rəsm işlərinin dizaynı və hazırlanması üzrə layihələr də həyata keçirir. Sanballı Portfolio sizin hazırda çətin anlar yaşayan lokal inşaat bazarının fəal oyunçusu statusunuzu təsdiqləyir. Ölkənin inşaat bazarındakı vəziyyəti necə qiymətləndirirsiniz?

- İndi bazarda sabit, ağır vəziyyət müşahidə edilir. Bu vəziyyət, necə deyərlər, dənizdən yaxşı hava gözləməklə daha da çətinləşdirilir. Mən hesab edirəm ki, biznesmenə belə əhval-ruhiyyə xas deyil. Əsl biznesmen öz pulları ilə risk edən və nəsə qazanandır. Əlbəttə, büdcə pulunu götürüb xərcləmək, daha sonra hesabat verib, bir qıraqda rahat oturub, iri obyektin, binanın və ya avtomobil yolunun inşaatına dair növbəti dövlət layihəsinin sifarişini gözləmək asandır! Bu birmənalı olmayan vəziyyətdə nə isə yaradıb, tikmək və onu həm də satmağa çalışmaq, eyni zamanda kiçik qazanc əldə etmək çox çətindir.

Manatın devalvasiyasına qədər bazarda elə bir vəziyyət yaranmışdı ki, kiçik sərmayələr qoyaraq satış maksimal yüksək qiymətlə aparılırdı. Əgər xatırlayırsızsa, o zaman ölkədə həyat səviyyəsi elə bir həddə çatmışdı ki, Bakıda əmlakın qiymətləri Moskva qiymətləri ilə müqayisə edilirdi. Amma asan pulun ömrü qısa olur və maksimal gəlirə ümid edən, yeni şərtlər altında işləməyə razılaşmır.

Bununla yanaşı, suallar meydana gəlir: dünən qazandığınız pullar hardadır? Niyə onları nənənizin corabında gizlədirsiniz və yeni layihələrə yatırmırsınız? İşləməyə davam edin! Cari vəziyyətdə uğurlu olun! Mütləq 70-80 faiz gəlir olmalıdır, yeri gəlmişkən, bu, Avropa üçün real deyil! Qərb ölkələri üçün 10-15 faiz gəlir şirkət üçün gözəl biznes nəticəsidir! Mən bazarın tələblərinə qulaq verməyə, ölkədəki vəziyyətlə razılaşmağa, marjanı endirməyə və kiçik, amma sabit gəlir əldə etməyə çağırıram.

- İş adamları niyə özlərini belə aparır?

- Bizim mental yanaşmamız var – işə sərmayə yatırmaq və tez bir zamanda maksimum varlanmaq. Heç kim nə onda, nə də indi uzunmüddətli layihələrə sərmayə qoymaq istəmir. Məsələn, Avropada, Amerikada, hətta Asiyada bir çoxları gələcək 10-15 il ərzində özünü ödəyən layihələrə sərmayə qoyur. Bizdə uzunmüddətli layihələrdə az adam iştirak edir, hamı diqqətini ani gəlir gətirən layihələrə yönəldir.

Bu, təkcə ayrı-ayrı biznesmenlərə deyil, eləcə də maliyyə institutlarına, məsələn, banklara da aiddir. Onlara insanlara bir neçə min istehlakçı krediti vermək və ya avtomobil bazarında satılmış bahalı maşına görə krediti bir neçə il ərzində qaytarmaq istiqamətində fəal biznes aparmaq daha asandır.

Uzun müddət ərzində insanların məşğulluğunu təmin edəcək layihədə iştirak etməyə tələsmirlər. Bizdə biznesmenlər geniş düşünməyi bacarmırlar, ona görə də hamının çantını yığmağa başladığı mürəkkəb bir vəziyyət yaranır. “Mən Avropaya, Türkiyəyə gedəcəm!”, sanki onu orda gözləyən var və oradakı şərait buradan yaxşıdır. Orda şərtlər daha sərtdir.

Bizdə onlardan fərlqi olaraq elastik sistemdir, sadəcə, vaxtında böhran əleyhinə strategiyanı hazırlamaq və əldə olan maliyyə ilə biznesi davam etdirmək yetərlidir. Amma həyat göstərdi ki, bizim biznesmenlərin özünəinamı reallıq hissini kütləşdirib. Böhran bütün dünyada olduğu halda, sabahkı günü düşünmək əvəzinə, onlar gəlir əldə etməyə davam edərkən bunun daima belə olacağını düşünürdülər, bu səbəbdən də böhrana bizdə çox az adam hazırlıqlı idi.  

- Bəs dizayner xidmətləri bazarında vəziyyət necədir? Bu xidmətlərin də qiymətləri ucuzlaşdırılmalıdır, ya buna ehtiyac yoxdur?

- Belə alınıb ki, Azərbaycanda dizayner və memarlıq xidmətlərinin dəyəri heç zaman öz nominalına müvafiq olmayıb. Qiymət hər zaman aşağı olub və heç bir zaman Avropa və hətta Rusiya qiymətləri səviyyəsinə qədər artırılmayıb. Yəni, əgər Avropada belə xidmətlər 1 kv.m üçün 100 dollar idisə, bizdə analoji işə 15-20 avro verirdilər. 50-60 avro götürülən işlər çox az idi. Axı memar və dizayner rəssam kimi yaradıcı insandır, o minimum pul qazanaraq yaşayır, maşın və ya ev almaq üçün pul yığmağa alışmayıb.

- Bəs onda tələbat niyə azlıb?

- Tələbat inşaat materiallarının qiymətləri artdığı üçün azalıb. Bu vəziyyət müştərini qorxudur, o da biznesmenlər kimi yaxşı vaxtları gözləyir. Onlar hesab edirlər ki, sabah nə olacağını bilmirəm, ona görə də manatı saxlayım, ona dollar alım, amma bu manipulyasiya ilə manata yardım etmək olmaz. İş ondadır ki, pul dollar, avro, ya manat, nə olursa-olsun, bu element daima işləməlidir, yoxsa dəyərini itirir. Ona görə də bu günün işini sabaha qoymaq olmaz.

- Nəyi inşaat sektorunun hərəkətverici qüvvəsini hesab edirsiniz?

- Bu gün dövlət ölkədə sahibkarlığı dəstəkləmək üçün bütün addımları atır. Bu, vergi və gömrük dəyişiklikləridir, eləcə də müxtəlif səviyyəli biznesmenlərin həyatını yüngülləşdirəcək bir sıra Prezident fərmanlarıdır. Baxmayaraq ki, əvvəllər daha yaxşı olduğunu iddia edən insanlar da var. Razıyam, çünki onlar üçün əvvəllər qazanmaq daha asan idi. İndi vəziyyət dəyişib və yeni sistem üzrə işləmək lazımdır. 5-6 ildən sonra daha mükəmməl olacaq yeni sistem üzrə işləmək. Minimum üç ildən sonra hər şey öz yerini tutacaq.  

- Yaranan böhrana şəxsən necə yanaşırsınız?

- Mən böhrana, Azərbaycanın bütün əhalisini silkələyərək başqa cür düşünməyə məcbur edən ayılmaq anı kimi yanaşıram. Ağ günlərin qayıtmasını gözləmək lazım deyil, işləməyə davam etmək lazımdır. Axı yüksək gəlirdən imtina edən insanlar üçün heç bir böhran qorxulu deyil. Ən əsası bu vəziyyətdə öz komandasını, iş yerlərini saxlamaqdır. Həyat məhz müxtəlif mərhələlərdən ibarət olması ilə maraqlıdır. Bu gün dünənkindən daha yaxşı və ya sabahdan daha pis ola bilər! Bu dinamikaya alışmalıyıq və avropalılar kimi yeni reallıqlara uyğunlaşmalıyıq.

- Azərbaycan tikinti materiallarının idxalının əvəzləməsinə hazırdırmı?

- “Interior Services”in xarici tərəfdaşları var, amma biz əsasən inşaat-dizayner sahəsində çalışanları Azərbaycan istehsalçıları ilə işləməyə çağırırıq. Bu gün üçün bazar yerli keyfiyyətli mallarla zəngindir. Bizim heç vaxt almadığımız bir nömrəli daş, kərpic-tikinti materiallarından başqa, Azərbaycanda sement, gipsokarton, boya, lak, interyer və ekteyer elementlərinə qədər hər şey istehsal edirlər.

Mən hər zaman yerli istehsalçıların malları ilə işləməyə çalışıram, onlar rəqabətqabiliyyətli və Avropadakılardan ucuzdurlar. Xaricdən aldığımız yeganə şey işləmə materiallarının müəyyən çeşidləridir, onlar Azərbaycanda istehsal edilmir. Bu, finiş materiallardır – mərmər, dekor və ya mebel elementləridir. Mənim tövsiyəmlə premium-klass müştəriləri Bakıda istehsal edilən istənilən müasir, avanqard və ya klassik üslubda mebeli sifariş etmə riskinə gediblər. Və mən sizə deyim ki, risk özünü hər zaman doğruldub! Keyfiyyətli iş, üstəgəl Çin qiymətlərindən baha, Avropa qiymətlərindən ucuz olan əlverişli qiymət, Bakı mebelini cazibədar və populyar edir.

Amma təəssüf ki, bu sektorda da problemlər başlayıb – bir sıra mebel müəssisələri öz istehsalını İranda inkişaf etdirməyə üstünlük verib. İndi bu dövlətə qarşı sanskiyaların ləğv edildiyi bir dövrdə, bir çoxları orada işləməyə can atır. Azərbaycan, öz növbəsində bazarın bu sektorunda əlverişli biznes mühüt yaratmağa çalışmalı və İrana axına yol verməməlidir. Onlar gedərsə, bu mərtəbə hər zaman boş qalacaq və oranı aşağı keyfiyyətli mebel məmulatları tutacaq. 

- Finiş materialları ölkədə Türkiyə, Çin və Avropa ölkələri əsasən də İtaliya tərəfindən təqdim edilib. Bu ölkələrin dizayner xidmətləri bazarında payı dəyişib?

- Bizdə yaxşı keyfiyyətə alışan müştəri seqmenti var. Ona görə də heab edirəm ki, Avropa brendlərinin payı saxlanılacaq. Eləcə də Çin malına tələbat var. Ona görə də istehlak bazarında kardinal şəkildə dəyişəcək üstünlüklərdən danışmağa dəyməz. Azərbaycan sahibkarlarının simasında təchizatçılar dəyişə bilər, amma seçimlər deyil.

Bizim Avropada olduğu kimi tez və Çindəki kimi ucuz interyerlik nə isə yaratmaq imkanı verəcək bazamız yoxdur. Hər şeydən öncə yerli inkişaf edən müəssisələrə özünü möhkəmləndirməyə imkan vermək lazımdır. Bizim istehsalatçılar, mebelçilər ilə olduğu kimi, indi öz istehsalatını xaricdə yaratmağa üstünlük verirlər. Biz də digər sahibkarlarla olduğu kimi, onlara vətəndə realizə olmağa imkan verməliyik.

- Əmlak bazarındakı vəziyyət haqqında nə deyə bilərsiniz?

- Siz iri prospektləri gəzib icarəyə verilən kommersiya əmlakının indi boş qaldığını görə bilərsiniz. Sabiq icarəçilərin işləmək istəmədiklərinə görə deyil, icarədarların qiymətləri endirmək istəmədiklərinə görə boşdur. O hesab edir ki, qiyməti endirməyimdənsə, boş qalsa yaxşıdır. Amma bu gün bir qədər güzəşt etsə, o gəlir itirməyəcək, sabah isə vəziyyət yaxşılığa doğru dəyişəcək, icarə qiymətini isə istənilən an qaldırmaq olar.

Əmlak – yuxarıda dediyim puldur, o da işləməlidir. İcarədar əmlak üçün maksimal qiymət qoyaraq, onun maya dəyərini çıxarmaq istəyir, bu dəyəri iki-üç il ərzində çıxardaraq özünün necə uğurlu biznesmen olduğu fikri ilə ovundurur. Bu adamı biznesmen adlandırmaq olar ki? Düşünürəm ki, yox.

- Yeri gəlmişkən, satış bazarında da eyni vəziyyətdir, burada da qiymətlər enmir, əksinə qalxır! Bu barədə nə deyərdiniz?

- İş ondadır ki, inşaat biznesində hər şey qarşılıqlıdır. Əgər əmlakın qiyməti enərsə, insanlar onu almağa başlayacaqlar, əlaqəli sektorlarda dinamika meydana gələcək. İnsanlar təmir etməyə başlayacaqlar, bu isə inşaat-təmir materialarının, interyer və məişət mallarının  əldə edilməsi deməkdir. Amma əmlak bazarında da icarədarlarla olan vəziyyətin eynisidir – evin sahibi onu nə zamansa baha qiymətə satmaq ümidi ilə özünü ovundurur.

- Azərbaycan biznesmenlərinə nə məsləhət görərdiniz?

- Hazırda bir çoxlarına öz fəaliyyətini dayandırmamağı, əksinə, işləməyə davam etməyi məsləhət görərdim. Bir çox oyunçuların bazarı tərk etdiyi dövrdə, işləyən sahibkar öz yerini tuta bilər. Zəiflərdən nümunə götürmək lazım deyil, səbirlə hərəkət etmək, irəliləmək də perspektiv işləmək lazımdır. Şirkət rəhbəri unutmamalıdır ki, qazanılan manat bu yalnız şəxsi manat deyil, eləcə də qazanma prosesində işitrak edən bütün insanların manatıdır. Əsl biznesmen öz kapitalını bank hesbındakı pul ilə deyil, şirkətin potensialı ilə müqayisə edir.

Müsahibə üçün təşəkkür edirik.

Sevinc Sarablinskaya

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri