27 
Yan
2014
16:25
205
34
23507
Virtual karabakh

Vüqar Verdiyev: Biz çempionları kənarda axtarmağa öyrəşmişik - Foto

27 Yan, 2014
16:25
23507

Vüqar Verdiyev: Biz çempionları kənarda axtarmağa öyrəşmişik - Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İdmançı idmanıyla məşğul olmalıdı artıq şeylərlə yox”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı Avropa çempionu, ölkə çempionu, Zaqafqaziya çempionu və Dünya mükafatçısı Vüqar Verdiyevdir.

- Elə idmançılar, ümumiyyətlə, elə insanlar var ki, özünü cəmiyyətdən kənarda saxlayır və yaxud  insanlardan kənarda xoşbəxt olurlar. Deyəsən, siz də belə xarakterli birisiz? Çünki bir idmançı olsun və belə kənarda qalsın? Ya sizi unudublar, ya da özünüz kənardasız?

- Reklamdan qaçan biriyəm. Həm də gəlin bizi çəkin demək düzgün deyil axı. Bu idman növüylə maraqlanıb gəlib özləri çəkməlidirlər. Çoxu elə bilir ki, Azərbaycanda bu idman növü yoxdu, amma var və artıq neçə ildi ki, fəaliyyət göstərir. Həm də çox televiziyaya, şouya getməyi və yaxud maraqlanmağı sevmirəm. Bəli, belə xarakterdəyəm, bir az cəmiyyətdən kənarda. Çünki idmançı idmanıyla məşğul olmalıdı artıq şeylərlə yox.

- Bodibildinq güclü idman növüdü, amma buna baxmayaraq bizdə az inkişaf edib. Gəlin, elə bodibildinqə ilk başladığınız gündən danışaq. Necə oldu?

- Doğrudur, güclü idman növüdü və özəlliyi budur ki, bütün idman növləri bu idmandan nəsə öyrənir, amma bodibildinq heç bir idmandan heç bir özəllik götürmür.

İlk dəfə boksa getmişəm. 12 yaşım vardı, üç il məşğul oldum sonra müəllimim infakt oldu. Ondan sonra qorxdum, çəkindim və ayrıldım. Sonra isə cüdo samboyla məşğul oldum. 1989-cu ildə əsgər getdim gəldim. Bir gün qardaşım məni görüb dedi ki, çox zəifsən bir az idmanla məşğul ol. Evdə qantellər var, onları götür məşğul ol. Elə də etdim. Sonra 1993-cü ildə Bədən Tərbiyəsi akademiyasının Ağır atletika fakültəsinə daxil oldum. Həmişə bodibildinq məni özünə çəkirdi, bəlkə də vücud gözəlliyini sevirəm ondandır. Deməli, 1988-ci il idi. İdman jurnalının   üstündə bu idmanla məşğul olan idmançıların şəklini gördüm, bəyəndim. Halbuki SSR-nin vaxtında bu idman növünə qadağa qoyulmuşdu və belə deyilirdi ki, guya bu idman növü düzgün formada anlaşılmır və əxlaq normalarına ziddir. SSR-i dağılmağa başlayanda artıq bodibildinq inkişaf etməyə başladı. Mən isə bodibildinqlə düz 23 ildir ki, məşğulam və işimi sevirəm. Azərbaycanda bu idmanın inkişafında Rauf Bünyətəliyevin böyük rolu var. Həmçinin Rauf müəllim indi Bodibildinq Federasiyasının prezidentidir. AFBB-nin 5 üzvündən biridir.

- Niyə hər kəs sizi tanımır və yaxud bu idman növü haqqında çox məlumatlı deyillər?

- Təbii ki, tanımayacaq. Hansısa televiziyalarımız idmana aidiyyəti olmayan insanları studiyaya yığanda bizə ehtiyac qalmır. Bu idman haqqında ən çox danışa bilən bizlərik, amma təəssüf ki, bilməyənlər danışır, onu da səhv olaraq. Həm də bütün gün reklam nəyə lazımdır ki, onda idman yaddan çıxır, başın qarışır şouya. Ən yaxşısı idmanı az da olsa məlumatlandırsınlar, amma şişirtmədən və düzgün formada. Günahı media nümayəndələrində, televiziya işçilərində görürəm. Kimi gəldi dəvət edirlər, o da ağzına nə gəlir danışır.

- Gənclər bu idman növünə necə meyl göstərirlər?

- Əla. Maraqla, istəyərək öyrənirlər. Amma həmişə nədənsə gənclərimiz öz aramızda çempion axtarmırlar. Öz idmançılarımız yetəri qədər güclüdü.

Bir dəfə belə bir şey oldu. Mənim şəkillərim vardı, baxıb deyirdilər ki, görəsən, hansı ölkənin idmançılarıdı. Yaxınlaşıb dedim ki, mənəm. İnanmadılar, diqqətlə baxandan sonra tanıdılar. Biz çempionları kənarda axtarmağa öyrəşmişik. Niyə özümüzə qiymət vermirik, niyə öz idmançılarımıza dəstək olmuruq, halbuki belə baxanda heç kəsdən geri qalmırıq.

- Sonuncu dəfə sizdən nə vaxt müsahibə götürüblər?

- Axırıncı dəfə məni “Bığ” şouya çağırmışdılar. Deməli, necə oldu. Mənə verilişdən bir-iki gün əvvəl zəng edib deməliydilər, amma zəng gəlmədi. Vaxtını da bilmirəm. Deməli, bu veriliş də canlı imiş. Evdə oturub çay içirdim. Açdım baxdım bu veriliş gedir. Bir də zəng gəldi ki, müəllim siz gəlirsiz? Dedim hara? Dedilər verilişə. Dedim indi mən sizə baxıram, necə gəlim? (gülür). Prodüser dedi ki, tez hazırlaşıb gəlin. Elə tez-tez hazırlaşıb getdim. Yaxşı verilişdi, maraqlıdı.

- Bu idman növünə ən yaxşı başlamaq yaşı neçədir? Ümumiyyətlə, hər hansı bir idman növündə yaşın böyük rolu varmı?

- Yaşın rolu böyükdü. Bu idmanda isə fiziki baxımdan asılıdır. Yəni, elə uşaq var ki, 6 yaşı var,  bacarır bu idmanı və alınır onda. Amma elə də uşaq var ki, 13 yaşı var, amma onda alınmır. Bu idman da fiziki baxımdan önəm kəsb edir və mütləqdi.

- Xüsusi qidalarınızın olduğunu eşitmişəm. Nədir qidalarınız?

- Bəli, idmançı yeməyinə, qidasına fikir verməlidir. Bu idman növü isə xüsusi qidaları sevir və xüsusi dərmanları var. Yeməyə gündə sarısız yumurta və bir portağal bəs edir.

- Bildiklərinizi bəlkə bir kitaba qeyd edəsiniz? Gələcək nəsillər üçün lazımlı qeydlər olsun.

- Əslində, yazmaq istərdim, amma ona vaxt lazımdı. Çox şeylər bilirəm, çox məlumatlıyam. Yazsam yaxşı olar. Yəqin ki, bir gün qismət olar yazaram (gülür).

- Bəs özünüz hansı idmançı haqqında kitab oxumusuz?

- Mən uşaqlıqdan Arnold Şvartseneggerin filmlərinə baxıb idmanı sevmişəm, vurulmuşam idmana. Onun haqqında kitabları oxumuşam. Amerikada Arnold Şvartseneggerin adına  klassik yarış keçirilirdi. O yarışda çempion oldum. Kuboku şəxsən özü mənə hədiyyə etdi. Onun kimi canlı əfsanəni görmək mənə şərəf oldu. Ən maraqlısı odur ki, onun Michael Jakson kimi hansı zaldan çıxacağını heç kəs bilmir və onu iki sumo döyüşçüsü qoruyur.

Nərmin Kazımova
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri