Avq
2016
12:00
152
31
21791
Virtual karabakh

Məhəmməd Musayev: Mənzilləri elə qiymətə satacayıq ki, bundan ucuzu olmayacaq

4 Avq, 2016
12:00
21791

Məhəmməd Musayev: Mənzilləri elə qiymətə satacayıq ki, bundan ucuzu olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əksinə, devalvasiya bizim işimizə kömək etdi. Bu proseslər bizim kimi cavan olan şirkətlər üçün yeni inkişaf mərhələsidir.

Oxu.Az “ArchiCO Engineering Group” MMC-nin direktoru Məhəmməd Musayev ilə müsahibəni təqdim edir.

- Bir müddət əvvələ nəzər salsaq, Azərbaycanda sanki bir tikinti bumu yaşanırdı. Hamı bu sektora maraq göstərirdi. Zaman keçdikcə bu şirkətlərin bir çoxu fəaliyyətini dayandırdı, yaxud istiqamətlərini dəyişdi. Sizi ayaqda saxlayan nə oldu? Uğur mükafatının sahibi kimi bu uğurun sirrini aça bilərsinizmi?

- Əlbəttə, yeni müstəqillik əldə etmiş bir ölkədə tikinti sektorunda, təbii ki, bir çox çatışmazlıqlar oldu. Sovetlər birliyi dağılandan sonra tikinti şirkətlərində kadr çatışmazlığı özünü büruzə verməyə başladı. Zaman keçdikcə isə kim ki, özünə düzgün strategiya seçmişdi, planları daha dəqiq və uzunmüddətli hədəfləri əhatə edirdi, o şirkətlər inkişaf edib, bazarı doldurmağa başladı.

Bu gün Azərbaycanda əvvəlki illərə nisbətən bu sektorda çox az sayda xarici şirkət qalıb ki, onlar da xüsusi layihələr üzrə hansısa işləri görürlər. Artıq bizdə xarici şirkətlərlə rəqabət aparacaq yerli şirkətlər formalaşıb. Bu sektor milliləşib. Mülki tikinti tam olaraq yerli şirkətlərin əlindədir. Hətta onlar Gürcüstan, Qazaxıstanda da müxtəlif işləri həyata keçirirlər. İndi əsas hədəf sənaye tikintisində də müasir texnologiyalardan istifadə etməklə uğur əldə etməkdir.

- Zövqlər müxtəlifdir. Kimi klassik, kimi modern, yaxud qarışıq dizaynları sevir. Hər bir insan yaşadığı evin, işlədiyi ofisin rahat, səliqəli, göz oxşayan olmasını istəyir. Bu özəllikləri yaratmaq isə inşaat sektorunda peşəkarlara həvalə ediləndə daha uğurlu nəticələr əldə etmək olur. Sizin şirkətdə bu istiqamətdə iş necə qurulub?

- Archico MMC tikinti layihələrinin işlənib hazırlanması və inşaat üzrə bütün növ xidmətlər göstərən bir şirkətdir və Bakı şəhərində bir sıra ən nüfuzlu layihələrin yerinə yetirilməsində iştirak edib. Archico MMC şirkətinin portfoliosuna dövlət obyektləri ilə bərabər, bir sıra özəl obyektlər də daxildir. Bu işləmələrə yaşayış binaları, ticarət və ofis mərkəzləri, hotellər, ictimai və inzibati binalar və s. genişmiqyaslı layihələr daxildir.

Bizim şirkətin əsasını mühəndislik işləri təşkil edir. Tikinti şirkəti kimi isə son illər fəaliyyətə başlamışıq. Hər zaman mühəndis-layihə, inspeksiya işlərini həyata keçirmişik. 11 ildir ki, biz bazarda bu işləri həyata keçiririk. Məsələn, layihələrimizi alan müştərilərimizi ilk növbədə maraqlandıran iqtisadi əsəslandırmadır. Bu sahə bizdə inkişaf edib və insanları cəlb edə bilirik. O ki qaldı zövq məsələsinə, şirkətin memarlıq bölməsində 20-yə qədər memar çalışır və hələ bu günə qədər elə bir müraciət olmayıb ki, biz onlara alternativ nümunələr təklif etməyək.

Zövq məsələsində müxtəlifliyi qoruyuruq. Seçimlərə üstünlük veririk ki, sahibkar, müştəri qərar verərkən hərtərəfli məlumat əldə edib, sonda özünün ürəyinə yatan ən yaxşısını əldə edə bilsin. Bu yuxarıda qeyd etdiklərim də layihə şöbəmizin əsas prinsipidir. Mən özüm də layihəçi kimi yetişmişəm və iki ildir ki, şirkətin baş direktoru olmaqla yanaşı, tikinti şöbəsinə də rəhbərlik edirəm. 

- Bakı hər gün, hər saat dəyişir. Sökülən köhnə binaların, məhəllələrin yerində yeni-yeni binalar, memarlıq nümunələri tikilir. Amma bu tikinti-quruculuq işləri hamı tərəfindən birmənalı qarşılanmır. Bir qrup insan bunu Bakının gözəlləşməsi, digəri isə məhvi kimi görür. Nə dərəcədə əsaslıdır bu fikirlər, bir mütəxəssis kimi siz necə düşünürsüz?

Bakının küçələrini fəlsəfəsinə uyğun dəyişəcəyik!

- Mən bu suala həm tikinti şirkətinin səlahiyyətlisi, həm də layihəçi kimi cavab vermək istərdim. Bu gün tikintiIərin keyfiyyəti narahatlıq törətmir. Çünki Fövqəladə Hallar Nazirliyi bu məsələni ciddi nəzarətdə saxIayır. Amma şəhərin memarlıq və şəhərsalma nöqteyi-nəzərindən yanaşsaq, iki məsələyə toxunmaq istərdim. Artıq bir il olar ki, şəhərsalma norma və standartlara uyğun şəkildə təşkil olunur. Kim necə istədi ərazi alıb, söküb, ev tikə bilməz. Pilot layihələr əsasında köhnə tikililər sökülür, yeni binalar ucaldılır. Bu zaman əhali sıxlığı mütləq nəzərə alınır.

Şəhərsalma istiqamətində dövlət artıq nəzarətini kifayət qədər artırıb, islahatlar aparılır. Şəhərin tarixi, memarlıq əhəmiyyətli obyektlərinə gəldikdə isə artıq bir ildir ki, biz özümüz də tikinti şirkəti kimi şəhərin bir sıra yerlərinin abadlaşdırılması, təmir-tikinti işləri ilə məşğuluq. Bu tarixi əhəmiyyətli binalarla bağlı narahat edən məqam, hansı ki, sovet dövründə tikilən binalarla bağlıdır.

“Lelinqrad”, “Xruşovka” və s. kimi tanıdığımız binaların memarlığını nə üçünsə məhv etməyə başlamışıq. Damın formasını, üz hissəsini müxtəlif üzlük daşlarla bəzəyərək dəyişirik. Amma 50 ildən sonra onlar da tarixi əhəmiyyətli binalar olacaq və sovetlərdən qalan binalar sırasında olacaq. Bu gün o tarixi əhəmiyyət hiss olunmur. Ancaq 50 il sonra biz yenidən o memarlıq nümunələrini bərpa edəcəyik.

Elə ölkələr var ki, şəhərin mərkəzində köhnəni saxlayıb, müasirliyi də tətbiq edir. Elə bizim də son bir həftədə qarşımızda qoyulan bir məsələ var – Bu yeni layihə gərək şəhərin mərkəzində müəyyən küçələrin fəlsəfəsinə uyğun olaraq təmirini həyata keçirmək. Elə küçələr var ki, biz onları adına görə restavrasiya edərək ictimaiyyətə təqdim edəcəyik. Bu gün şəhər gəzintisi deyəndə, təkcə Nizami küçəsi, Fantanlar parkı yada düşməməlidir.

Bu layihə ilə elə edəcəyik ki, hərə öz ampulasına, istəyinə uyğun bir küçə seçə bilsin. Məsələn, siz pivə, kofe, çay içmək istəyirsizsə, filan küçəyə, qəlyanın, yaxud şirniyyatın ən yaxşısını görmək, dadmaq istəsəniz başqa bir küçəyə üz tutacaqsız. “Tarqovu” kimi tanıdığımız əraziyə yaxın küçələr bu yeni layihəmizə aid olacaq. Yəqin ki, bir aya biz bu işlərə başlayacağıq.

- Dünyada baş verən iqtisadi proseslərin təsiri, sözsüz ki, Azərbaycana da təsirsiz ötüşmür. Xidmət sektorunda qiymətlər bahalaşır. Bəs bu istiqamətdə siz müştərilərinizə hər hansı sərfəli təkliflər, güzəştlər verirsiniz?

- Bu proseslər bizim kimi cavan olan şirkətlər üçün yeni inkişaf mərhələsidir. Məsələn, bir neçə il əvvələ kimi biz tikinti menecmenti ilə məşğul ola bilməzdik. Xaricdən gələn şirkətlərin monopoliyası çox güclü idi. Amma bu gün o şirkətlər devalvasiyadan sonra azalıb. Yerli şirkətlər içərisində isə kimlər ki, beynəlxalq sertifikatlara uyğun işini qurubsa, indi o şirkətlər üçün yeni bazar açılıb. Biz də o şirkətlərdən biriyik. Əksinə, bu böhranın bizə xeyri var.     

- Şirkətinizdə beynəlxalq təcrübədən necə yararlanırsız? 

- Bizim mühəndislik şirkəti kimi kapitalımız burada çalışan mütəxəssislərimizdi. Biz onları böyük təcrübəsi olan şirkətlərdən transfer etmişik. Bu həm şirkət olaraq bizim inkişafimıza yol açır, həm də beynəlxalq təcrübəni əldə etməyimizə yardımçı olur. 

- Xaricdə də hər hansı layihələriniz varmı?

- “Archico” şirkəti fəaliyyətinin ilk mərhələsindən qabaqcıl beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri quraraq ölkəmizin inşaat bazarına müasir texnologiya və məhsulların tətbiqinə üstünlük verib. “ArchiCo Metro Architect”, “Securo”, “Danieli”, “Air Liquide”, BP, “Bosshelf”, “Renessans Construction” şirkətləri ilə əməkdaşlıq edir. Xaric dedikdə, bizim kimi şirkət Avropanın mərkəzindən başlayıb üzü bu tərəfə addımlaya bilməz ki? Ona görə də biz regiondan başlayaraq Avropaya doğru irəliləyirik.

“Archico” MMC-nin əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa şirkətimiz Qazaxıstan, Türkiyə və Rusiya ilə müxtəlif infrastruktur layihələri həyata keçirir. Bu gün Qazaxıstanın paytaxtı Astanada layihələrimiz var. Qırğızıstanın Bişkek şəhərində yeni bir layihə təqdim etmişik. Gürcüstanda filialımızı açmışıq. Tikinti şirkəti olaraq tenderin nəticəsini gözləyirik.

- Ən uğurlu layihəniz hansıdır? Əldə etdiyiniz qazanc sizi qane edib?

- Demək olar ki, əksər layihələrimiz özünü doğruldub. Bu gün mənim rahatlığım odur ki, şirkətimiz mühəndis şirkətləri arasında 99 faiz rəğbət qazanıb. Heç bir asılılığımız yoxdur. Bazarda öz gücümüzə dayanmışıq. Prinsiplərimizin düz olduğuna inanırıq.

- Sağlam rəqabətliliyi necə qoruya bilirsiniz?   

- Biz sağlam rəqabətin tərəfdarıyıq. Tikinti şirkətləri mütləq dərəcədə dinamikalarına diqqət yetirməlidirlər. Məsuliyyətlilik əsasdır. Bizim şirkətdə hər kəs operativ şəkildə hərəkət edir. Rəhbər olsam belə, hər kiçik detalı şəxsən nəzarətdə saxlayıram, dəfələrlə yoxladıram. Çünki kiçik bir ehtiyatsızlıq böyük zərbə üçün təkana çevrilə bilər.  

- İşçilərinizi hansı kriteriyalar əsasında seçirsiniz?  Məsələn, Azərbaycan universitetlərini bitirən bir şəxs sizdə işləyə bilər, yoxsa bunun üçün öz şərtləriniz var?

- Şirkətin kadrlarını özüm seçirəm. Layihələndirmə, inspeksiya və tikinti üzrə 3 böyük departamentimiz var. Hər 3 departamentin özünün kordinatoru və meneceri var. Onlar birbaşa olaraq, hətta mən olmadan da müqavilələr bağlaya, sifariş qəbul edə bilər. Bu departamentlərdən birinə - yeni yaranan tikinti bölməsinə həm də kordinatorluq edirəm.

Mənim üçün sadiqlik əsas şərtdir. Əsas kadrlarımız 11 ildir ki, mənimlə birgə çalışır. Artıq zəhmətlərinin bəhrəsini görürlər. Həmçinin İnşaat və Memarlıq Universitetində çalışıram. Burada bilik və bacarıqları yüksək olan gəncləri də sıralarımıza cəlb edirəm ki, bizdən sonra da bu sektorda gənc nəsil yetişsin.

Əminəm ki, bu kadrlar yetişdikcə, bizim xaricdən mühəndis asılılığımız minimuma enəcək. Türkiyə şirkətləri ilə də təcrübə mübadiləsi aparırıq. Kadrlarımızı ora göndəririk. Artıq elə bir status qazanmışıq ki, xaricdən gələn mühəndis şirkəti, ilk növbədə, bizə üz turur. Xüsusilə də xarici texnologiya şirkətləri ilə birgə ağır sənayedə layihələr həyata keçiririk.

Bu yaxınlarda  fransızlarla birgə layihəni - birbaşa atmosferdən maye qazın alınması üçün zavodun tikintisini bitirdik. İtaliya şirkəti ilə əməkdaşlığımız var. Sumqayıt Texnologiya Parkında Paşa İnşaatın tikintilərində inspeksiya şirkəti kimi çalışırıq. Baku Steel Company ilə birgə layihələrimiz var. Total, Azərfon şirkətləri ilə, BP-nin təsdiq olunmuş təchizatlar sistemində qeydiyyatdayıq və müxtəlif layihələrində iştirak edirik. Sərgilərə, konfranslara gedirik. Bu görüşlərə əvvələr şirkətimizi tanıtmaq üçün can atırdıqsa, indi şirkətləri tanımaq üçün iştirak edirik.   

Sənaye parklarının xeyirini biz hələ 10 il sonra görəcəyik!

- Hazırda ölkədə sənaye parklarının, məhələlərin salınması istiqamətində işlər gedir. Artıq siz də bu parklardan birinin rezidentisiniz. Bu istiqamətdə gələcək fəaliyyətinizi necə planlaşdırmısınız? Ümumiyyətlə, bu zonaların ölkə iqtisadiyyatına qatqısını necə dəyərləndirirsiz?

- Yeni yaradılan sənaye parklarının, məhəllələrin təsirini biz 10 il sonra daha yaxşı hiss edəcəyik. Necə ki, 15 il öncə tikinti bumu yarandı və sonra bu sektor milliləşdi. Məhz sənaye paklarında da xarici rezidentlər dəvət olunur. Onların iş təcrübəsi öyrənilir. Məhsullarımız dünya bazarlarına təqdim ediləcək. Daha sonra isə yerli şirkətlər bu bazarda möhkəmlənəcək. Gəlib-gedən var, bir də ki işin yiyəsi. Həmişə meydanda axırda işin yiyəsi qalır.

- Müştərilərinizə xidmətlər göstərərkən materialları necə seçirsiniz? Müştəriləriniz yerli məhsullara üstünlük verir, ya xarici? Ümumiyyətlə, məhsulların qiymətində artım  müşahidə olunurmu?

- Layihələrdə çalışırıq yerli istehsallı məhsullardan daha çox istifadə edək. Həm devalvasiyanın təsirlərini minumuma endirmək nöqteyi-nəzərindən, həm də çalışırıq ki, xərclənən pullar milli iqtisadiyyatımızda toplansın. Qiymət artımı var. Xüsusilə də xaricdən gələn məhsullarda bu nəzərəçarpacaq dərəcədədir. Məsələn, əvvəllər 15 dollarlıq laminantı alırdıqsa, bu milli valyutamızla bizə daha ucuz başa gəlirdi. İndi isə bu iki qat qiymət fərqi yaradıb. Düzdür, şirkətlər indi iki qat ucuz mal alır. Amma burada da etiraf edək ki, keyfiyyət aşağı düşür. 

Sosial evlər layihəsi regionlarda reallaşarsa, daha effektli olar

- Bu gün əhali son zamanlar gündəmdə olan “Sosial evlər” layihəsinin tezliklə reallaşmasını arzulayır. Sizin bir mütəxəssis kimi fikriniz maraqlı olardı?

- Sosial evlər, düzü, mənim üçün də maraqlı layihədir. Çox aşağı qiymətlərlə, yəni ayda 100 manata, məsələn, elə evlərin tikintisi indiki anda bir qədər qeyri-real görünür. Regionlarda bu layihə daha ağılabatan ola bilər. Vergi tətbiq edilmədən müəyyən güzəştlər verməklə tikinti şirkətlərini regionlara cəlb etmək mümkündür. Bu həm də rayon camaatının paytaxta gəlişinin də qarşısını almaqla yanaşı, regionlarda yeni iş yerlərinin yaradılmasına, regional iqtisadiyyatın inkişafına töhfə verərdi.

Paytaxtda 60 kv.m-lik təmirsiz ev ən azı 40 min manata başa gəlir. Üstəlik də bir o qədər də onun təmirinə sərf olunacaqsa, bu mənzillərin hər kv.m-in maya dəyəri ən azı 350-400 manata başa gəlir. Belə olan halda, o mənzili necə 100 manata satmaq olar?  

- Bakıda evlər çox bahadır? Alıcılıq qabiliyyətinin düşdüyünü deyirlər. Dogrudurmu?

- Əgər kvadratmetri 600 manatadırsa, onu dollara çevidikdə 400 dollara düşür. Dünyanın hansı paytaxtında bu qiymətə ev almaq olar ki? Əslində dünyada elədir ki, evlərin istismar müddəti itdikcə, qiyməti də aşağı düşməlidir. Bizdə isə əksinə tendensiya var. Hazır evlər köhnə olsa da, bahadır. Yarımçıq tikillilərdə risk yüksək olduğu üçün qiymətlər daha aşağıdır. Amma məncə, bu, doğru seçim deyil. Qiymətlər tikililərin köhnə və ya təzə olması ilə deyil, keyfiyyətinə görə təyin edilməlidir.

Biz də şirkət olaraq, 3-4 aya yeni bir layihəyə start verəcəyik. Mərkəzdə 5 binamız var. Bu yeniliyimizdə bütün detalları nəzərə alacayıq ki, müştərilərimiz narazı qalmasın. Qiymətlərimizi də elə təyin edəcəyik ki, şəhərin mərkəzində sərfəli şərtlərlə ev almaq hər kəsə xoş olacaq. Sərəncamı gözləyirik. Demək olar ki, layihəmiz tam hazırdır. Bizim üçün bu layihə başlıca olaraq kommersiya maraqlarından da çox tanıtım olacaq.   

Bizə sadiq insanlar lazımdır 

- Şirkətiniz həm də ailə biznesinizdir. Xanımınız da sizinlə birgə çalışır. Çətin, bezdirici deyil ki, bu cür idarəçilik?

- Biz 2005-ci ildən həyat yoldaşımla birgə bu işləri başladıq. İndi hətta qardaşım da bu sahənin mütəxəssisidir. Atam da inşaatçıdır. O da bizim şirkətdədir. Müsahibəmin əvvəlində də bir məqamı vurğuladım, mənə ilk növbədə sadiq insanlar lazımdır. Onlar isə mənim ailəm və ailəm qədər əzizlərimə çevrilən mühəndis kollektivimdir. Bizim uğurumuz budur!  

- Bəs “Archico ailəsi”nin gələcək hədəfləri nədir?

- Bizim yaxın gələcək üçün planımız istehsala başlamaqdır. Layihələrimiz kiçik görünə bilər. Amma biz ən xırda detallar üçün xaricə üz tutmaq istəmirik. Məhz bu məhsulları özümüz istehsal edəcəyik. Hazırda işlər gedir. Detalları açmaq istəməzdim. Amma paytaxt kənarında artıq hazırlıqlara başlamışıq. İndidən uğurumuzu görürəm!

- Suallarımızı cavablandırdığınız üçün Sizə təşəkkür edirəm, çox sağ olun.

Tünzalə Rafiqqızı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri