19 
Avq
2016
15:00
142
20
8550
Virtual karabakh

Emin Məmmədov: Tikinti sektorunda sənədləşmənin ASANlaşmasına ehtiyac var

19 Avq, 2016
15:00
8550

Emin Məmmədov: Tikinti sektorunda sənədləşmənin ASANlaşmasına ehtiyac var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın suallarını “Bakstone” şirkətinin direktoru Emin Məmmədov cavablandırır.  

- Emin müəllim, əvvəlcə oxucularımızı rəhbərlik etdiyiniz “Bakstone” şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verə bilərsinizmi?

- Şirkətimiz tikinti sektorunda çoxdan fəaliyyət göstərsə də, “Bakstone” brendi olaraq 2014-cü ildə yaradılıb. Şirkət kimi suvaqsız hörgü daşlarının istehsalı və satışı ilə məşğuluq. Bu texnologiyanı Azərbaycanda ilk tətbiq edən şirkət kimi biz həm də fərdi evlərin tikintisi işləri ilə də məşğuluq.

- Müştərilərə təklif etdiyiniz məhsullar milli və beynəlxalq standartlara nə dərəcədə uyğundur? Hansı ölkələrlə əməkdaşlıq edirsiniz?

- “Bakstone” suvaqsız hörgü daşlarında heç bir suvaqdan istifadə olunmur. Bizim təklif etdiyimiz məhsullar Azərbaycanda ilk dəfə tətbiq edilsə də, dünya praktikasında çoxdan var və geniş yayılıb. Sıxma üsulu ilə çiy kərpicin istehsalı və istehlakı Avropada, xüsusilə də Almaniyada 1880-ci illədən istifadə edirlər. Biz isə bu məhsulu Azərbaycanda məhz yerli və beynəlxalq standartları tətbiq etməklə ilk istehsal edən şirkətik. Kərpiclər üçün xammalı öz karxanalarımızdan əldə edirik. Qaradağ, Şamaxı, Zirə ərazisində belə karxanalarımız var. Zavodumuzda avtomatlaşdırma olduğundan birbaşa insan əməyindən çox az istifadə olunur. 8 nəfər bütün zavodda istehsal prosesini idarə edir. İstehsal həcmi təklifə əsasən formalaşır. Məhsul birbaşa olaraq müştərinin ünvana çatdırılır. Bunun üçün texnikalarımız da var.

- Neçə adda məhsul istehsal edirsiz? Çeşidlər çoxdur?

- İstehsal etdiyimiz kərpiclərin təyinatına görə, ölçüləri dəyişir. 6-7 fərqli formada istehsal aparılır. Tikintidə çöl, yaxud iç divarda istifadə olunmasından asılı olaraq, bu məhsullar buraxılır.   

- Müştəriləriniz kimlərdir? Dövlət orqanlarından sifarişlər alırsınızmı?

- Müxtəliflik çoxdur. Tikinti şirkətləri də, xüsusilə, fərdi yaşayış evlərinin tikintisində bizim məhsullardan çox istifadə edir. Həmçinin “Bakstone” özü də fərdi yaşayı evlərinin tikintisi ilə məşğul olur. Tam sıfırdan müştəri üçün heç nəyə qarışmadan evlər tikilir, təmir olunur və təhvil verilir. Həmin tikililərdə də öz məhsulumuzdan istifadə edirik. Bu qiymətlərin də sərfəli olmasına gətirib çıxarır.

- Fərdi yaşayış evlərinin tikintisinin hansı prosedurlarla icra edirsiz?

- Tikinti çətin bir posesdir. Amma bizim üçün yox! Bizim işimiz elə odur ki, müştərini tam razı sala bilək. Müştəri bizə müraciət edir. Ofisimizdə onun sualları cavablandırılır. Biz ona layihələr təqdim edirik. “Bakstone Designo” adlı atelyemiz var. Burada dizayn eksteryer, interyer, landşaft dizaynı həyata keçirilir. Peşəkar dizaynerlərimiz, memarlarımız var. Onlar tikilən binanın konstruksiyası, bütün quruluşu və s. məsələlərə cavabdehlik daşıyırlar. Birinci növbədə, evin layihəsi, xüsusilə də iç layihəsi önəmlidir. Sifarişçinin rahatlığı əsasdır. Elə ola bilər ki, bizim hazır proyekti müştəri bəyənməyə də bilər. Bu zaman biz ona tam yeni layihə hazırlayırıq.

Layihə bəyənildikdən sonra hesabat şöbəsində sənədlər hazırlanır və qiymət razılaşdırılır. Müqavilə bağlandıqdan sonra müştəri heç yerə getmir. Onun əvəzində bütün işləri biz görürük. Hətta biz sifarişçiyə tikili üçün sənədlərin toplanması işini də həyata keçiririk. Müştəri var ki, heç Azərbaycanda deyil, xaricdədir. Ev hazır olduqdan sonra ona təhvil verilir. Həm yaşayış, həm də bağ, villa tipli evlərin tikintisi üçün müraciət edənlər çoxdur. Hətta biz evləri kreditlə də tikirik.

- Kreditlə şərtləriniz necədir?

- Sifarişçi tam məbləği öncədən ödəməyə də bilər. 50 faiz ilkin ödəniş etməklə qalan məbləği 3 il ərzində faizsiz vermək mümkündür. Məsələn, 52 kvadratmetrlik ev 20 min manata başa gəlirsə, ilkin ödəniş 10 min manat, qalan pul isə 36 aya 278 manata verilir. Hər bir şəraiti ilə təmin olunur. 

- Bu gün bina evlərində qiymətlər olduqca bahadır. Ev sahibi olmaq istəyən gənc ailələr də öz maddı güclərinə uyğun fərdi evlər tikməkdə maraqlıdırlar. Tikdiyiniz evlər neçəyə başa gəlir?

- Layihələr müxtəlifdir. 20 min manatdan başlayaraq 40-50-60 min manatlıq, bahalı evlərdə yarım milyonluq layihələrimiz də var. Biz hər bir müştəri ilə əməkdaşlıq edirik. Hazırda təklif etdiyimiz qiymətlər yeni tikilən binalardan daha sərfəlidir. Sifarişçinin torpaq sahəsi varsa, yeni binalarda 100 kvadratmetr təmirsiz mənzil almaqdansa, biz ona həmin qiymətə 150 kvadratmetr təmirli ev verə bilərik.  

- Bəs təmir üçün istifadə etdiyiniz məhsullar, avadanlıqlar haradan gətirilir? Yerli, yaxud xarici məhsullara üstünlük verirsiz?

- Bütün istifadə etdiyimiz materialların keyfiyyətinə zəmanət verilir. Beton, hörgü işlərinə “Bakstone” müqavilə ilə rəsmi olaraq 55 il zəmanət verir. Təmir işlərinə isə 3 il zəmanət veririk. Metal dam örtüklərimiz Avropa məhsuludur. Pəncərələr, santexnika məhsulları Türkiyə istehsalıdır.  

- Devalvasiya sizin işinizə nə dərəcədə təsir edib? Xidmətlərinizin qiymətlərində artım varmi?

- Birinci devalvasiyadan sonra kreditlə xidmətlərimizdə ümumilikdə 8-10 faiz artım oldu. Nağd ödənişlərdə isə əksinə, qiymətlərdə endirim var. Hələ ki, əlimizdə olan məhsullardan istifadə edirik. Anbarlarda materiallar var. Çalışırıq ki, mövcud qiymətləri tarazlayaq. Qaydalarımıza görə biz müştərilərimizlə müqavilələri manatla bağlayırıq. Dolların kursu hansı səviyyədə olsa belə, bu ödənişlərə təsir etmir və etməyəcək də. Müştəri bundan sığortalıdır. Müştərilərimizin yarısı bizimlə kredit, yarısı isə nağd müqavilələr bağlayıb. Ödənişlərdə də hələ ki, problem yaşanmır.

- Kadrlarınızı hansı kriteriyalarla və necə seçirsiz? Sizə istədikdə işçi tapmaq çətin olmur ki?

- Yaxşı işçi tapmaq çətin məsələdir. Amma biz çalışırıq ki, işçilərimizi seçərkən bilik və bacarıqlarına daha çox diqqət verək. Kadrlarımızın ən azı 10-15 illik təcrübələri var. Ümumilikdə kollektivimiz 72 nəfər işçidən ibarətdir. Dizayner və memarlarımız var. Orta aylıq əmək haqqımız 600 manat civarındadır. İnşaat Universitetindən tələbələr bizə təcrübəyə gəlir. Onların da yeni texnologiyaları öyrənməsinə şərait yaradırıq.

- Yalnız Bakı ərazisində tikinti aparırsız? Regionlarda da fəaliyyət göstərirsiz?   

- Xeyr, regionlarda da layihələrimiz var. Müraciət edənlər olarsa, tam və yüksək səviyyədə tikinti-təmir işləri apara bilirik.

- Tanıtımınızı necə qurursuz?  

- Sərgilərdə iştirak edirik. Tikinti şirkətləri ilə görüşlər keçiririk. Ən əsası isə müştərilərimizlə sıx əlaqəmizi qorumaq üçün tikinti sahələrinə tez-tez gedir, onların ekskursiyalarını təşkil edirik. Sosial şəbəkələrdə səhifələrimiz aktivdir.

- Bu ildən başlayaraq ölkədə tikinti sektorunda vergi sistemində dəyişikliklər oldu. Bu işinizə təsir edibmi? Ümumiyyətlə, daha hansı qayda və qanunlarda dəyişikliklərin edilməsini istərdiniz?

- Bəli, yeni qaydalar işimizə birbaşa olmasa da  ümumiyyətlə təsir etdi, amma qlobal şəkildə deyil. Özümüz istehsal etdiyimiz məhsulların vergisini tam şəkildə ödəyirik. Xaricdən aldığımız məhsulların üzərinə qoyulan vergi isə müvafiq qaydada ödənilir. Ümumiyyətlə, hər bir tikdiyimiz ev bizim üzümüz, reklamımız, adımızdır. Ona görə də çalışırıq ki, hər bir işi qayda-qanunla və keyfiyyətli şəkildə edək. Prosedurlara görə tikintiyə başlamazdan öncə biz müvafiq razılıq alırıq. Amma bu bir aya qədər uzana bilər. Bu istiqamətdə sadələşdirmə olarsa, tezləşdirmə üçün bu xidmətlər də ASAN xidmətə verilsəydi, çox yaxşı olardı. Həm şəffaflıq, həm də ASAN əlçatanlıq təmin olunardı. Ümid edirik ki, tezliklə bizim də işimiz sözün bütün mənalarında ASANLAŞACAQ.

- Çox sağ olun, müsahibəyə görə təşəkkür edirəm!

Tünzalə Rafiqqızı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri