Mar
2014
16:20
118
24
8802
Virtual karabakh

Füzuli Musayev: Yaşıdlarım siqaret çəkərkən mən idmanla məşğul olurdum – FOTO

3 Mar, 2014
16:20
8802

Füzuli Musayev: Yaşıdlarım siqaret çəkərkən mən idmanla məşğul olurdum – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnsanın xarici və daxili bir-birinə uyğun olmalıdır”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevdir.

- Mən sizi neçə illərdir tanıyıram. Yaddaşımda səmimi, zarafatcıl, sadə biri kimi qalmısız, amma sizin özünüzdən eşitmək istəyirəm. Füzuli Musayev idmançı kimi yox, ümumiyyətlə, necə biridir?

- Bəli, səmimiyəm, zarafatcılam, amma zarafatın da qədəri var.  Ciddiyyətim də var. İşdə işçilərimlə tam ciddi şəkildə davranıram, çünki iş ciddiyyət tələb edir. İşçilərim də deyə bilər ki, necə biriyəm, çünki gün ərzində onlar məni görür, tanıyır.

Onlarla həm səmimiyəm, həm də ciddi. Çoxları da deyir ki, özündən razıdır, çətin adama oxşayır. Amma söhbət edəndən sonra deyirlər ki, çox səmimi insansınız. Deməli, insanı tanımadan qiymət vermək olmaz.

- Bildiyimə görə siz idmançılardan fərqli olaraq idmana 5-6 yaşında yox, 20 yaşında gəlmisiz, amma buna baxmayaraq uğurlu olub və indi bir çox tanınmış idmançılara siz dərs demisiniz.

- Mənim məşğul olduğum idman elə bir idman növüdür ki, ona həqiqətən, 5-6  yaşında başlamalısan. Amma elə idman növləri var ki, məsələn, qolf , buz üstündə daş atma və s. bu kimi idman növlərində yaş həddi yoxdur. Hansı yaşda istəsən öyrənə bilərsən. Amma kontakt idman növlərində yaş öz sözünü deyir.

Düzdür, gec başlamışam, çünki buna vaxt olmurdu, alınmırdı. Həm də mənim gəncliyimdə  bu idman növü o qədər də populyar deyildi. Nəinki bu idman növü, heç bir idman növü ilə məşğul deyildim, amma yaşıdlarım siqaret çəkərkən, içki içərkən mən ancaq və ancaq fiziki idmanla məşğul olurdum. Qaçırdım, turniklərdə məşq edirdim.

Bu idman növünə mən əsgərlikdə başlamışam. Həmin vaxt 20 yaşım vardı. Gec başlamağıma baxmayaraq tam ciddiyyətlə məşğul olmağa başladım. 33 yaşımda ilk dəfə dünya çempionu oldum, 35 yaşımda da ikinci dəfə dünya çempionu oldum.

35 yaşımda böyük idmandan uzaqlaşdım, amma bu günə kimi özüm məşqlərimi davamlı şəkildə edirəm. Sevinir, qürur duyuram ki, bu gün dünyada tanınan davamçılarım var. Rafael Ağayev, Pərviz Abdullayev - bu idmançıları uğurlarına görə ölkədən kənarda tanıyırlar. Bu gün səmimi deyə bilərəm ki, Rafaelin adı gələndə Avropada deyirlər ki, o, dünyanın birincisidi və deyə bilərəm ki, Rafael özünü  məndən də artıq göstərib, nəticələri göz qabağındadı.

Rafael nəinki yaxşı idmançıdı, həm də yaxşı tərbiyəli insandı. İdmançı dünya çempionu ola bilər, amma tərbiyəsi olmadısa onda ehtiyac yoxdu. Fəxr edirəm ki, mənim tələbəm belədir. Pərvizlə,  həmçinin bu kimi gənclərlə fəxr etməyə dəyər.

- Hansısa tələbəniz olubmu ki, haqqında nəsə pis şey eşidəsiniz və yaxud görəsiniz?

- Yox, əksinə hansı tələbəm olub haqqında həmişə yaxşı şeylər eşitmişəm. Mən dövlət işçisi olaraq nazirliklərə çox gedirəm və birdən elə olur ki, kimsə gəlir salamlaşır, hal-əhval tutur. Sonradan bilirəm ki, mənim tələbəm olub və özünü hansısa işdə göstərir, irəli gedir, inkişaf edir. Bununla fəxr edirəm ki, yaxşı idmançı olmaqdan savayı, yaxşı insandırlar.

- Böyüyüb yaşadığınız yer Gəncə olub. İndi ildə, ayda neçə dəfə olursuz Gəncədə?

- Bəli, Gəncədə böyümüşəm. Anam, bacılarım, qardaşım ordadı. Düzü, çox getmək istəyirəm, amma işlərin çoxluğundan az gedirəm - ayda iki dəfə.

- Əvvəl karate, sonra taekvondoyla məşğul idiniz. Yenidən karate ilə məşğulsuz?

- Yox, həmişə karateylə məşğul olmuşam. İndi də karateylə məşğulam, ölənə kimi də karateylə məşğul olacam. Mən sırf taekvondoyla məşğul olmamışam, amma taekvondonun da məşqlərində olurdum. Yəni ki, necə ki əqidəmi dəyişmirəm, eləcə də məşğul olduğum idmanı da dəyişmirəm.

- İdmandan döşəkdə yox, kənarda istifadə etmisiz?

- Düzünü desəm olub, amma qəsdən yox məcburiyyətdən olub. O da Avropada çalışmışam başa salım. Sakit görmüşəm yox, alınmır, gücümlə başa salmışam. Onda elə yaxşı başa düşüb ki.(gülür)

Kənardakılar da görürdülər ki, mənim zərbələrim adi deyil və bildilər ki, idmançıyam, buna görə də çoxu kənarlaşırdı.

- Zahirən güclü, xarizmatik görsənirsiz. Bəs daxilən necə birisiz?

- İnsanın xarici və daxili bir-birinə uyğun olmalıdır, olmasa deməli, aldadıcı görüntüdür. İradəsi güclü bir insanam. Zahirən elə görsənirəm, elə daxilim də elədir. (gülür)

- Bildiyimə görə yaxşı rep deməyiniz var. Niyə heç bir yerdə səs yazısı və yaxud  başqa bir şey yoxdu? Bu, məmur olmaqdan irəli gəlir?

- Hamı istirahəti sevir və istirahət etməlidir. Mən də musiqi ifa etməklə, bəstələməklə istirahət edirəm. Dostlarla görüşəndə bir az da olsa zümzümə edirəm.

- Son zamanlar deyirdilər ki, Füzuli müəllim vitse-prezident olandan sonra adama salam vermir, telefonlara da cavab vermir. Bu, işin çoxluğundandır, yoxsa siz də dəyişilmisiniz?

- Kim deyir onu? (gülür) Belə bir şey xatırlamıram ki, kiminsə adi salamını almayım. Tanıdım, tanımadım salam Allah salamıdır. Çox halda olub ki, kimsə salam verib və mən də məmnuniyyətlə almışam, amma heç tanışlığım olmayıb. Düzdü, kənardan deyirlər çox özündən razı adamdı, amma tanımırlar. Yenə də deyirəm, tanıyandan sonra deyirlər sizi belə tanımırdıq.

- Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunun rəisi vəzifəsindəsiz. Gördüyünüz və görəcəyiniz işlər haqda nə deyə bilərsiz?

- Yeni olmağımıza baxmayaraq işləyirik, inkişaf edirik. Cənab nazirimiz Kəmaləddin Heydərov da öz dəstəyini əsirgəmir. Bizim nazirlik hər bir fövqəladə hal baş verərkən daim xidmətdədir. Biz sağlamlıq klubu olaraq hər ay bir yarış keçiririk və uğurlarımız göz qabağındadır. Bu yaxınlarda şahmatla əlaqədar olaraq Vüqar Həşimovun xatirəsinə turnir keçirdik. Turnir yüksək səviyyədə keçdi və bir çox tanınmış insanlar da iştirak etdi. Vüqarın valideynləri də iştirak edirdi.

Daha sonra növbəti yarışlarımız - mini futbolla bağlı, voleybolla tennislə, səmti müəyyən etmə, alpinizmlə və s. olacaq.

Nərmin Kazımova
Foto: Ratmir Şərifov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri