Dek
2016
11:00
303
23
21645
Virtual karabakh

Tural Yusifov: Sürücülük vəsiqəsi üzrə imtahan sistemi kökündən dəyişilməlidir!

7 Dek, 2016
11:00
21645

Tural Yusifov: Sürücülük vəsiqəsi üzrə imtahan sistemi kökündən dəyişilməlidir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində, ümumiyyətlə, qəza olmaya bilər, çünki bura Nyu-York, İstanbul və ya Stokholm deyil.

Oxu.Az-ın budəfəki müsahibi tanınmış radioaparıcı, “AvtoStop” layihəsinin müəllifi DJ Tural Yusifovdur.

– Şəhərimizdə piyadaların yol qaydalarına dair bilik səviyyəsini 10 xallıq şkala ilə qiymətləndirmək imkanınız olsa, verdiyiniz qiymət neçə olardı? 

İki!

– Mənfi ya müsbət və niyə bu qədər sərt?

– Müsbət 2 (gülür). Mən günahı valideynlərdə, məktəb və bağça müəllimlərində, mətbuatda görürəm. Fikrimi izah edim, yol hərəkəti qaydalarını pozan həmin insanlar ölkəyə göydən düşməyiblər, onların hamısı Azərbaycan vətəndaşlarıdır, məktəbə və bağçaya gediblər. Hamısı bizim televiziyaya baxır, radionu dinləyir və mətbuatı oxuyur.

– Yetərincə informasiyanın olmamağını düşünürsünüz?

– Bəli! İlk olaraq, valideynlərin yol verdiyi səhvlərdən başlamaq istərdim. Uşaqlar məktəbəqədər tərbiyəni ailədə alırlar. Onlar üçün nümunə ailə üzvləridir və əgər valideynlər yolu necə gəldi keçirsə, uşaq da gələcəkdə onun hərəkətini təqlid edəcək. Sovet dövründə bu halların tənqid edilməsi istiqamətində “Mozalan” kinojurnalı süjetlər təqdim edirdi. Həmin süjetlərə nəzər salsaq, 80-ci illərdə və 90-cı illərin əvvəllərində yol qaydalarının pozulması hallarını görmüş olarıq. Elə həmin süjetlərin qəhrəmanlarının övladları indi yol qaydalarını pozmaqda davam edirlər.

Nümunə olaraq, Nobel prospektindən danışmaq istərdim. Həmin ərazidə 5 dənə piyada keçidinin olmasına baxmayaraq, yolun o biri tərəfinə keçidin altından keçirlər. Nəzərə alın ki, bu piyadaların yanında övladları olur. Necə düşünürsünüz, o uşaqlar nə vaxtsa yolu keçiddən keçəcəklər? Birmənalı şəkildə YOX! 

Keçək növbəti mərhələyə - məktəbə. Təməli düzgün olan biliklərin üzərinə yanlış biliklər əlavə edilir. Efirdə dəfələrlə demişəm və yenə də deyirəm, məktəbdə yol hərəkəti qaydaları haqqında verilən məlumat yanlışdır. 

– Yanlışlıq nədədir? 

– Məktəbdə nə deyilir? Qırmızıda dayanırlar, sarıda hazırlaşırlar, yaşılda gedirlər. Bu səhvdir! Çünki bu avtomobillər üçün olan qaydalardır. Onlara başa salmaq lazımdır ki, yaşılda avtomobillər hərəkət edərkən sən dayanırsan, sarıda hazırlaşmaq lazımdır, avtomobillər üçün qırmızı işıq yananda keçə bilərsən. Sürücülərin yaşıl işığında keçən piyadaların sayı çoxdur, nəyə görə? Çünki elə öyrədilib. 

İkincisi, yolu keçmək üçün ən yaxın yoldan istifadə edilir. Piyada keçidindən deyil, yetişmək istədiyi məkana yaxın olan hissədən keçirlər. Ümumiyyətlə, hansısa ərazidə yaşayan insanlar haqqında fikir formalaşdırmaq istəyirsinizsə, orada yaşayan insanların avtomobil saxlama və yol keçmə vərdişlərinə diqqət edin. Ümumiyyətlə, yolu qaydalar üzrə deyil, necə gəldi keçən insanda özünü və ailəsini qoruma instinkti sıfır səviyyəsindədir. Bu adam bir mənalı şəkildə təhlükəlidir. Nə deyirsiz deyin, özünü qorumayan, ailə üzvlərini qorumayan insan pis adamdır. 


– Yerüstü, yeraltı piyada keçidlərinin sayının çox olmasına baxmayaraq, piyadalarla əlaqəli qəzaların sayı azalmır...

– Azalmır yox, əvvəlki illərə baxanda tendensiya olaraq azalmaya doğru gedir deyərdim. Ümumiyyətlə isə yolların və piyada keçidlərinin çox olması tıxacların olmayacağı və ya insanların məhz bu piyada keçidlərdən istifadə edəcəkləri anlamına gəlmir. 

Məsələn, Nizami Kino Mərkəzinin yanında, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində yeraltı piyada keçidi var. 2011-ci ildən indiyə qədər polislər həmin ərazidə yol qaydalarını pozan piyadalara cərimə yazırlar. Təbii ki, bir adama 6 dəfə cərimə yazıla bilməz, deməli, biri gedir, o birisi gəlir, hamı yolun keçilməsinə icazə olmayan yerdən keçir. Elə bilirlər ki, kütləvi şəkildə qayda pozulanda cəza kəsilmir.

Bəli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Respublika yol polisinin əməkdaşları bu istiqamətdə iş aparırlar, amma böyük ölçüdə heç nə dəyişmir. 

Məktəblərdə təbliğat işi yalnız yol polisi idarəsinin təhlükəsizlik aylıqları çərçivəsində keçirilir. Niyə bizdə həmişə təhlükəsizlik aylıqları olmalıdı, illiklər olmamalıdır? Bakı şəhərində yol hərəkəti ilə bağlı olan bütün problemlər NİYƏ sualının verilməməsindən irəli gəlir. 

Bu il Şəmkirdə iki uşaq bir-birini bıçaqlayıb, səbəb isə məktəbin həyətində biri avtomobilini o birinin yerində saxlayıb. Əgər orada Şəmkir Rayon Polis İdarəsinin əməkdaşı müşahidə aparsaydı, bu bədbəxt hadisədən qaçınmaq olardı. 

Çünki yol polisinin birinci işi yol hərəkəti təhlükəsizliyini təmin etmək, ikinci tıxacın yaranmasının qarşısını almaq, yəni, yol hərəkətində fasilənin yaranmamasını təmin etməkdir, cərimə yazmaq isə ən sonuncu addımıdır. 

Əgər Şəmkir yol polisi əməkdaşları məktəbin həyətində dayanaraq avtomobillərin necə saxlanıldığını müşahidə etsəydilər, bu hadisə baş verməzdi. Müşahidə yalnız radara düşən sürücülərə protokol yazmaqdan ibarət deyil. 

– Hansısa xətanı aşkar etmək üçün müşahidə yetərlidir, ya görməməzlikdən gəlmək problemi də mövcuddur?

– Bəli, görməməzlikdən də gəlirlər. Bakıda məktəblərin qarşısında avtomobillərin park edilməsinə göz yumurlar. Piyadaların da qayda pozuntularına göz yumulur. Bu qayda pozuntularına görə ya efirdə həyəcan təbili çalınmalıdır, ya gərək bir faciə baş versin ki, ondan sonra yol polisi və ya aidiyyətli qurum reaksiya versin. İnandırım sizi, əgər Qala yolunda kütləvi bir faciə olsa, o ərazi ilə bağlı tədbir görüləcək. Mərdəkan yolu neçə illərdir tikilib, orada indiyə qədər piyada keçidi yoxdur. 

Başqa bir təəccüb doğuran və faciəyə yol açan faktı da qeyd edim. Bir zamanlar Bakı Şəhər İcra Hakimiyyəti axşam saat 8-dən sonra prospektlərdə işıqları söndürürdü. Nəticədə sürücülər uzaqvuran işığı yandırırdılar. Bu, adi texnikadır, uzaqvuran işıq yanarkən, onsuzda geniş görmə bucağına malik olmayan sürücülərimizin görmə imkanıları daha da məhdudlaşır, yəni, yaxını yox, yalnız uzağı görür və əgər yaxında qara paltarlı piyada varsa, qəza qaçınılmaz olacaq. 

Bizim piyadalarda da qəribə bir adət var, onlar gələn avtomobilə deyil, onun arxasında olan avtomobilə baxırlar. Deməli, piyada əmindir ki, onu görürlər. Bu əminliyin səbəbini bilmirəm, amma o səmimi qəlbdən inanır ki, onu görürlər və ona yol verəcəklər. Qaydalara görə isə piyada əmin olduqdan sonra yola çıxmalıdır. Sürətlə gələn avtomobilin sürücüsü onu görmür. Qəza baş verir, səbəblər isə hərəkət sürətinin yüksək olması, yol şəraitinin nəzərə alınmaması, işığın sönməsi, sol hərəkət zolağının seçilməsi, qarşıdan gələn avtomobilin uzaqvuran işıqlarını yandırması və s. 



– Qəzalardan qaçmaq üçün yalnız xarici faktorları aradan qaldırmaq yetərli deyil. Burada həm də texniki göstəricilərin rolu böyükdür… 

– Bakı şəhərində, ümumiyyətlə, qəza olmaya bilər, çünki bura Nyu-York, İstanbul və ya Stokholm deyil. Paytaxtımızın bir başından o biri başına getmək üçün cəmi 15 dəqiqə vaxt lazımdır. 

Təəssüf doğuran məqam sürücülərimizin öz nəqliyyat vasitələrini normal texniki baxışdan keçirməmələridir. Bu günlərdə efirdə mövzumuz qış təkərlərinə keçid idi. Bizim sürcülər öz avtomobillərinin nəyə qadir olduğunu bilmirlər. Məsələn, yağışlı hava şəraitində nəqliyyat vasitənizdə yaşaya biləcəyiniz problemlərə hazırlıqlı olmalısınız. Bəli, ola bilər ki, qar yağmasın, amma yağış yağar və gecə yol dona bilər. Nazik buz qatı yay təkərlərinin sürüşməsi üçün kifayətdir. 

Bircə gün qar yağır, şəhərdə hərəkət iflic olur. Çünki bizim sürücülərimiz ekstremal şəraitdə avtomobil sürməyi bacarmırlar, həmin şəraitdə nə etmək lazım olduğunu bilmirlər. Üstəgəl, avtomobilinin nəyə qadir olduğundan xəbərsizdirlər. 

Elementar olaraq çıxın şəhərə və sorğu keçirin ki, avtomobilinizin çəni nə qədər yanacaq tutur? 95% sürücü yanacaq çəninin nə qədər tutduğunu bilmir. Mən bunu məqalə yazan, veriliş aparan, süjet hazırlayan şəxs kimi deyirəm. Hər bir avtomobilin təlimat kitabçası var, amma onu heç kim oxumur. Verilişə ustalar gəlir, onlara sürücü sual verir ki, avtomobilə nə yağı töküm?

Avtomobilin motoru var, onun üstündə qapağı var, ən uzağı internet var, ona baxın (gülür). Avtomobilin təlimat kitabını oxumayan sürücünü, avtomobilinin dilini bilməyən, avtomobil sürməyi çimərlikdə öyrənən, özünü yolda qorumayan insanı sürücü hesab etmirəm.


– Məlumatsızlığın səbəbi fərdi tənbəllikdir, ya…

Bunun günahı sürücü hazırlayan kurslardadır. Bizdə, ümumiyyətlə, sürücülük vəsiqəsi üzrə imtahan sistemi kökündən dəyişməlidir. Hazırkı proqram sovet dövründə tərtib edilmiş proqramdır. Prosesi izah edim, deməli, 10 suala cavab verilir, sonra sürücü vəsiqəsi almağa namizəd meydançaya çıxır. Avtomobili sürə bildisə, vəssalam, sürücülük vəsiqəsini alır.

– Bu qədər asan yəni... 

– Bəli! Dünyada sürücülük vəsiqəsi ən asan Azərbaycanda almaq mümkündür. Rüşvət faktorunu qoyaq bir kənara, çünki özünə hörmət edən adam sürücülük vəsiqəsini rüşvətlə almaz və ən əsası özünə hörmət edən adam sürücülük vəsiqəsinə görə rüşvət almaz. Burada bir faktor var, o da əzbərçilikdir. Bu isə həm sürücülük vəsiqəsini alan və gələcəkdə onun yolda qarşılaşacağı insanlar üçün potensial təhlükədir. Adam proqramı və qaydaları əzbərləyir, gəlir meydançaya, inersiya üzrə hərəkət edir və vəsiqəsini alır. Bu səbəbdən də öyrəşdiyi kimi sürən sürücülərimizin çoxu yolda, qarşısına başqa bir proses çıxanda öhtəsindən gələ bilmir.


Çıxış yolunu nədə görürsünüz? 

– Təlim proqramına ekstremal şəraitdə nəqliyyat vasitəsinin idarə edilməsi salınmalıdır. Biz sürücülük vəsiqəsinin alınması üçün imtahan prosesinin üç hissədən ibarət olmasını təklif etmişik. Birinci, nəzəri 10 suala cavab verilir, bu mərhələdən keçən şəxs növbəti mərhələdə 50 sualdan ibarət testə cavab verir. Sürücü testlərdə qoyulmuş situasiyalara görə qərar verməlidir, onun məntiqi yoxlanmalıdır. Siz Əziz Talıbovun kitabını götürüb, 1200 sualın cavabını əzbərləsəniz, imtahandan keçəcəksiniz. Mühüm olan isə yaranan situasiyalarda doğru qərar verə bilməkdir. Çünki düzgün qərar vermək iqtidarında olan insan qəza vəziyyətinin yaranmasından qaça bilər.  
 
Yəni, siz müəyyən situasiyalarda sürücünün reaksiyasının yoxlanılmasını istəyirsiniz?

Bəli! Mütləq! Reaksiyalar yoxlanılmalıdır, onun hansı hərəkət rejimini seçəcəyi, nə edəcəyi öyrənilməlidir. Bizdə dünyada heç bir yerdə analoqu olmayan “çimərlik” və “qucaq” kursları mövcuddur. Yalnız bizdə uşaqlar atası, dayısı, əmisinin quçağında avtomobil sürməyi öyrənirlər. 
Biz kurslarımızda qəzadan sonra nə etmək və ya nə etməmək lazım olduğunu deyil, qəzaya düşməmək üçün nə etmək lazım olduğunu təbliğ edirik.

Qırmızı işıqda keçərkən cərimənin məbləğinin 60 manat olduğunu hamı bilir. Biz bir sürücünün yaşıl işıqda keçdiyi, digərinin qırmızı işıqda keçərkən təhlükə yaratdığı şəraitdə nə etmək lazım olduğunu öyrədirik. Dünyada ən ucuz sürücülük kursları Azərbaycandadır, cəmi 75 manat. 

Yolda sağ qalmaq və heç kimin həyatı üçün təhlükə yaratmamağın öyrədildiyi kursun qiyməti niyə bu qədər ucuz olmalıdır? Belə əzbərçilik üsulu ilə sürücülük vəsiqəsi alan sürücü çıxır yola, sürət həddinin 120 olduğunu görür və həmin sürətlə sürür. Yağışı, yol şəraitini nəzərə almır, qəza törətdikdə isə “yağış idi, görmədim” deyir, bəs yağışı ki görürdün!

Burada artıq yol polisinin günahı yoxdur, günah sürücülük kurslarının təlim proqramında olan boşluqlardadır. Avropada isə bu kurslar çox bahadır. 

Avropa demişkən, 10 günə yaxın orda oldum, cəmi iki dəfə siqnal səsi eşitdim. Şəhərimizdə siqnal səsi adi haldır, bizim sürücülər siqnalın təyinatını nədə görür?

“Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasında göstərilib ki, siqnal bir qəzanın qarşısını almaq üçün son zərurət, şəhərdən kənar yollarda ötməni asanlaşdırmaq üçündür. Çünki işığı görməyə bilər, amma siqnalı eşidəcək. Amma Azərbaycanda sürücülər var ki, müsiqinin səsini elə verir ki, kənardakı səsləri eşitmir, belə insanları, ümumiyyətlə, başa düşə bilmirəm.  

Qayıdaq siqnala dair qayda pozuntusuna, burada abstrakt bir vəziyyət yaranır, necə sübut edəcəksiniz ki, siqnal məhz bu maşından verilib? (gülür) Kamerada bunu aşkar etmək mümkün deyil. 

Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında “Siqnal vermək qadağandır” işarəsi var. Amma ən çox siqnal orada verilir. “Siqnal vermək mədəniyyətsizlikdir” tablosu qoyulsa və tabloda adam yerinə, siqnal verənin uzunqulaq kimi təsvir edilsə, orada sakitlik olar.


– Demək, çıxış yolunu qınaq obyektinə çevirməkdə görürsünüz?

Bax problem ondadır ki, bizdə “başqası nə deyər?” kimi incə nüans var. Demişəm, deyirəm, deyəcəm də, günah TV-də və mətbuatda, sosial şəbəkə, sosial mediadadır. Sosial şəbəkələrdə məşhurların qayda pozuntlarına yol verdiklərinin əks olunduğu çarxlar paylaşılır, bu çarxlara reaksiya verilmir, həmin şəxs yol verdiyi xətaya görə cərimə edilmir. Axı ondan nümunə götürənlər var. Yəni, bilbordlar, qısa videoçarxlardır və ən əsası sosial şəbəkələrdə paylaşımlar edilməlidir. 

Bu aidiyyətli qurumun sosial şəbəkə hesablarında edilməlidir...

- Bəli, amma problem ondadır ki, insanların kütləvi toplaşdığı sosial şəbəkələrin olduğu halda, DYP-nin “Facebook” səhifəsi yoxdur! Demək, bu qurum insanların kütləvi toplaşdığı yerlərdən təcrid edilib. “Fake” səhifələr var, amma rəsmi səhifə yoxdur. Yəni, insanlar üçün reaksiyalarını nümayiş edirmək, paylaşımlar etmək üçün təbliğat məkanı yaradılmalıdır. 

– Sosial şəbəkələrin rolundan danışdıq. Bu yaxınlarda təcili yardım maşınına yol verilməsilə bağlı hadisənin sosial şəbəkələrdə və xəbər saytlarında nümunəvi hadisə kimi dəyərləndirilməsinə münasibətiniz?

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, təcili tibbi yardıma necə yol verilməli olduğu barədə efirdə yeganə və ən çox mən danışmışam. “AvtoStop”da misallarla demişəm. Bununla bağlı bir videomuz da olub. Gəldik mən deyənə, təcili yardım maşınına yol verməyi sürücü hardansa öyrənməlidir...

Yəni, qaydalar kitabında bu yoxdur?

- Yox! Qayıtdıq yenə söhbətimizin əvvəlinə, təlimin kökü yanlışdır, bu dəyişdiyi halda Polşada, Almaniyada görüb qibtə etdiyimiz o videolardan Azərbaycanda yüzlərlə olar. Bu isə sürücülük kurslarında təlimlərdə öyrədilir. Bizim kurslarda təlim alan tələbələrə baxanda, yollarımızda müəyyən sayda təhlükəsizliyə riayət edən sürücülərin hərəkət etdiyindən əmin oluruq.   

Maraqlı söhbət üçün təşəkkür edirəm.

Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri