26 
Mar
2014
10:39
106
17
7758
Virtual karabakh

Rafiq Hüseynov: Artıq zarafat insanı hörmətdən salır – MÜSAHİBƏ + FOTO

26 Mar, 2014
10:39
7758

Rafiq Hüseynov: Artıq zarafat insanı hörmətdən salır – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düşmənin dilini bilməkdən yaxşı nə ola bilər ki?!”

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı güləş üzrə Avropa çempionu, 2 dəfə güləş üzrə dünya çempionatının bürünc mükafatçısı, güləş üzrə Heydər Əliyev qızıl Qran-pri turnirinin qalibi, dünya kubokunun şəxsi hesabda 1-ci yerinin, Avropa kubokunda 1-ci yerin sahibi Rafiq Hüseynovdur.

- Rafiq Hüseynov, mən səni tanıdım, gördüm, amma cəmiyyətə də özünü təqdim elə, səni oyundan kənar tanısınlar.

- Mən Rafiq güləşlə məşğulam. Həyatımın 18 ilini güləşə həsr etmişəm, bununla da fəxr edirəm.

1988-ci ildə Daşkənddə anadan olmuşam. Ailəm anam, atam, qardaşlarımdan ibarətdir. Anam müəllimədir, atam idmançı olub, indi də mənim şəxsi məşqçimdi. Atamın mənim üzərimdə çox zəhməti olub. Hər dəfə yarışa çıxanda özümdən çox onun əziyyətinin yerdə qalmağını istəməmişəm. Hazırda DİN-də İdman Təlim Şöbəsinin baş inspektorudur.

7 yaşımdan idmanla məşğulam. Uzun illər Elçin müəllimin rəhbərliyi ilə yığma komandanın üzvü olmuşam. Daha sonra Fərid Mansurovun rəhbərliyi altında yığma komandada çıxış etmişəm. Böyüklər arasında nəticələrimdə onun böyük rolu var. Avropa çempionu da o vaxt olmuşam.

- İdmançıların oxumağa çox həvəsi olmur. Oxuduğun kitabların birindən sevdiyin cümləni bizə deyə bilərsən?

- Əksinə, mən məktəbdə, universitetdə yaxşı oxumuşam. İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Mən həmişə Mansurovdan örnək götürmüşəm. Hər yarışa gedəndə onun əlində kitab olur, düşünürəm ki, bunu bir çox gənclərimiz etməlidi. Mən dərslərlə bərabər idmanımla da məşğul idim.

Mənim üçün savad, təhsil ön sıralardadır, eləcə də idman. Oxuduğum kitablardan isə dini kitablara üstünlük verirəm. Onlardan isə ən sevdiyim cümləni sizə də deyim – Allah təkəbbürlüyü sevməz. Həqiqətən də insanda təkəbbür olmamalıdır. Mən də çalışıram buna riayət edim.

- Təmkinlik igidin ən yaxşı cəhətidir (Şekspir belə söyləyib). Sən necə birisisən? Nə əsəbiləşdirib özündən çıxara bilər səni?

- Sakitəm, amma ən çox yolda hərəkət edərkən əsəbiləşirəm. Bizdə sürücülər maşını çox səliqəsiz sürürlər, tıxac yaranır. Bir çox ölkələrdə olmuşam, adamın xoşu gəlir sürücülər maşınları necə səliqəli idarə edirlər. İnanıram ki, bizdə də düzələcək bu problem.

- Ford Boyard necə layihə idi sənin üçün? Orda gördüklərimiz realda da çətindir?

- Qeyri-adi, həyəcanlı layihə idi. Oyunun hər anı ekstrim idi. Çalışırdıq tam sakit, səbirli oyunu davam etdirək. Çünki tək deyildim və komanda ilə hərəkət etmək lazımı idi. Deyirdilər idmançı üçün asan olar, amma idmanın başqa cür xüsusiyyətləri var. Bu oyunun başqa asan görünən məqamları heç də asan deyildi.

Bəyənmədiyim isə yeməkləri oldu. Bizə səhər yeməyini verirdilər, qalanları isə özümüz ya bişirməliydik, ya da almalıydıq. Elə olurdu ki, mən bişirirdim və uşaqları da çağırırdım bir yerdə yeyirdik. Həm də yemək bişirmək qabiliyyətim olduğunu kəşf etdim (gülür).

- Yaxşı idmançı kimlərdi?

- Hər idmanla məşğul olan adama idmançı demək düzgün deyil. Biri var həvəskar, biri var professional. Bunlar başqa-başqa şeylərdi. İndi həvəskar olaraq idmanla məşğul olanlar özlərinə idmançı deyirlər.

Yaxşı idmançılar məsələn, Fərid Mansurov, Rövşən Bayramov, Elnur Məmmədli, Vitalik Rəhimov, Emin Əhmədov kimi insanlardır. Bunların hamısı ölkəni, dövləti təmsil edən idmançılarımızdır.

- Ailədə nəyə qarşısan?

- Ailədə deyəndə ki, ailəmdə nə olursa məndən soruşulur. Ailəliyəm və özüm qərarlarımı verirəm. Adi bir şey edəndə belə mənə deyilməlidi. Mənim icazəm olmadan heç bir  şey edilə bilməz.

- Hansı tanınmış idmançı ilə bir yerdə güləşmək istəmisən?

- Roman Vlasovla güləşmək istəyirəm. Dünya, Avropa çempionudur. Onunla eyni yarışda güləşmişik, amma üz-üzə gəlməmişik. İstəyərəm onunla güləşim.

- Səni millət vəkili kimi görə bilərikmi gələcəkdə?

- Niyə də olmasın. Belə bir fikrim var. Bir idmançı özünü idmandan savayı kənarda da göstərməlidi. Dediyim kimi mən İqtisadı bitirmişəm, gələcəkdə istərəm təbii ki, öz sahəm üzrə mütəxəssis olum.

Bu gün də öz üzərimdə işləyirəm, 4 dil bilirəm. Ermənicə, türkcə, ingilis dili, rus dili.

- Erməni dili mənə maraqlı gəldi. Hardan öyrənmisən?

- Biz Yerevanda olmuşuq. Ona görə azdan-çoxdan bilirəm. Düşmənin dilini bilməkdən yaxşı nə ola bilər ki. Məsələn, mən erməni ilə yarışda olanda bir yerdə güləşəndə artıq onun müəlliminin nə dediyini bilirəm, eşidirəm, başa düşürəm. Təbii ki, bu, sevindirici haldır.

- Şahmat oynamağı sevirsən deyəsən?

- Sevmirəm, amma oynaya bilirəm. Lakin futbola baxıram, “Barcelona”ya azarkeşlik edirəm. Bizim çox vaxtımız olmur, çünki hər gün məşqdi, istirahətə vaxt olanda isə ailəmlə, oğlumla çalışıram günümü keçirim.

- Üzündə narazı ifadə olur həmişə. Bu elədir, yoxsa sadəcə görünüşdü?

- Aha, ola bilər. Əksər hallarda nədənsə razı oluram. Çox kaprizliyəm, adi otağın səliqəsinə belə fikir verirəm. Hər şey yerində olmalıdı. Zarafat etməyi belə sevmirəm, bir az artıq zarafat etmək insanı hörmətdən salır. Yeməklərimə fikir verirəm, idmançı üçün yeməyə fikir vermək əsasdır.

- İdmançılar və sənətçilər dostluğa son vaxtlar üstünlük verirlər. Sən necə? Dinlədiyin sənətçilər kimlərdi?

- Mənim də dostlarım var. Dinlədiklərim isə Miri Yusif, Zülfiyyə Xanbabayeva, bir də Mənsum İbrahimovun ifasında muğamı sevirəm.

- İdmançının nailiyyəti deyəndə təkcə idmançını nəzərdə tutmaq olmaz. Çünki idmanla məşğul olanda adama mütləq dəstək olmalıdır. Sənə dəstək kimlərdi?

- Bir ölkə vətəndaşına qayğı, diqqət göstərməlidir. Bizim də cənab prezidentimizin bizə göstərdiyi qayğı, dəstək göz önündədir. Məni 2013-cü ildə evlə mükafatlandırdı. Mən də çalışıram ki, prezidentimizin ümidini doğruldum, daha yaxşı yarışlara çıxım, qalib olum, bayrağımızı ucaldım.

Biz Güləş Federasiyası olaraq irəlidə olan federasiyayıq. Adi zalımızdan tutmuş, qəbul etdiyimiz vitaminlərə kimi hamısı yüksək səviyyədədir. Nailiyyətlərimiz göz önündədir, idmançılarımızın nailiyyətlərini hər kəs görür.

Belə inkişafa görə ilk olaraq Fazil müəllimə, vitse-prezident Namiq müəllimə, baş katib Əjdər müəllimə təşəkkür edirəm. Bu insanların əməyi nəticəsində bu gün bizim kimi idmançılar yaxşı nəticələr göstərirlər.

Nərmin Kazımova
Foto: Ratmir Şərifov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri