28 
İyn
2017
12:50
76
173
21023
Virtual karabakh

Ayaz Mütəllibovdan – TARİXİ ETİRAF

Oxu.Az Azərbaycan Respublikasının sabiq prezidenti Ayaz Mütəllibovun “Ölkə.Az” xəbər portalına müsahibəsini təqdim edir:

– Ayaz bəy, bayramı harada qeyd edirsiniz? 

– Bayramı öz Vətənimdə qeyd edirəm. Çoxları bayramda xaricə gedir. Ancaq bizim xariclə işimiz yoxdur. Xaricdə uzun müddət olmuşuq. Kifayət qədər xaricdə yaşamışıq. Mən Azərbaycana qayıdandan sonra cəmi 2 dəfə xaricdə olmuşam. O da həkimlərin məsləhəti ilə müalicə olunmaq üçün həyat yoldaşımla bərabər Moskvada olmuşuq. Çünki 7 il öncə həyat yoldaşım Moskvada xəstəxanada müalicə olunub. Ona görə də bəzən ildə 2 dəfə yenə həmin xəstəxanaya gedib müayinə olunur. Başqa heç bir ölkəyə getməmişik. 

– Gələn il Azərbaycanda növbəti prezident seçkiləri keçirilməsi nəzərdə tutulub. Bir çox siyasətçilər iddia edir ki, 2018-ci il seçkiləri Rusiyanın güclü təzyiqi fonunda keçəcək. Hətta, yəhudi əsilli deputat Yevda Abramov Rusiyanın Azərbaycanda prezidentliyə gizli namizəd hazırlamasını da iddia edib. Bu cür iddialarla razısınızmı?  

– Gələn il prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı təzyiqlərini gücləndirəcəyi barədə konkret nə isə deyə bilmərəm. Çünki xeyli vaxtdır ki, siyasətdən uzaqlaşmışam. Mətbuatdan izlədiyim, eşitdiyim məlumatlar isə imkan vermir ki, bu suala dərindən cavab verim. 

Azərbaycanda Prezident seçkilərinə Rusiyanın müdaxilə edəcəyi məsələsinə gələndə isə deyə bilərəm ki, bu cür fikirlər vaxtaşırı səslənir. Ancaq mən belə fikirlərin doğru olmasına inanmıram. Bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkənin müdrik rəhbəri var. Xalqımız da müdrikdir, nəyin doğru, nəyin səhv olduğunu dərk edir. Ona görə də Azərbaycanda xarici dövlətlərin müdaxiləsi uğur qazana bilməz. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. 

– Bu yaxınlarda Milli Məclisin komitə sədri Arif Rəhimzadə Azərbaycanın dövlət kimi yaradılmasında rus dilinin böyük rolu olduğunu söyləyib. Bu cür fikirlərə münasibətiniz necədir? 

– Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Arif Rəhimzadənin səsləndirdiyi fikirlər onun şəxsi düşüncələridir. Burada söhbət yalnız SSRİ-dən, keçmiş Sovet İttifaqı tarixindən gedə bilər. Azərbaycanın dövlət kimi yaradılmasında Rusiyanın rolu ola bilməz. Çünki Rusiyanın özü belə müstəqil dövlət kimi 1990-cı ildə formalaşıb. Rusiya da Azərbaycan kimi SSRİ-nin üzvü olan dövlətlərdən biri olub. Azərbaycan dövlətinin yaradılması xalqın hesabına mümkün olub. 

Ancaq onu açıq etiraf etmək lazımdır ki, Azərbaycan üçün rus dilinin əhəmiyyəti böyükdür. Hələ ötən əsrin əvvəlindən bəri Azərbaycanla bağlı gedən inqilabi prosesləri yada salsaq, deyə bilərik ki, bütövlükdə Azərbaycan tarixən öz müstəqilliyini qazanmağa can atıb. O dövrdə rus dili olmasaydı, bizim xaricə çıxmaq imkanımız məhdud olardı. Bu indinin özündə də belədir. Çünki bir çox elmlərə rus dili vasitəsilə yiyələnmək mümkün olub. Rusiya bizim nəhəng qonşumuzdur. Bu gün bir çox böyük dövlətlər, ABŞ və Avropa ölkələri Rusiya ilə hesablaşmağa məcburdur. Rusiya həm də böyük ticarət məkanıdır. Ona görə də rus dilini bilmək vacibdir. İngilis, fransız və digər xarici dilləri də bilmək lazımdır. Ancaq rus dilini öyrənməmək üçün hər hansı bəhanə ortaya çıxarmaq doğru deyil. 

İndi bəzi adamlar rus dilini öyrənmək deyənə, ana dilinə qarşı çıxmaq kimi başa düşürlər. Bu əsla belə deyil. Məgər keçmiş Sovet İttifaqı dövründə ana dilində danışmağa qadağa var idi? Azərbaycanda hələ Sovet İttifaqı dövründə də Azərbaycan dili işlənirdi. Sadəcə olaraq SSRİ dövründə bir çox valideynlər öz övladlarını rus dilli məktəblərə göndərirdi. Bunun nəticəsində də rus dilli təbəqə formalaşdı. Ancaq həmin dövrdə Azərbaycan dilində də məktəblər var idi. Özü də rus dilli məktəblərdən də yaxşı təhsil verirdi. Sadəcə olaraq valideynlər özləri övladlarını hansı məktəbə göndərməkdə sərbəst idilər. Bu gün də Azərbaycanın öz gözəl dili var. Biz dünyaya daha çox Azərbaycan dili ilə çıxmalıyıq. Ancaq kimsə hansısa xarici ölkənin tarixini dərindən bilmək istəyirsə, həmin dili öyrənə bilər. 

S.B.
www.oxu.az

Digər Müsahibə xəbərləri