27 
Sen
2017
10:17
266
102
6863
Virtual karabakh

İsrailli müğənni: Özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edirəm – VİDEO + FOTO

27 Sen, 2017
10:17
6863

İsrailli müğənni: Özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edirəm – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az İsraildə yaşayan Azərbaycan əsilli müğənni Ella Daniel ilə müsahibəni təqdim edir:

- Bildiyim qədərilə siz əslən azərbaycanlısınız və əldə etdiyim məlumata görə, əslində, ad və soyadınız Fidan Bakıxanovadır. Uzun müddətdir İsraildə yaşayırsınız və “Rising Star İsrael - 2016” müsabiqəsinin finala yüksələn iştirakçılarından biri olmusunuz. Söylədiklərim haqda oxucularımıza daha ətraflı məlumat verməyinizi xahiş edirəm.

- Bəli, mənim əsl adım Fidan Bakıxanovadır. Azərbaycanca olan adımı sevirəm və onu indiki adıma əlavə etməyi planlaşdırıram, yəni Ella Fidan Daniel. Təxminən bir il bundan öncə “Rising star” (“Yeni ulduz”) şousuna qatıldım. Mənim üçün çox maraqlı oldu. Həm yeni insanlarla tanış oldum, həm də təcrübə qazandım. Bu, artıq keçmişdə qaldı və indi mən televiziya şoularında iştirakımla yox, bəstələdiyim musiqi ilə yadda qalmaq və tanınmaqla məşğulam.

Artıq 7 ildən çoxdur ki, müxtəlif -  həm böyük, həm də kiçik səhnələrdə ifa edirəm və bundan olduqca zövq alıram. “The Betty Bears” musiqi qrupunun solistiyəm. Bu yaxınlarda yeni albomumuz işıq üzü görüb. Elə bir neçə gün əvvəl Moskva konsertimizdən qayıtmışıq. Hiss edirəm ki, yeni layihəyə start verməyin zamanı gəlib. Nə olacağını dəqiq deyə bilmərəm, ancaq çox həyəcanlıyam.

 - Sonuncu dəfə Azərbaycanda nə zaman olmusunuz? Bakını necə xatırlayırsınız?

- 2 yaşımda İsrailə köçmüşük.

5 yaşım olanda, Bakıya qonaq gəlmişdik. Yadımdadır ki, dənizi və dondurmanı çox sevdim. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycana yenidən səfər edə biləcəyəm.

- Repertuarınızda Azərbaycan dilində mahnılar varmı?

- Azərbaycan mahnılarını ifa etməyi çox istərdim. Musiqi seçimimdə nə qədər önə getdiyimi görmək həm sevindirici, həm üzücüdür. Mən cazı çox sevirəm. Azərbaycan musiqisini də öyrənmək istəyirəm, çünki o, böyük bir aləmdir və mən bilirəm ki, onunla tanışlıqdan sonra həyatımı ona həsr etməli olacağam.

- İsraili “Eurovision” mahnı müsabiqəsində təmsil etmək istəmisiniz, Azərbaycanla bağlı belə bir fikir ürəyinizdən keçirmi?

- Mümkün olsa, istərdim. Ancaq heç bilmirəm, “Eurovision” mahnı müsabiqəsi mənim üçündür, ya yox...

- Azərbaycanda yaşayan qohumlarınızla əlaqələriniz var?

- Ata tərəfdən qohumlarımı heç vaxt görməmişəm. Onları və öz köklərimi tanımaq istərdim.  Kim bilir, bəlkə də, bu müsahibə vasitəsilə onları tapa biləcəyəm.

- Buradan azərbaycanlılara söyləmək istədiyiniz sözlər varmı?

- Soy-kökümü çox sevirəm, çünki biz fərqli insanlarıq. “Biz” deyirəm, çünki İsraildə böyüməyimə baxmayaraq, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edirəm, və ümid edirəm ki, həyat məni bir gün sizə yaxın edəcək.

Aytən Sadıqzadə, Natalya Sarıbəyova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri