16 
Okt
2017
10:00
10
61
9260
Virtual karabakh

Bəsti Sevdiyeva: Ona baxanda, ürəyim ağrıyır - VİDEO + FOTO

16 Okt, 2017
10:00
9260

Bəsti Sevdiyeva: Ona baxanda, ürəyim ağrıyır - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Əməkdar artist, xanəndə Bəsti Sevdiyeva ilə müsahibəni təqdim edir:

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Mən fasiləsiz çalışıram. Yaradıcılığıma ara verəndə, özümü pis hiss edirəm. Bineyi-qədimdən beləyəm. Bildiyiniz kimi, muğam dəstgahları çox oxumuşam. Yaşıdlarım arasında “Rast” muğamının ilk ifaçısı mən olmuşam. “Mirzəhüseyn”, “Humayun”, “Bayatı-Qacar” tam dəstgah muğamlarını ifa etmişəm. Bunlar zəhmət tələb edir. Sonuncu dəfə bəstəkar mahnıları yazdırmışam. Emin Sabitoğlunun “Bağışla” (Zeynəb Xanlarovanın repertuarından) mahnısını çox sevirəm, həmişə onu oxumağı arzu edirdim. Bu bəstəni klarnet ifaçısı Hacı Həmidoğlunun rəhbərliyi ilə ansamblla birgə səsləndirdim. E.Sabitoğlunun bəstələdiyi “Toy” adlı mahnını oxumuşam. Məmmədbağır Bağırzadənin “Bayram günü” bəstəsini də ifa etmişəm.

- Yaxın vaxtlarda konsert verməyi planlaşdırırsınız?

- Hesabat konserti vermək istəyirəm. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində təşkil etməyi planlaşdırırıq. Doğum günüm ərəfəsində olmasını nəzərdə tutmuşuq.

- Hesabat konsertində tamaşaçılar Bəsti Sevdiyevadan eşitmədikləri, tam fərqli ifa dinləyə biləcəklər, sürprizlər olacaq?

- Bəli, ola bilər. Fərqliliyi sevirəm, bu, mənim canımdadır. Məsələn, Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verəndə, orkestr ilə bəstəkar, xalq mahnıları oxudum. Sonra tək royalda ariya, romanslar ifa etdim. Konsertin ikinci hissəsində isə “Rast” muğamını tam dəstgah şəklində səsləndirdim.

- Artıq 16 ildir ki, pedaqoq kimi fəaliyyət göstərirsiniz. Bəs tələbəlik illərinizi necə xatırlayırsınız?

- Mənim müəllimlərim - İslam Rzayev, Lütfiyar İmanov tələbələrə qayğı ilə yanaşırdılar. Məşqlərimiz axşam saat 6-da olurdu. Lökbatanda yaşayırdım, yolum uzaq idi deyə, həmişə məni birinci oxudub, yola salırdılar. Üstəlik, pıçıldayaraq soruşurdular ki, qızım, yolpulun var? Müəllimlərimdən bunu eşidəndə, utanırdım, hətta avtobusa minəndə, məni ağlamaq tuturdu ki, mənə niyə belə deyirlər? Çünki atam-anam məni yaxşı saxlayırdı, heç nəyə ehtiyacım olmurdu. Anam məni başa salırdı ki, sən müəllimlərə çox sağ ol deməlisən, sənə ata qayğısı göstərirlər.

Çox şükür ki, indi tələbələr o dövrdəki kimi çətinlik görmürlər. Abad, firavan yaşayırıq. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva muğama çox dəstək olur. Muğam ifaçılarının əksəriyyəti mükafatlandırılır, Prezident təqaüdü alır.

- Hazırkı tələbələriniz arasında gələcəkdə ümidlərinizi doğrulda biləcək ifaçıların olduğuna ümid edirsinizmi?

- Məsələn, Suma ola bilər. Məlahətli səsi var. Tanınmış tələbələrimdən Mirəli, əslən qarabağlıdır, efirlərə də dəvət alır, çox gözəl səsi var. Elvin, Ayşən və digərlərinin  adını çəkə bilərəm. Muğam müsabiqəsində iştirak edənlər də var: Qəmbər, Çinarə.

Kərimli Amin (III kurs), Əhmədova Zəminə (IV kurs), Tapdıqova Suma ( IV kurs), İdrisli Əli (I kurs) və konsertmeyster Vüsal Qasımov.

- Tələbələrinizlə bağlı maraqlı, yaddaqalan əhvalatlardan birini oxucularımızla bölüşə bilərsinizmi?

- Bir dəfə birinci kursda təhsil alan tələbələrimlə tanışlıq dərsində oğlan tələbəm öz adını unutmuşdu. Xatırlaya bilmədi deyə, şəxsiyyət vəsiqəsini götürüb, oradan ad və soyadını öyrəndik. Bu, mənə qəribə gəldi. Düşündüm ki, bəlkə, hansısa xəstəlikdən əziyyət çəkir. Sual verdim ki, oğlum, insan öz adını necə unuda bilər? Mənə cavabında “Sizi hər zaman efirdən izləmişəm, indi üzbəüz əyləşib, sizinlə söhbət etdiyimə inana bilmirəm. Bu, mənə möcüzə kimi gəlir” dedi və çox həyəcanlı olduğunu söylədi.

- Universitetdə dərsiniz, çəkilişlər, müsahibələr, ev işləri, ailə və s. Bunların hamısını necə çatdırır, nədən güc alırsınız?

- Ən böyük dəstəyi həyat yoldaşımdan görürəm. Artıq bu cür həyat tərzinə alışmışam. Qayınatam ədəbiyyatşünas, professor Nazim Axundovdan çox şeylər öyrənmişəm. Atam da muğamın vurğunu olub. Muğamsevər ailədə böyüdüm və o cür ailəyə gəlin gəldim. Bu da mənə dəstək oldu. Ona görə hər işimi çatdıra bilirdim. Düzdür, övladlarım körpə olanda, əziyyət çəkirdim, baxmayaraq ki, anamla qayınanam kömək edirdilər. Məsələn, birdən hansısa çəkiliş 2 saat davam edəndə, evə qayıdırdım ki, uşaqların qızdırması var və s.

Problemsiz həyat yoxdur, amma dəstək mütləq olmalıdır. Həyat yoldaşım yanımda olmasaydı, mən işlərimi planlı şəkildə həyata keçirə bilməzdim. Oqtay müəllim (həyat yoldaşı) mənim əmim, dayım, dostum, hər şeyimdir.

- Oqtay bəydən söz düşmüşkən, müşahidə etmişəm, verilişlərdə onunla bağlı açıqlama verəndə, kövrəlir, göz yaşlarınızı saxlaya bilmirsiniz...

- (Sənətkar bu dəfə də kövrəlir, onu bir qədər sakitləşdirdikdən sonra söhbətimizə davam edirik).

Ailəyə bağlı adamdır. Ata evə gələndə, uşaq sevincək qabağına qaçan kimi, mən də o, evə gələndə, bu cür oluram. Yaşlandıqca, bu, daha da çoxalır. Evimizin, hamımızın böyüyüdür. Allah ona can sağlığı versin.

Ailəsinə və başqalarına qarşı çox qayğıkeşdir. Birdən elə olur ki, tanımadığı adama da problemlərinin həllində kömək etmək istəyir. Soruşuram ki, onu tanıyırsan? Deyir, yox. Deyirəm, bəs niyə belə edirsən? Cavab verir ki, insandır, ehtiyacı var.

Ümumiyyətlə, ailəyə, insanlara qarşı çox diqqətcildir. İlk nəvəmiz doğulub, artıq 4 aylıqdır, inanın ki, hər gün onu görməsə, çox narahat olur.

- Nənə olmaq çox fərqli hissdir, yəqin ki...

- Bu, başqa aləmdir. Elə bil onunla mən də uşaqlaşıram. Hər gün o, yuxudan ayılan kimi, telefonla görüntülü əlaqə yaradır, uşaq axşam yuxuya getməzdən əvvəl yenidən danışırıq. Hətta o biri nənəsi "bu uşaq mənim yaşamaq səbəbimdir", - deyir. Xoş hisslərdir. Məni sevməyənlərə belə, bu hissləri yaşamağı arzu edirəm. Hər kəsin evindən körpə səsinin eşidilməsini diləyirəm.

- Bilirəm ki, verilişlərə dəvət alanda, seçim edirsiniz, hər proqramda iştirak etmirsiniz. Bəs Bəsti Sevdiyevanın bəyəndiyi, maraqla izlədiyi proqramlar hansıdır? Elə götürək, hazırda gündəmdə olan və Əməkdar artist Murad Dadaşovun təqdimatında “ATV”-də yayımlanan “Maşın” şounu. Demək olar ki, hər gün saytlarda bu verilişlə bağlı ən azı 4-5 müxtəlif yazı təqdim olunur...

- Murad Dadaşov yüksək intellektual səviyyəyə malik şoumendir. Televiziyada bu cür savadlı, istedadlı, mədəni aparıcıların olması təqdirəlayiqdir. Şouda avtomobilə ehtiyacı olan və olmayan iştirakçılar var. Kim qazanarsa, halal xoşu olsun. Verilişin sonuncu buraxılışlarında iştirakçılar əziyyətlə, halsız dayanırlar. Ona baxanda, ürəyim ağrıyır.

Aytən Sadıqzadə
Foto və video: Ehtiram Jabi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri