Noy
2017
11:13
57
115
15601
Virtual karabakh

ABŞ-a köçən azərbaycanlı ifaçı: Avtomobil qəzasında öldüyümü yazıblar - VİDEO + FOTO

7 Noy, 2017
11:13
15601

ABŞ-a köçən azərbaycanlı ifaçı: Avtomobil qəzasında öldüyümü yazıblar - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində “Sev” adlı mahnı ilə populyarlıq qazanmış müğənni Şeyla uzun illərdir sənətdən uzaqlaşaraq Amerika Birləşmiş Ştatlarına köçüb. Məşhurlaşdığı və izləyici kütləsi tərəfindən sevildiyi ərəfədə birdən-birə efirdən uzaq düşməsi onun barəsində müxtəlif şayiələrin yayılmasına səbəb oldu. Gah ağır xəstəliyə tutulması, gah qəza nəticəsində əlil olması, gah da öldüyü barədə xəbərlər yayıldı.

Oxu.Az hazırda ABŞ-da yaşayan Şeyla ilə müsahibəni təqdim edir:

- “Facebook”dakı paylaşımlarınız uzun illərdən sonra yenidən sənətə geri dönməyə əsas verir?

- Hazırda estradaya qayıtmaq fikrim yoxdur. Bir neçə mahnı oxuya biləcəyimi istisna etmirəm, lakin buna sənətə qayıtmaq deməzdim.

Mən hazırda “UC Berkeley Extension”da təhsil alıram. Burada digər fənlərdən başqa “Sosial şəbəkələrdə marketinq strategiyası”nı da öyrənirəm. Dərs tapşırıqlarından biri də sosial şəbəkələrdə ya öz biznesim, ya da işlədiyim sahənin səhifəsini yaradaraq inkişaf etdirməkdir.

Oğullarımın tərbiyəsi ilə məşğul olduğum üçün iki ay əvvəl işdən çıxmışam. Birincisi, bu, mənə ikinci dərəcəli işlərimlə məşğul olmağa imkan yaradıb. İkincisi, layihəm üçün hazır materialdan istifadə etmək imkanından məhrum edib.

Eyni zamanda, internetdə kimsə mənim mahnılarımı paylaşanda yazılan şərhlərdə mənə nə olduğu, hara itdiyim barədə ajiotaj yarandığını görürdüm. Hətta bir neçə dəfə sağalmaz xəstəliklərdən əziyyət çəkdiyimi və avtomobil qəzasında öldüyümü də yazıblar. Sağ-salamat olduğumu bildirmək və layihəni bitirmək üçün bütün mahnılarımı internetə yerləşdirmək qərarına gəldim.

- Cəmi bir mahnı - “Sev” ilə populyarlıq qazandınız və hələ də insanların yaddaşındasınız. Bunu necə bacardınız?

- Mahnı ekspomt alınıb. Günel Əlizadə (mahnının bəstakarı) ilə Rafiq Babayevin studiyasına, Siyavuş Kəriminin yanına gəldik. O, studiyada kiminləsə danışarkən fasilədə gəlib zərb səslərini yığdı, sonra Güneli fortepiano qarşısına əyləşdirdi, mən isə səsyazma üçün otağa keçdim. Mahnını elə asanlıqla yazdıq ki, heç onun “minusu” da bizdə qalmayıb. Bundan sonra mən sinql barədə düşündüm və bu məqsəd üçün “Sev”i seçdim. O zaman fəaliyyət göstərən “ABA” kanalına klip üçün müraciət etdim və burada Aqil M.Quliyevlə tanış oldum. Klipin montajı uzansa da, hər şey hazır olduğu zaman “ABA” məhsulunu tanıtmaqda maraqlı idi və klipə “praym taym” təqdim etdi. Gözlənilməz olsa da, mahnım, demək olar ki, bir gecə içində populyar oldu.

- Düşünürəm ki, tez populyarlaşmağınızda adınız da böyük rol oynadı. Şeyla adı məhz səhnə üçün düşünülmüşdü?

-Xeyr, bu, mənim əsl adımdır, hərçənd insanlar elə bilirlər ki, Şeyla mənim təxəllüsümdür.

- Ailə qurduqdan sonra ABŞ-a köçdünüz?

- Xeyr, ailə həyatını bir qədər sonra qurmuşam. ABŞ-a ailəm ilə birləşmək üçün köçdüm. Çoxları bunu necə etdiyimi soruşurdular. Ailəm Qrin-kart lotereyasında qalib gələrək emiqrasiya edib. Mən isə onlara 7 il sonra qoşulmuşam. “Sənsiz” albomu onlar getdikdən sonra çıxdığı üçün yaradıcılığım barədə ancaq uzaqdan xəbərdar olublar.

- ABŞ-da nə ilə məşğul olursunuz?

- Bura 2009-cu ildə köçmüşəm və dərhal Bakıda işlədiyim keçmiş avropalı tərəfdaşlarımdan bir neçə iş təklifi aldım. Seçimim ofisi ailəmin yaşadığı Los-Anceles şəhərində yerləşən, dekorativ plitələr istehsal edən ispan şirkəti oldu. İkinci analıq məzuniyyətinə çıxmazdan əvvəl 5 il onlarla işlədim. Bundan sonra sevdiyim sahədə bəxtimi sınamaq istədim və tezliklə “TripAdvisor”ın bir hissəsi olan “Viator”da işləməyə başladım. Həyat yoldaşımla  San-Fransiskoya köçməyimiz karyerama çox kömək etdi, çünki Silikon vadisi texnoloji şirkətlərin cəmləşdiyi ən yaxşı yerdir, müasir turizmi isə texnologiyalarsız təsəvvür etmək çətindir.

Düzdür, Los-Ancelesdən köçməyin mənfi cəhətləri də var idi, çünki valideynlərim orada idi. Burada iki uşaq və tam iş qrafiki ilə yaşamaq və işləmək bizə çətin oldu. Buna görə də hazırda bir müddətlik olsa da, Los-Ancelesə qayıtmaq barədə düşünürük.

Azyaşlı uşaqlara sahib bir çox analar kimi, mən də fərdiyyət böhranı yaşayıram. Bütün yaşamım daimi diqqət tələb edən oğlanlarımın ətrafında fırlanır. Lakin mən əminəm ki, bu, müvəqqəti prosesdir. Kənara qoyduğum bütün planlar və ideyalar münasib vaxt gələndə yenidən aktual olacaq.

- Bu illər ərzində Azərbaycanın şou-biznes nümayəndələri, tanınmış simalarından kimsə sizinlə əlaqə yaradıb?

- Xeyr, keçmiş səhnə yoldaşlarımla əlaqə saxlamıram, lakin bəziləri ilə dostluq əlaqələrim qalıb.

- Azərbaycanı ABŞ-dan izləmək sizdə necə təəssürat yaradır?

- Demək olar ki, köçdüyüm 8 il ərzində Azərbaycan az dəyişib. Hər dəfə ora gələrkən, artıq bir gün sonra elə təəssürat yaranır ki, sanki heç yerə getməmişəm. Ancaq vacib xəbərləri izləyirəm. Estradaya qulaq asmıram, televiziyaya baxmıram. Hər halda vətənimin uğurları məni çox sevindirir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri