Noy
2017
11:53
170
10
2600
Virtual karabakh

Rauf Məmmədov: Bu, həm də Vüqar Həşimovun qələbəsidir - MÜSAHİBƏ

8 Noy, 2017
11:53
2600

Rauf Məmmədov: Bu, həm də Vüqar Həşimovun qələbəsidir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədovun Apasport.az saytına müsahibəsini təqdim edir:

- 3-cü dəfə qızıl medal qazandığınız Avropa çempionatına yollananda FİDE reytinqində əmsalınız 2686 xal idisə, qayıdanda bu 2708,8-ə çatıb...

- Özümü əla hiss edirəm. Çünki yarışın keçirildiyi Yunanıstana yollananadək reytinqimə Antalyada 8 xal əlavə edərək, 2686-ya çatdırmışdım. Avropa çempionatında da daha 23 xal artırdım.

- Yarışda 9 turdan 7-də qalib gəldiniz, 2-də heç-heçə etdiniz. Topladığınız 8 xalla hamını qabaqlayaraq, IV lövhədə də ən yaxşı kimi qızıl medala yiyələndiniz. Bu 9 turda ən gərgin matç kimi hansını fərqləndirərdiniz?

- Əlbəttə, Ermənistanla oyunu. Çünki həmin görüşü qalib gələ bilməsəydik, çempionluq çətin olacaqdı. Mənəvi cəhətdən də çox pis təsir edəcəkdi. Mən qələbəni rahat qazandım. Lövhədə alınan mövqe Bakıya qayıdarkən, bizi qarşılama mərasimində də tortun üzərində həkk olunmuşdu.

- Onda həmin 2,5:1,5 hesablı qələbə ilə yığmamızın çempionluq yolunun başladığını demək olarmı?

- Bəli. Demək olar ki, mən də Ermənistana qalib gəldikdən sonra qızıl medala çox böyük şansımızın olduğunu fikirləşdim.

- Bu çempionatdan sonra Rauf Məmmədovun karyerasında yeni dönəmin başladığını demək mümkündürmü?

- Ola bilər.

- Kişi şahmatçılardan ibarət yığmamızın ilk medalı 2007-ci ildə Yunanıstanda əldə edilib. Həmin vaxt qazanılan “bürünc”dən 4 il sonra ilk gümüş mükafatı da Ellada torpağında qazandıq. Bu dəfə isə Krit adasında medalın əyarını qızıla dəyişdik. Avropa çempionatının keçirildiyi Yunanıstanı Azərbaycan millisi üçün uğurlu məkan hesab etmək olar?

- Yunanıstanda çox yarışlar keçirilir. Bəlkə də, ona görə bu ölkə bizim üçün uğurlu hesab edilir. Yunanıstanla yanaşı, Rusiya, Türkiyə, Serbiya və Polşada da rahat oynayırıq. Son 2 ölkədə Avropa çempionu olmuşuq.

- Bəs həmin 2 çempionluqla sonuncu qələbəni necə müqayisə edərdiniz?

- Əlbəttə, birinci çempionluq mənim üçün daha vacibdir. 2009-cu ildə Vüqar Həşimov axırıncı oyunda qalib gəldikdə... İndi isə həmin emosiyalar yoxdur. Amma çempion olmaq yenə də xoşbəxtlikdir.

- Vüqar Həşimovla qazandığınız qızıl medalı xüsusi vurğuladınız. Bilirik ki, Rusiya yığmasının Ukrayna əsilli qrossmeysteri Sergey Karyakin Azərbaycana hər səfərində mərhum şahmatçımızın məzarını ziyarət edir. 3-cü dəfə Avropa çempionu olan komandanın belə bir planı varmı?

- Biz Vüqar Həşimovun adını daşıyan akademiyada, yarışda iştirak edirik. O, hər an bizim ürəyimizdədir və bu, həm də Vüqar Həşimovun qələbəsidir.

- Siz sosial şəbəkədə “Biz təslim olmuruq, qayıdacağıq” paylaşımı etmişdiniz. Bu nədən irəli gəlirdi?

- Bu, III turdan sonra baş verdi. Biz İspaniya ilə heç-heçə etdik. Mən hətta azarkeşlik etdiyim “Mançester Yunayted”in 2007/2008 mövsümündəki çıxışının rolikini komanda yoldaşlarıma göstərdim. Mənə elə gəldi ki, qalan 6 oyunumuzun hamısında qələbə qazana bilərik. Biz də 5 dəfə qalib gəlib, son turda heç-heçə etdik. Sübut etdik ki, Azərbaycan Avropada ən güclüdür.

- Komanda yoldaşlarınız sizin yığmaya güc qatdığınızı bildirirlər. Niyə sizi deyirlər?

- Bilmirəm. Mənim fikrimcə, bu, komandamızın kapitanı Eltac Səfərli idi. O, əsas ilhamverici qüvvəmiz olmaqla yanaşı, gecə-gündüz işlədi, bizə azarkeşlik etdi. Mənim üçün əsas odur. O, Avropa çempionu olan ən gənc kapitan kimi tarixə düşdü. Azərbaycanı bu qələbə və Bayraq Günü münasibətilə təbrik edirəm.

- Yəni növbəti yarışlarda da Səfərli kapitan kimi qalsın?

- (gülür). Məncə, Eltac çox yaxşı şahmatçıdır. Növbəti turnirlərdə kapitanlıq vəzifəsini davam etdirib-etdirməyəcəyi hələ bilinmir.

- Bilirik ki, siz, eyni zamanda, futbol azarkeşisiniz. Çempionlar Liqasının IV turu çərçivəsində “Qarabağ”ın Madriddə “Atletiko” ilə matçı Avropa çempionatı zamanı oynanıldı. Orada şahmatçılar komandamız haqqında hansı fikirdə idilər? Ermənistan millisinin üzvləri də Ağdam klubu barədə nəsə danışırdımı?

- Bu barədə ruslar, ukraynalılar və belaruslar çoxu fikir mübadiləsi aparırdı. Amma ermənilərin “Qarabağ”la bağlı danışdığını eşitmədim. Komandamız ilk hissədə qol vurduqda belə sevincimizdən buna inanmırdıq. Görüşə Belarus millisi ilə birgə baxırdıq. Təəssüf ki, görüş 1:1 hesabı ilə bitdi. Fikirləşirdim ki, “Atletiko” indi yaxşı formada deyil və “Qarabağ” bir oyunda qalib gələ bilər. Amma heç nə olmaz. Madridlilərdən 2 xal almağın özü də böyük nəticədir.

- “Qarabağ”ı qarşıda “Çelsi” ilə oyun gözləyir. Noyabrın 22-də keçiriləcək bu matçdan gözləntiləriniz nədir?

- Çətin oyun olacaq. Amma ümid edirəm ki, bizim üçün uğurlu alınar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri