22 
Yan
2018
13:10
28
198
5151
Virtual karabakh

Ekspert: Əgər Türkiyə ləngisə, ABŞ “kürd kartını” işə salacaq

22 Yan, 2018
13:10
5151

Ekspert: Əgər Türkiyə ləngisə, ABŞ “kürd kartını” işə salacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şənbə günü Türkiyə Suriyada kürd birləşmələrin nəzarətində olan ərazidə “Zeytun budağı” adlı əməliyyata başladı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl də dəfələrlə Türkiyənin Afrin və Mənbici terrorçulardan azad edəcəyini bildirsə də, həmin ərazilərə qoşun yeritməklə bağlı konkret qərara gələ bilmirdi. Ancaq hadisələrin inkişafı onu göstərdi ki, Vaşinqton Suriya ilə sərhəddə türk faktorunun mövcudluğuna etinasızlıq göstərməyə və kürdləri aktiv şəkildə dəstəkləməyə başladı; belə mövqe Türkiyəni heç cür qane etmirdi. İndi isə qoşunların Afrinə daxil olmasından sonra ABŞ Ankaranın başqalarının onun milli maraqlarına saymazyana yanaşmasına imkan verməyəcəyini anladı. Afrində baş verənlər və hadisələrin bundan sonra hansı şəkildə inkişaf edəcəyi ilə bağlı Yaxın Şərq üzrə ekspert İqor Pankratenko Oxu.Az-a danışıb.

– Türkiyə Afrindəki kürd kantonunu tutmaqda israrlıdır və Rusiya ilə aktiv şəkildə danışıqlar aparır. Necə düşünürsüz, Rusiya və Türkiyə Afrinlə bağlı ortaq razılığa gələ biləcəkmi? Bu əməliyyatdan sonra Ankara ilə Moskva arasında “soyuq yellərin əsməsi” nə dərəcədə gözləniləndir?

– Gəlin ondan başlayaq ki, Ankara şənbə günü rəsmi qaydada “Zeytun yarpağı” əməliyyatının başladığını elan etdi və Türkiyə ordusu həmin gün  saat 16:00-dan etibarən onun icrasına başladı.

Dərhal bir məsələni dəqiqləşdirmək istəyirəm ki, əməliyyatın başlıca hədəfi Türkiyə ordusunun Afrin kantonunu tutması deyil, orada fəaliyyətdə olan PKK/KCK/PYD-YPG birləşmələrini darmadağın etmək, onlara aid infrastrukturu məhv etməkdir. Əməliyyat uğurla başa çatdıqdan sonra Afrinə nəzarət, əlbəttə ki, Ankarayönümlü yerli qüvvələrə təhvil veriləcək.

Bunu “türk işğal zonası üzərində nəzarətin bərqərar edilməsi” və ya başqa cür də adlandıra bilərik, ancaq bu adlar onun məğzini dəyişmir: Ankaranın əlinə – o cümlədən Moskva və Tehranla razılaşmalar çərçivəsində – Suriya Kürdüstanından qaynaqlanan böyük təhdidi zərərsizləşdirmək fürsəti düşüb. Türkiyə bu imkandan 100 faiz yararlanmaq niyyətindədir.

Bu məsələdə Rusiyanın mövqeyinə gəlincə, düşünürəm ki, Ankara və Moskva artıq bu məsələni öz aralarında razılaşdırıb və bu, ötən həftə Türkiyə SQ Baş Ordu Qərargah rəisi Hülusi Akar və Milli Kəşfiyyat Təşkilatının direktoru Hakan Fidanın Sergey Şoyqu və Rusiya Baş Ordu Qərargah rəisi Valeri Gerasimovla keçirdiyi görüşdə baş tutub.

Məlum məsələdir ki, Türkiyə qoşunlarının Afrində keçirdiyi əməliyyat Moskvanın ürəyincə deyil, ancaq Rusiya tərəfinin buna əngəl olmaq üçün ciddi imkanları yoxdur. Bundan savayı, Ankara Kremlin Türkiyənin mövqeyi ilə can-başla razılaşması üçün əsaslı arqumentlər tapıb.

– Məlum olduğu kimi, Türkiyə və İran son zamanlar ikitərəfli münasibətlərin yaxşılaşmasına nail olub. Bəzi ekspertlər Afrində hətta İran qüvvələrinin olduğunu iddia edir. Afrin İrana lazımdırmı? Bu məsələdə Tehranın hansı mövqe ortaya qoyacağını gözləmək olar?

– Burada bir şeyi anlamaq lazımdır ki, Türkiyə və İranın “kürd məsələsinin” bəzi aspektlərinə yanaşması tamamilə oxşardır. Bunun üçün İraq Kürdüstanının müstəqillik referendumuna qarşı İran və Türkiyənin birgə səylərini – yeri gəlmişkən, kifayət qədər uğurlu olmuş səylərini – xatırlamaq kifayət edər;  İran və Türkiyə Kürd muxtar bölgəsinin müstəqil olmasına əngəl olmaqla, bağlı öz məqsədlərinə çatdı.

Bundan başqa, Tehran Ankaranın Suriya Kürdüstanının əhəmiyyətini və ondan qaynaqlanan təhdid və problemləri necə qiymətləndirdiyini çox yaxşı başa düşür. Digər tərəfdən, artıq Türkiyə ilə İran arasında Suriyada təsir sferalarının bölgüsü ilə bağlı razılaşma əldə olunub ki, Afrin də həmin bölgüyə görə məhz “türk zonasına” düşür. İranın Türkiyənin “Zeytun budağı” əməliyyatına münasibətinin kifayət qədər yaxşı olacağını əminliklə deməyə imkan verən bir sıra faktorlar var.

 Bu qərar Türkiyə və ABŞ münasibətlərini nə dərəcədə korlaya bilər?

– Bilirsiniz, bu, nə qədər paradoksal səslənsə də, hər şey əməliyyatın nə dərəcədə uğurlu və məqsədyönlü aparılacağından asılı olacaq. Əməliyyat kifayət qədər tez başa çatsa, Vaşinqton, təbii ki, yeni reallıqları nəzərə almaqla, Ankara ilə dialoqa gedəcək.

Türk tərəfi “Fərat qalxanı” əməliyyatında şahidi olduğumuz kimi, ləngisə, ABŞ yenidən Suriyada “kürd kartını” işə salacaq. Üçüncü variant yoxdur.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri