May
2014
16:20
69
15
6597
Virtual karabakh

Taleh Orucov: Kapoeyra xırda tikanlı koldur – MÜSAHİBƏ + FOTO

6 May, 2014
16:20
6597

Taleh Orucov: Kapoeyra xırda tikanlı koldur – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İdman növləri arasında ən təhlükəlisidir”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı Azərbaycan Kapoeyra Federasiyasının prezidenti, Ümumdünya Kapoeyra Federasiyasının birinci vitse-prezidenti Taleh Orucovdur.

- Taleh Orucov, gəlin əvvəldən – harda yaşayıb, harda böyüməyinizdən başlayaq.

- 1981-ci il 13 yanvarda Lənkəranda anadan olmuşam. Qala xiyabanı adlanan yerdə böyümüşəm. Orda 4 nömrəli məktəbdə oxumuşam, amma həm məktəbdə, həm də universitetdə rus təhsili almışam. Uşaqlığım orda keçib. 1998-ci ildə məktəbi bitirdim. 1999-cu ildə universitetə sənədlərimi vermək üçün Bakıya gəldim. Moskva Dövlət Universitetinin Bakı filialına daxil oldum və təhsil aldım.

- Həmişə məktəb, universitet həyatı başqa olur. Bu, kimi üçün çətin, kimi üçün yaxşı, kimi üçün əyləncəli, maraqlı olur. Bəs sizdə necə olub?

- Mənim üçün məktəb illəri də, universitet illəri də maraqlı keçib. Həmişə universitetdə lider kimi çıxış edirdim, təşkilatçı işlərində rəhbər olurdum, tədbirlər təşkil edirdim. Yəni həmişə fəal olmuşam və  fərqlənmişəm.

- İlk maraqlandığınız idman hansı olub? Nə əcəb kapoeyra? Çünki hələ o zaman bu idman növü o qədər də məşhur deyildi və bizdə demək olar ki, bu haqda az adamın məlumatı vardı.

- İlk dəfə 5 yaşımda karateyə getmişəm. Atam özü idmanla məşğul olub, professional idmançı olub. Uşaq vaxtı çox dəcəl, nadinc olmuşam.  Evdə olan taxtanın, dəmirin – hamısının dadını bilirdim (gülür). Həmişə mənə deyərdilər ki, sən niyə belə bərk, dəmir kimisən? Cavabım belə olurdu ki, siz də o alətlərin dadını bilsəydiniz, belə bərkimiş olardınız (gülür).

Daha sonra 5-6 il boksla məşğul olmuşam. Bir müddət sonra, yəni 1997-ci il idi və mən bir filmə baxdım. Bu film “Yalnız güclülər” filmi idi və  kapoeyradan bəhs edirdi. Filmi izləyə-izləyə geri çevirib bir də baxırdım. Həmin səhnələr marağıma səbəb oldu və həmin hərəkətləri zamanla öyrənməyə başladım. Beləliklə, bu, kapoeyraya ilk addımlarım oldu.

- Deməli, 1997-ci ildə öyrənməyə başladınız. Həmin vaxt planlarınız nə idi?

- Artıq öyrənirdim, onlara aid məlumatlar toplayırdım, araşdırma aparırdım. O vaxtı kasetlər vardı, onlara aid kasetlər alıb baxırdım və bütün incəliklərini öyrənirdim. Sonra maraqlandım görək bu idmanla məşğul olanlar varmı bizdə.

Beləliklə, tanınmayan idman növünü Azərbaycanda tanıtmaq fikrinə düşdüm. 2001-ci il Bakıda ilk kapoeyraya aid yer açdıq və yavaş-yavaş fəaliyyət göstərməyə başladıq. Burda bizim işimiz bu idman növünü tanıtmaq, sevdirmək və inkişaf  etdirmək idi.

Sonra 2007-ci ildə Azərbaycan Kapoeyra Federasiyası rəsmi olaraq fəaliyyətə başladı. 2008-ci ildən indiyənə kimi yarışlarda iştirak edirik. İlk səfərimiz ABŞ-da oldu. Deməli, mən və Elmar Bayramov ora kurs keçməyə getmişdik.

İlk səfərimiz olduğuna baxmayaraq, orda 3-cü yerə çıxdıq, medalla qayıtdıq. 2009-cu ildə Azərbaycanda 2-ci Beynəlxalq Ümumdünya Forumu keçirildi. Birincisi Braziliyada keçirilmişdi,10-dan çox ölkə qatılmışdı.

- İstədiyiniz kimi qəbul olundumu bu idman növü?

- Gözlədiyimdən də artıq oldu. Bu idmana maraq artdı, tanındı, sevildi və hamının marağına səbəb oldu. Gənclər bu idman haqqında yaxından tanış olub öyrənmək istəyirdilər. İndi də çox insanlar gəlir öyrənir və  məşğul olurlar.

- Kapoeyra nədir? Bu idman növünün xeyri və ziyanı nədir? Bilməyənlər bilsinlər, məlumatları olsun.

- Kapoeyra xırda tikanlı koldur. 5 əsrlik tarixi var. Yaxşı tərəfləri çoxdur, amma deməzdim ziyanlı, pis tərəfi var.

- Axı deyirlər bu idman növü təhlükəli idman sayılır?! Düzdü?

- Bəli. İdman növləri arasında ən təhlükəlisidir. Kapoeyra 2 növdən ibarətdi.

Tam kontakt və sport stili olan. Deməli, tam kontakt dediyimiz növü təhlükəlidir, bu növü Braziliyada qadağan ediblər. Çünki kəsici alətlərdən istifadə edirdilər, ona görə biz də buna icazə vermirik. Ayaq barmaqları arasında kəsici alətlərdən, qılınclardan istifadə olunur. Bu isə insan həyatı üçün təhlükəlidir.

- 1997-ci ildən başlayan kapoeyra sevdasının indiki inkişafı nə yerdədi? 

- 1997-ci ildən başladığım kapoeyra idman növünü burda tanıtmağım, sevdirməyim mənim üçün sevindirici haldır. Deməli, 2001-ci ildə fəaliyyətə başladıq. 2005-ci ildə dərəcələr aldım. 2006-cı ildə kontakt kapoeyra idman klubu rəsmi olaraq Ədliyyə və Gənclər və İdman Nazirliyində qeydiyyata alındı. Sonra təbii ki, turnirlərdə, yarışlarda iştirak etdik və hər yarışdan bizim mütləq medalımız olurdu. Ənənəvi olaraq biz hər yarışda iştirak edirik və qalib gəlirik, bu, inkişafımızdan xəbər verir.

- Kapoeyra idmanı ilə məşğul olarkən nədən istifadə etmək olmaz? Hansı qidalar, yeməklər, içki və yaxud hansı hərəkət olmaz?

- Bu idman pəhrizi sevir. Daim normal, vaxtında yemək lazımdır. Spirtli içkilər olmaz təbii ki. Siqaret olmaz. Qidalanmaya mütləq fikir vermək lazımdı. Məşqdən yarım saat əvvəl və məşqdən sonra dərhal yemək olmaz.

Sonra 18.00-dan sonra, yəni axşamüstü artıq yeyilən yeməklərə fikir vermək lazımdı. Vitamini çox olan qidalar qəbul etmək lazımdı. Banan, alma, kəsmik, yağsız yeməklər yemək lazımdı. Təbii ki, bunlar professional kapoeyrayla məşğul olanlar üçündür.

- Məşqləriniz necə, başqa idman növlərindən fərqlidir?

- Bu idman növündə bütün əzələlər oynayır, daim hərəkətdə olur. Ona görə də məşqə başlayanda hardasa 15-20 dəqiqə hazırlıq mərhələsi olur. Demək olar ki, kapoeyrada sümüklər hərəkət edir.

- Özünün musiqiləri də var?

- Bəli, ancaq bu idman növünün özünün musiqiləri var və məşq edə-edə ifa edirlər. Həm də öz musiqi alətləri var. Həm canlı ifa edirlər, həm də məşq edirlər.

- İdmanla məşğul olmaqdan başqa televiziya sahəsində də görürdük sizi?

- Aha, 2001-ci ildən bizi efirlərə dəvət edirdilər. Kamran Həsənlinin  verilişində çıxış edirdik tez tez. Daha sonra Space-ə elə Etibar Babayevin özü bizi dəvət etmişdi. Daha sonra Lider-də, Xəzər tv-də öz bu idmanla bağlı verilişlərimiz olub. Elə veriliş olub ki, rejissorluğunu, müəllifliyini özüm etmişəm, yəni televiziya sahəsindən anlayışım var.

- Neçə ildi federasiyaya rəhbərlik edirsiz?

- Yaranan gündən etibarən. 2011-ci ildə Ümumdünya Kapoeyra Federasiyasının birinci vitse-prezidenti təyin olundum. 2013-cü ildə isə  Azərbaycanda Sport Kapoeyra adlı yarış keçirdik. Bu, ilk dünya çempionatı idi və 50-yə yaxın ölkədən idmançılar, rəsmilər gəlmişdi. Bu yarışda 1-ci yerə braziliyalı idmançı, 2-ci yerə azərbaycanlı idmançı, 3-cü yerə isə yenidən braziliyalı idmançı sahib oldu.

Baxmayaraq ki, bu idman Braziliyada yaranıb, amma bizim gənclər güclüdürlər və  fərqlənirlər. Məsələn, onlardan Fərid Səlimov, Fərid Allahverdiyev, Elsevər Heydərov kimi gəncləri göstərmək olar. Daha sonra Alim müəllim, Elmar müəllim – bu müəllimlərin əziyyəti, zəhməti sayəsində gənclərimiz başqa ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər.

Bizə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə cənab nazir Azad Rəhimova təşəkkürümü bildirirəm.

Sonra Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasova hər zaman bizə dəstək olduqlarına görə təşəkkürümü bildirirəm.

Nərmin Kazımova
Foto: Ratmir Şərifov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri