Mar
2018
15:55
192
29
3745
Virtual karabakh

Cəfər Axundzadə: Qızıma söz vermişəm ki, siqareti atacağam – MÜSAHİBƏ

5 Mar, 2018
15:55
3745

Cəfər Axundzadə: Qızıma söz vermişəm ki, siqareti atacağam – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Report-a istinadən “Cinemazadeh” studiyasının baş direktoru Cəfər Axundzadənin müsahibəsini təqdim edir:

– Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun imzalayıb. Bu qanuna və ümumiyyətlə, tütün məhsullarından istifadənin məhdudlaşdırılmasına münasibətiniz necədir?

– Demokratik düşüncəli insan olsam da, deməliyəm, bəzi hallarda müəyyən hallara qarşı qadağa lazımdır ki, sonra bu, adət halını alsın. Özüm siqaret çəksəm də, maşında və ya evdə heç vaxt siqaret çəkmirəm. Çünki evdə qızım var.

Restorana ailəmlə gedəndə çalışıram ki, elə yerə gedim, orada siqaret çəkilməsin. Hətta bəzən olur ki, uşaqla olanda, başqasından siqaret çəkməmək üçün xahiş edəndə pis başa düşürlər. Halbuki, bu, mədəniyyətdir. Təbii ki, siqaret çəkmək çox zərərli vərdişdir. Əgər bu vərdişdən əl çəkə bilmirsənsə, heç olmasa gərək ətrafdakıları bu zərərə düçar etməyəsən. Bu da insanın öz mədəniyyətindən asılıdır.

Odur ki, siqaretin çəkilməsi ilə bağlı qoyulan qadağa alqışalayiqdir. Çünki bu, zamanla adətə çevriləcək və bir müddətdən sonra artıq qadağaya da ehtiyac qalmayacaq. Mən 12 il Moskvada yaşamışam. Orada bu qadağa çoxdan tətbiq olunur. Hətta çöldə mənfi 10 dərəcə şaxta olanda belə çıxıb bayırda siqaret çəkirdik.

Qərar veriləndə insanlar deyindilər, amma zamanla bu, adət halını aldı. Hətta sonradan qanun bir az da sərtləşdirildi. Məsələn, binanın önündə ancaq müəyyən olunmuş məsafə uzaqlığında siqaret çəkməyə icazə verilir.

– Siqaretin zərərlərini bilə-bilə siz özünüz də istifadə edirsiniz...

– Bəli, siqaretin bütün zərərlərindən xəbərdaram. Amma qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam. Hər zaman bu məsələdə mənimlə mübarizə aparan məhz qızımdır. Onun israrlarından sonra hətta siqareti az çəkirəm.

Təəssüf ki, işimə görə tam tərgidə bilmirəm. Əslində, insanların “əsəbimdən çəkirəm” deməsi boş bəhanədir. Əsəbləşən zaman saqqız çeynəmək və ya çay içmək də olar.

– “Siqaret çəkmə, film çək” müsabiqəsinin münsiflər heyətinin üzvü kimi, sizcə, hansı filmlərin çəkilməsi daha maraqlı olardı?

– Müsabiqəyə təqdim olunan bütün işləri maraqla gözləyirəm. Əvvəldən müsabiqəyə hansı formatda filmlərin olması məsələsini müzakirə edəndə hər hansı məhdudiyyətin nəzərdə tutulmamasını təklif etdim. Yəni, çərçivə olmamalıdır.

Hər kəs fikrini rəssam kimi ifadə edə bilməlidir. Əsas odur ki, mövzudan kənara çıxılmasın. Təqdim olunan işlər animasiya, film, qısa rolik, bir-iki sosial kadr da ola bilər. İstəyimiz lazım olan mesajı çatdırmaqdır. Çünki bəzən elə olur ki, insanlar üç saatlıq film çəkirlər, lakin fikrini çatdıra bilmirlər. Ancaq elə insan da var ki, beş saniyədə fikrini çatdırır.

Odur ki, qısametrajlı filmlərə daha çox maraq göstərmişəm. Burada fikri çatdırmaq çox çətin olur. Gərək həmin şəxs daha peşəkar olsun və işinə ağılla yanaşsın. Bu səbəbdən hesab edirəm ki, müsabiqə çərçivəsində maraqlı işlər görəcəyik.

– Bu günə qədər müsabiqəyə hansı maraqlı ideyaların yer aldığı layihələr təqdim olunub?

– Bəzi işlərlə tanış olmuşam. Hətta onların içərisində animasiya filmləri də izləmişəm. Düzdür, bizim mövzu ilə əlaqəsi yox idi. Bir faktı da qeyd edim ki, Azərbaycanda animasiya yox dərəcəsindədir.

Tək-tək insanlar qalıb ki, bu işlə məşğul olsun. Məsələn, tammetrajlı animasiya filminin ərsəyə gəlməsi 2-3 il çəkir. Təbii ki, bu da çox sərmayə istəyir. Bu gün filmlərin çoxu kommersiya xarakterli çəkilir. Amma, bu, belə olmamalıdır. Təbii ki, bir çox sponsorlar belə işə maraqlı olmur. Lakin motivasiya xarakterli filmlərin çəkilişi zamanı nəticədə peşəkarlar meydanda qalacaq.

Bu gün yağ, pendir, kolbasa satanlar əllərinə pul düşən kimi film çəkmək istəyirlər. Hər kəs gərək öz işini görsün. Çoxu elə bilir ki, burada pul var. Başları daşa dəyəndən sonra görürlər ki, hər şey təkcə pulla həll olunmur.

Azərbaycan kinosuna dövlət tərəfindən lazımi dəstək verilir. Amma əvəzində ortada tutarlı film görmürük. Bilirik ki, dövlət maliyyəsi ilə çəkilən film dövlətin imicinə və ya sənət üçün çəkilməlidir. Məsələn, dövlətin maliyyəsi ilə heç vaxt “Kəklikotu” filmini çəkmək olmaz. Bu, ayıb olar.

Kino nə qədər çox çəkilsə, o qədər ələnmə olacaq. Keçən il Azərbaycanda istehsal olunan kommersiya filmlərinin sayı çox idi. Amma onlardan 5-6-sı tutarlı oldu. Televiziya və kino zövqü formalaşdırmalıdır.

– Ətrafınızda kifayət qədər tanınmış sənət adamları var. Onlardan bu müsabiqənin geniş auditoriyaya çatdırılması işində kömək istəyə bilərsiniz. Hansı tanınmış simalar bu işdə uğurlu seçim ola bilər?

– Bu işdə təkcə tanınmış insanlar deyil, hər kəs həmrəy olmalıdır. Bu sahədə daha çox ziyalıların üzərinə iş düşür. Çünki onlar hər zaman nümunə olurlar. İnanıram ki, Azərbaycan əhalisi bu işin nə qədər xeyirli olduğunu bilir və bizə yardımçı olacaq.

– Ümumilikdə bu müsabiqənin töhfəsi nə olacaq?

– “Siqaret çəkmə, film çək” müsabiqəsi daha sağlam Azərbaycan gələcəyinin böyüməsinə zəmin yaradacaq.

– “Cinemazadeh” studiyasının baş direktorusunuz. Studiyanın təşəbbüsü ilə bir çox yerli filmlər çəkilir. Yaxın gələcək üçün hansı yeni layihələr icra olunacaq?

– Bizim studiya bir ildir fəaliyyət göstərir. İlk vaxtlarda dublyaj studiyası kimi professional formada kinoteatrlar üçün xarici filmləri Azərbaycan dilinə tərcümə edirdik. Əvvəl bizə heç kim inanmırdı, amma zamanla uğurlu iş ortaya qoyduq. Bu il də dublyajı dayandırmayacağıq. Qeyd edim ki, hansı ölkədə yaşasan da, hər bir Azərbaycan vətəndaşı ana dilini səlis bilməlidir.

Dublyajdan sonra film çəkmək qərarına gəldik. İlk filmimiz “Təhmin və Zaur” oldu. İkinci filmimiz “Kəklikotu” idi, çox böyük maraq doğurdu. Sözün düzü, bu qədər maraq gözləmirdik. Bu film aktyor heyətinə görə də öz sözünü dedi.

Bir film də Türkiyədə lentə aldıq. Bu ekran işi “Çat kapı aşk” adlanır. Film hazırda montajdadır. Filmdə tamamilə türk aktyorları (Müge Boz, Nergiz Kumbasar, İbrahim Selim və s.) çəkiliblər. Azərbaycandan yalnız Elməddin Cəfərov çəkilib. Çəkilişlər yayda İstanbulda baş tutub. Ümid edirəm ki, film bu ilin payız aylarında ekrana çıxacaq.

Növbəti layihəmiz olan “Qış nağılı” filminin çəkilişlərinə başlanılacaq. Bu film “Kəklikotu”ndan daha uğurlu olacaq. Düşündük ki, bu vaxta kimi Azərbaycanda kino tarixində komediya janrında yeni il gecəsi barədə filmimiz çəkilməyib.

“Qış nağılı” filmində Əbdül Mahmudov, Elməddin Cəfərov, İslam Mehrəliyev, Murad Dadaşov, Dilarə Kazımova (“Eurovision” təmsilçimiz) və başqaları rol alacaqlar.

Bundan başqa, yeni layihəmiz olan “Şairzadə”nin çəkilişlərinə start verəcəyik. Bu həftənin ikinci günü çəkiliş olacaq. İlk çəkilişdə Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirindən qısa parçanı Şamil Süleymanov təqdim edəcək.

İlk mərhələ üçün 10 Azərbaycan şairinin (Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən və s.) şeiri seçilib. Hər şeir fərqli formatda səsləndiriləcək. Hər şeir ayrı-ayrılıqdı mini film olacaq.

Aktyorlar şeirləri adət etdiyimiz formatda təqdim etməyəcəklər. Şeirlər Azərbaycan telekanalından birində və internetdə yayımlanacaq. Əgər layihə uğur gətirsə, davamı gələcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri