30 
Mar
2018
19:00
88
263
9060
Virtual karabakh

“Kəllə kəlləyə”nin yaradıcısı: Rep meyxanadan üstündür – MÜSAHİBƏ

30 Mar, 2018
19:00
9060

“Kəllə kəlləyə”nin yaradıcısı: Rep meyxanadan üstündür – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Budəfəki müsahiblərimiz “Kəllə-kəlləyə” layihəsi ilə Azərbaycan repini yenidən canlandırmağa çalışan və sosial mediada müzakirə yaradan iki gənc: reper Orxan Qarabasma və Abdul Muzzidir.

Oxu.Az onların müsahibəsini təqdim edir:

Pərviz: Əvvəlcə özünüzü təqdim edin...

Orxan: Azrepdə Orxan Qarabasma adı ilə tanınıram. 2006-cı ildən professional replə məşğul olmağa başlamışam. Ona qədər də yazırdım, ancaq tanınmırdım.

Pərviz: Orxan, bildiyim qədərilə bir çox hit mahnıların da müəllifisiniz...

Abdul: Miri Yusifin “Tərki dünya”, “Ad günü”, “Oyna” kimi mahnıları, Natavan Həbibi və digər müğənnilərin ifasında olan hitlər ona aiddir.

Pərviz: Muzzi, sizi də tanıyaq...

Abdul: 2006-cı ildən fəaliyyətə başlamışam. Orxanla bir-birimizə kömək edirdik. Sonra 2007-ci ildə “HOST” qrupu yarandı, orada icracı prodüserliyi öyrəndim. Sonra köhnə H.O.S.T-un komandasıyla yeni leybl – MadHouse yaratdıq. Onlarla uğurlu konsert və albom layihələri etdik.Daha sonra Miri Yusiflə tanış olub, onunla işləməyə başladım. 11 il işbirliyimiz oldu. Ötən ilin sonları “Kəllə-kəlləyə” proyektini yaratdıq.

Pərviz: Təklif kimdən gəldi?

Abdul: Məndə hər şey 2014-cü ildən hazır idi, Orxan da mənə dəstək verdi.

Orxan: Təklif deyəndə ki, burada qeyri-adi heç nə yoxdur. Eyni layihəni amerikanlar da edib, ruslar da... Biz də Azərbaycanda etməyə qərar verdik.

Pərviz: İndiki dövrdə daha çox bayağılığa qaçırlar, bu cür işlər uğur qazanır. Belə bir layihə həyata keçirmək özü də cəsarət tələb edir. Uğur qazanmamaq ehtimalınız da var idi...

Orxan:  Sözün açığı, bu layihəni etməkdə məqsədimiz Azərbaycan repinə olan marağı artırmaqdır. Çünki repimizin bugünkü vəziyyəti ürəkaçan deyil. İşləyənlər var, düzdür, lakin istəyirik, birləşək, daha maraqlı işlər ərsəyə gətirək.

Uğur gətirəcəyini bilmirdik. Ancaq keyfiyyətli iş gördüyümüzün fərqində idik. “Youtube” trendlərinə baxdıq, gördük ki, millətimiz daha çox intriqaya meyil edir. Fikirləşdik ki, yəqin ki, bizdə də alınacaq.

Pərviz: Bu layihə gənclərə nə verəcək?

Abdul: Yeni başlayan, hələ tanınmamış reperlər üçün özünü tanıtmağa, göstərməyə şans yaradacaq. Layihə gənclərin dünyaya baxış bucağını dəyişəcək. Reklama qoymamışıq və artıq iki yüz mindən artıq izlənmə sayı var. Ən çətini, bunu söyüşsüz etmək idi. Onu da bacardıq. Çünki qarşındakı rəqibi söyüşsüz, faktlarla, hər hansı bir yumorla aşağılamaq çox çətin bir şeydir.

Murad Dadaşov orada qeyd etdi ki, bu, Azərbaycan dilinin inkişafı üçün də çox yaxşıdır. Həm də maraqlı və əyləncəli şoudur.

Pərviz: Sizin bu layihədən qazancınız nədir?

Abdul: Qazancımız proyektin genişlənməsi və ölkəyə səs salmasıdır. Gələn qazanc orada texniki işlərə gedir. Çox şey hörmət üstündə qurulub. Layihə maraqlıdır deyə, dostlar da kömək edir.

Orxan: Sevdiyimiz işi görürük, bura qazanc mənbəyi kimi baxmırıq. Qazancı fikirləşmirik.

Pərviz: İddia edilir ki, Rusiyadakı “Versus” layihəsi ilə eynidir. Bəs oradakı kimi uğur qazana biləcəksiniz?

Orxan: Uğur qazanmaq məsələsi bir az çətindir. Çünki biz milli mentaliteti nəzərə alaraq söyüşü yığışdırmışıq. Senzura var. Rusiyaya da hər şey ABŞ-dan gəlib. Onlar oradan götürüb. Seçdikləri artistlər belə amerikalılara oxşayır.

Abdul: Bizim layihə plagiat deyil, bəhrələnməkdir. “Versus”un ilk verilişi ilə bizim proqramı qarşılaşdırsaq, ortada çox böyük fərqlər olduğu görünəcək. Onların çəkilişi başqadır. Biz çox kiçik büdcə ilə həmin görüntünü vermişiksə, bu, əslində, uğurdur.

Orxan: Bizi plagiatlıqda günahlandırırlarsa, bizdə “Yeni ulduz”, “Azəri Star” yarışmaları olub. 

Abdul: 2006-cı ildə Emin Əfəndi ilə İdris Cəfərovun “Mən də varam” proyekti olub. Onda heç Rusiya repində bu layihənin izi-tozu olmayıb. 

Orxan: Deyişməyə qalsa, bizim Molla Vəli Vidadi, Molla Pənah Vaqifin deyişmələri olub. Bu, bizə qədimdən gəlir və əslində, türklərə xas olan bir şeydir. 

Pərviz: Bizdə rep deyənlər, rep deməyə həvəsi olanlar çoxdur. Sizin layihədə elə bir süzgəc var ki, məsələn, filankəs bu layihədə iştirak edə bilməz?

Abdul: Biz hazırda “Underground”un ən yüksək səviyyəsində olan və “Underground”dan kənarda olan reperləri seçmişik. Gənc və perspektivli uşaqları seçib, əlavə çempionat təşkil edəcəyik. Onlar bu layihədə iştirak etmək üçün həmin layihədə digərlərindən fərqlənməlidirlər.

Orxan: Gənc reperlər bizə gələcəkdə qoşulacaq. Fərqli layihələr etmək istəyirik. Birinci veriliş idi deyə, başqa cür hazırlaşmışdıq. Getdikcə püxtələşəcəyik, bacardıqca daha yüksək keyfiyyətli işlər görəcəyik.

Abdul: Bir də bizdə kimdənsə pul alıb, peşəkar biri ilə “battle”a çıxarmaq mümkün deyil. “Kəllələrin kəlləsi” deyə çempionat da edəcəyik. Əsas odur, baxılır, neqativ də olsa, rəylər yazılır. Amma azdır. Bu, illər boyu belə olub, biz nəsə eləmişik, onlar bizi söyüblər.

Orxan: Layihəmiz istədiyimiz kimi nəticə versə, daha da böyütmək istəyirik. Ola bilsin, gələcəkdə müğənnilər də qarşı-qarşıya çıxsın.

Abdul: DJ-lər də, rəqqaslar, meyxanaçılar da olacaq. Proqramlarımız monoton olmayacaq. Tədbirlərə bilet satmırıq, ancaq dəvətnamə ilədir. Gender balansını qorumaq istəyirik. Birincidə olan səhvlər ikinci çəkilişdə olmayacaq.

Pərviz: Müğənnillər, rəqqaslar toya gedib pul qazanır. Reperlər isə, demək olar ki, yalnız tədbirlərlə yetinirlər. Bəs pulu haradan qazanırlar?

Orxan: Bəzi reperlərin şəxsi biznesi var, əksər reperlər də qazanmırlar, çünki rep elə səviyyəyə çatmayıb ki, gəlir əldə edək. Mənim qazancım yazdığım mahnı sözlərindəndir. Filmlərə saundterklər də yazıram. Amma çalışıram, nisbətən kommersiya tərəfindən uzaq qaçım.

Abdul: İndiki toylarda reperlərə tələbat yaranıb. Artıq qapalı mentallıq qırılmağa başlayıb. Toyların formatı dəyişib, “zurna-balaban”dan çıxırıq. Elə toylar var, klublarda, binanın başında keçir. Bir də ən azından saat 10-dan sonra toyun “diskoteka” hissəsi başlayır.

Orxan: Bir də bu mədəniyyəti orta nəsil qəbul etmir və tam anlaya bilməyib deyə, tələbat azdır. Bizim yaşda olan insanlar həmin yaşa çatanda uşaq gəlib deyəcək ki, mən toyuma filankəsi çağıracam.

Pərviz: Repin ölkəmizdə biznesə çevrilməsi mümkündür?

Orxan: Biz də elə bunun üçün çalışırıq.

Abdul: Çalışırıq ki, repi ciddi sənət kimi qəbul etdirək.

Pərviz: Bütün dünyada reperlərin öz imicləri olur. Biri qızıl sep, uzun tişörtlərdən, üzüklərdən istifadə edir. Bizdə isə qırmızı makasinlə rep deyirlər...

Orxan: Makasinlə rep deyən amerikalılar da var. Bu, əslində, normaldır. Makasin deyəndə, yəqin ki, “qaqa tipajları”nı nəzərdə tutursunuz.

Abdul: Bizdə kimsə iş görəndə, o dəqiqə başlayırlar ki, bu nədir? Amma eyni şeyi xaricilər edəndə, deyirlər ki, bombadır. 

Orxan: Ölkədə repin dirçəlməsi üçün radiolar da dəstək verməlidir.

Abdul: Təkcə 107.7 FM-də tez-tez rep səsləndirilir.

Orxan: Mən 107.7 FM-də Azərbaycan repi eşitməmişəm, yəni, biz ingilis dilindəki replərdə səslənən söyüşləri eşitməyə hazırıq, bu, bizim üçün normaldır. Hətta bu mahnılara oynayırıq da, ancaq öz replərimizi səsləndirmirik.

Abdul: Televiziyaya isə çıxmayacağıq. Açığı artıq heç kəs TV-yə baxmır deyə düşünürəm. Bizim auditoriya sosial mediadadır.

Pərviz: Televiziyada yayımlanan proqramların çoxu bayağı üslubdadır və daha tez “yeyilir”. Sizin televiziyada “yeyilmə” ehtimalınız isə azdır.

Abdul: Fikir versəniz, bizim posterlərimiz də xeyli fərqlənir. Məsələn, “Bu şəhərdə”nin baş prodüseri Müşfiq Abbasov yetərincə biliyi, dünyagörüşü olan adamdır. Ancaq gəlin “Bu şəhərdə”nin posterlərinə baxaq, çox ucuz görünür.

Kütlə onları qəbul edir. Onlar başqa bir şey istəmir. Elementar olaraq videobloqqerlərdən Əlixan Rəcəbov və Hüseyn Əzizoğlunu misal kimi göstərmək olar. Xitab etdikləri təbəqə ayrı-ayrıdır.

Pərviz: Meyxana ilə repi birləşdirən nədir?

Orxan: Replə meyxana oxşamır, təkcə asta repdən başqa. Meyxana reggi ilə yaxın ola bilər. Rep daha çətindir. Düzdür, meyxanada yerində cavab vermək lazımdır. Ancaq qafiyələri yadında saxlayanda asanlaşır.

Abdul: Meyxana deyişmə baxımından çox çətindir, sənət olaraq isə asandır. Meyxananı saxlayan deyişmədir. Heç bir meyxanaçı çıxıb tək meyxana ilə konsert verə bilməz. Bunu dəyişdirən Namiq Qaraçuxurlu oldu. Bir az “mahnılaş”dırdı.

Rəşad Dağlı heç vaxt meyxana deyərək konsert verə bilməz. Onlar da mahnı ifa etməyə çalışırlar. Həmin mahnılar da çox bayağı alınır. Sözləri çox “vəhşi”dir, lakin səslənmə bərbaddır. Onların kütləsi həmin şeyi qəbul edir.

Onlar inkişaf etmək istəmirlər. Sırf sənət baxımından baxsaq, rep meyxanadan üstündür. Amma deyişməni çıxmaq şərtilə... Çünki hər reper “freestyle” etməyi bacarmır. Edəndə isə ağıla gələnlə bərabər “ağzına gələn”i deyir. Bu zaman isə sözün keyfiyyəti ölür.

Orxan: Bizdə replə meyxananın sintezini Elşad Xose ilə Vahid Qədim edib. Onun ikisi də rep deyil, meyxanadır. Elşad reperdir, ancaq yəqin ki, ritm səslənməni başqa cür tələb edib. Bu tərzi başqa bir qol kimi yaradıb inkişaf etdirə bilərlər.

Pərviz: Xaricdə repin əsas mövzusu “Mən əylənirəm, qızlarım, pulum var, siz heç kimsiniz” sözləri ətrafında cərəyan edir. Bizdə isə reperlər “Nişanı qayıtmış qız”, “çürük” sevgi əhvalatları, sevgidən əzab çəkən “qaqa”lar, vəfasızlıq” və b. mövzulara toxunurlar. Rep, əslində, küçə sənətidir. Reperlərimiz küçədə sevgililərdən başqa heç kimi görmürlər?

Orxan: ABŞ-da da sevgi mövzusundan rep deyənlər var. Sadəcə, orada sizin dediyiniz mövzular dəbdədir deyə daha çox ön plana çıxır. Onların həyat tərzi belədir.

Bizim həyat tərzimiz budur. Reper nə görürsə, ondan yazmalıdır. Onlar da, yəqin, reallığa söykənib, bunu yazırlar.

Pərviz: Nə vaxtsa qız reperlərin “battle”ı gözlənilir?

Abdul: Hələlik üzdə olan kimisə tanımıram. Gələcəkdə çıxıb məharətini göstərəcək bir səviyyədə reper olarsa, niyə də yox?

Pərviz: Əlavə etmək istədiyiniz nəsə var?

Orxan: Ən azından bir nəfər belə proyektdən parlasa, bu, bizim üçün müvvəfəqiyyətdir. 

Abdul: Buradan hamı qazanır. Sabah gedib hər hansı bölgələrdə də bunu edə bilərik. O qədər istedadlı uşaqlar var ki, onları ortaya çıxarmaq lazımdır.

Orxan: Məsuliyyəti üstlərinə aldıqlarına və təklifimizə yox demədiklərinə görə Tibu və Ziqzaqa təşəkkür edirik. Çox sağ olsunlar. Çox MC-lər kariyeralarına zərər gələr deyə, bu işə girişmir. Amma onlar çox məsuliyyətlə ilk proqrama hazırlaşdılar.

Pərviz Hüseyn
Foto: Orxan Rəhmanlı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri