10 
Apr
2018
19:25
64
83
5496
Virtual karabakh

Mirhəsən Seyidov: Ofisimiz başqa məkana köçürülə bilər – MÜSAHİBƏ

10 Apr, 2018
19:25
5496

Mirhəsən Seyidov: Ofisimiz başqa məkana köçürülə bilər – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Karate Federasiyasının baş katibi, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun Oxu.Az-a müsahibəsi

– Mərakeşin paytaxtı Rabatda keçirilən Premyer Liqa seriyasında millimiz dörd – bir qızıl, bir gümüş və iki bürünc medal qazandı. Nəticəni necə qiymətləndirirsiniz?

– Fransada keçirilmiş ilin ilk Premyer Liqa yarışında komanda normal şəkildə hazırlıq keçmədiyindən, nəticələrimiz də qənaətbəxş alınmadı. Ancaq səhvlərdən nəticə çıxarılması, texniki və maliyyə problemlərinin aradan qalxması ilə tədricən növbəti yarışlarda nəticələrimiz də yaxşılaşdı. Rabatda keçirilmiş Premyer Liqa turniri də WKF-in mötəbər turnirlərindən biri sayılır. Bura daha güclü idmançılar qatılmışdı. Sevindirici haldır ki, ora getməzdən əvvəl bizim idmançıları Mərakeşin Azərbaycandakı səfiri öz məkanında qarşıladı. Hörmətli səfirlə çox maraqlı görüşümüz keçdi. Ümumilikdə, komandanın Mərakeşdəki nəticələrindən razıyıq. Bəzi idmançılarımızdan da daha yüksək nəticələr gözləyirdik. Onlar V-VI yerlərdə yarışı başa vurdular. Amma qeyd etdiyim kimi, bu il çıxış etdiyimiz əvvəlki dörd Premyer Liqa yarışında ən uğurlu nəticəmiz məhz bu oldu. 2018-ci ildəki karatedəki digər uğurumuz Soçidə keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında olub. Ordan federasiya tarixində ən yaxşı nəticə ilə Bakıya qayıtmışdıq.

– Qadın karateçilərimizin çıxışı uğursuz alınır. Yalnız ukraynalı legionerimiz İrina Zaretskaya beynəlxalq turnirlərdən mükafatla qayıda bilir. Tokio Olimpiadası öncəsi hansısa qadın legionerin Azərbaycanın xeyrinə milliləşdirilməsi nəzərdə tutulubmu?

– Bizdə hazırda cəmi iki legioner var. Bunlardan biri qeyd etdiyiniz İrina Zaretskayadır. O, Rabatdan gümüş medalla qayıtdı. Digər legionerimiz yeniyetmələr üzrə fevralda Avropa çempionu olmuş Polina Qurenkodur. O da 5-6 ay əvvəl milliləşdirilib. Hazırda başqa hansısa idmançını milliləşdirmək kimi planımız yoxdur. Üstünlüyü daha çox yerli idmançılara veririk. Bunların arasında İlahə Qasımova, Fəridə Abıyeva, Fəridə Əliyeva, Fidan Teymurova kimi idmançılarımız var. Abıyeva Mərakeşdəki turnirdə III yeri tutmağa yaxın olsa da, sonda V yerlə kifayətlənməli oldu. Düşünürəm ki, bu idmançılar Avropa çempionatı öncəsi daha yaxşı hazırlıq keçməklə nəticələrini yaxşılaşdıracaqlar.

– Gələn ay Serbiyanın Novı Sad şəhərindəki Avropa çempionatına tam heyətlə yola düşəcəyik?

– Komandamız Mərakeşdən bu gecə qayıdıb. Bir neçə gündən sonra millimiz Özbəkistanın paytaxtı Daşkəndə yola düşəcək. Orda on gün ərzində Özbəkistan millisi ilə birgə təlim-məşq toplanışımız olacaq. Bundan sonra Avropa çempionatına Bakıda hazırlıqlarımızı davam etdirəcəyik. Artıq bir neçə xarici federasiya da millimizlə birgə Bakıda hazırlıq keçmək istəyi ilə bizə müraciət edib. Səhhətində problemləri olanları saymasaq, Avropa çempionatına tam heyətlə yollanacağıq.

– Qitə çempionatından hansı kəmiyyətdə qızıl medalla qayıtmaq hədəfi qoyulub?

– İndi burda rəqəm söyləsəm, bu, ehtimal kimi səslənə bilər. Amma ümid edirik ki, ordakı çıxışımız yüksək səviyyədə olacaq.

– Rafael Ağayev fevralda “Karate Combat” adlı kommersiya xarakterli turnirdə iştirak etdi. Sonradan məlum oldu ki, daha üç idmançımız bu turnirdə iştirak etmək üçün həmin təşkilatla müqavilə bağlayıb. Sizin federasiyadan isə saytımıza açıqlama verildi ki, federasiya idmançıların bu turnirdə iştirakından xəbərsizdir və bu məsələ araşdırılacaq. Karateçilərlə söhbətiniz oldumu?

– Onların müqavilələri keçən ilə təsadüf edib. Həmin vaxt federasiyanın maliyyə problemləri vardı, idmançılar beynəlxalq yarışlara ancaq nazirliyin maliyyə dəstəyi hesabına yollana bilirdi. Bu üzdən idmançılarımız maddi durumlarını düzəltmək üçün belə bir qurumla anlaşma imzalamalı olublar. Ancaq bildiyiniz kimi, yanvardan etibarən qurumun maliyyə çətinlikləri arxada qalıb. İndi maaş, maliyyə problemimiz yoxdur. Bu yarış karateçilərin öz aralarında razılaşdırılmış döyüşləri əsasında keçirilir. Bundan federasiya rəhbərliyinin bilavasitə xəbəri olmayıb. Millinin heyəti Mərakeşdəki turnirdən bu gecə qayıdıb deyə, hələ onlarla söhbət etməmişik. “Karate Combat”da iştirak etmək federasiya üçün məqsədəuyğun sayılmır. Orda alınan zədələr gələcəkdə bizi Olimpiadada gözlənilən uğurdan məhrum edə bilər.

– Ola bilərmi ki, həmin təşkilatla bağlanmış müqavilələr pozulsun?

– Əlbəttə, həmin müqavilələr federasiya ilə yox, fiziki şəxslə bağlanılıb. Düşünürük ki, bu müqavilələr məqsədəuyğun deyil. Biz böyük ehtimalla, həmin anlaşmaların pozulmasına çalışacağıq. Çünki qeyd etdiyim kimi, bu, məqsədəuyğun hesab edilmir.

– Qeyd etdiyiniz kimi, yanvardan etibarən federasiyanın maliyyə durumu düzəldi. Ancaq federasiya rəsmi şəkildə sponsorunun kim olduğu barədə məlumat vermədi. Bəlkə bunu rəsmi şəkildə açıqlayasınız...

– Bunu açıqlaya bilərəm. Azərbaycanın “Smart Scoring” şirkəti bizim rəsmi sponsorumuzdur.

– Deyəsən, federasiyanın saytı da yenilənir...

– Bəli. Artıq hazırlıq işləri başa çatmaq üzrədir. Tam şəkildə yeni dizaynlı, yeni formatlı saytımız gələn ay hazır olacaq. Yeni formatlı saytda karateçilər öz dünya reytinqlərindəki yerinə baxmaq imkanı əldə edəcək.

– Sizin ofis və məşq zalınız “İnter Arena”da yerləşir. Oranı dəyişmək fikriniz varmı?

– Biz hələ ki orda icarədar kimi məskunlaşmışıq. İdman zalının dəyişdirilməsi müzakirə mövzusu olmasa da, ofisimiz başqa məkana köçürülə bilər. Bu yaxın zamanda elə “İnter Arena”nın özündə başqa bir yer olacaq.  

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri